Qarayav Rahib hazırda istehsalat sahəsində qazandığı təcrübəni bu gün gənc mütəxəssislərin yetişməsinə həsr edir. O, peşə təhsili və müasir texnologiyaların tədrisi istiqamətində fəaliyyət göstərir.
1991-ci il martın 14-də Mingəçevir şəhərində anadan olan Rahib Qarayev Mingəçevir Dövlət Universitetində informatika üzrə bakalavr, Gəncə Dövlət Aqrar Universitetində isə informasiya texnologiyaları və sistemləri mühəndisliyi üzrə magistr təhsili alıb. Səkkiz illik istehsalat təcrübəsi ərzində CNC və yarıavtomat dəzgahlarla çalışıb, mühəndis-konstruktor kimi fəaliyyət göstərib. Hazırda Bərdə Dövlət Peşə Təhsil Mərkəzində müəllim, Bərdə STEAM Mərkəzində isə koordinator kimi çalışır.
O, CNC dəzgahları, rəqəmsal istehsalat, robototexnika, proqramlaşdırma, 3D modelləşdirmə və süni intellekt istiqamətlərində tələbə və şagirdlərin bilik və bacarıqlarının inkişafına töhfə verir. Eyni zamanda, 2021-ci ildən etibarən, SAF yarışlarında müxtəlif istiqamətlər üzrə komandaların hazırlanmasında iştirakla yanaşı, beynəlxalq yarışlarda Azərbaycan komandasına mentorluq edir.
AzEdu.az peşə təhsilində istehsalat təcrübəsinin əhəmiyyəti, müasir texnologiyaların tədrisə inteqrasiyası, STEAM yanaşmasının şagirdlərin düşüncə və yaradıcılıq qabiliyyətlərinə təsiri, eləcə də gələcəyin peşələrinə hazırlıq məsələləri ilə bağlı Rahib Qarayevlə həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
-Rahib müəllim, uzun illər yarıavtomat dəzgahlarla işləmisiniz. İstehsalatdan pedaqoji fəaliyyətə keçmək qərarını necə verdiniz? Hansı məqamda biliklərinizi gələcək mütəxəssislərə öyrətməyin vacibliyini hiss etdiniz?
-Əvvəlcə ixtisasım üzrə sənaye sahəsində çalışırdım. Müxtəlif dəzgahlarda, avtomatlaşdırılmış istehsal xətlərində işləyirdim. Həmin dövrdə müəssisəyə təcrübə keçmək üçün tələbələr gəlirdi. Təxminən, iki ay ərzində onların təcrübə prosesinə rəhbərlik etdim, bilik və bacarıqlarımı bölüşdüm.Bir müddət sonra peşə məktəbinin direktoru da fəaliyyətimlə maraqlandı. Magistr dərəcəm olduğunu nəzərə alaraq, peşə təhsili müəssisəsində işləməyi təklif etdilər. Müvafiq imtahanda iştirak etdim və istehsalat təlimi ustası kimi fəaliyyətə başladım.
Daha sonra sənaye sahəsindəki iş imkanlarımı yenidən dəyərləndirdim və diqqətimi tamamilə peşə təhsilinə yönəltdim. İxtisasım üzrə müəyyən çatışmazlıqları görürdüm. İstədim ki, həm tələbələrə dərs deyim, həm də bu sahəni onlar üçün daha maraqlı edim. Hazırda avtomatika istiqaməti üzrə, xüsusilə CNC dəzgahlarının operatorluğu sahəsində tədrislə məşğul oluram. Eyni zamanda, robototexnika dərsləri də keçirəm.
-Səkkiz illik istehsalat təcrübəniz var. Bu gün tələbələrə dərs keçərkən həmin təcrübənin hansı üstünlüklərini hiss edirsiniz?
-Peşə təhsili müəssisələrində istehsalat təlimi ustası kimi çalışmaq üçün minimum beş illik istehsalat təcrübəsinin tələb olunması müsbət haldır. Çünki biz müxtəlif dəzgahlarda işləmiş, istehsalat prosesinin fərqli mərhələlərində iştirak etmişik. Hətta konstruktor kimi də fəaliyyət göstərmişəm. Bu təcrübə dərslər zamanı bizə böyük üstünlük verir.
Tələbələrə yalnız nəzəri məlumat vermir, eyni zamanda, real istehsalatdan nümunələr gətiririk. Bu da dərsləri daha maraqlı və anlaşıqlı edir. Bundan başqa, zavodlara təşkil olunan səfərlər zamanı tələbələr istehsalat prosesini yaxından görürlər. Müəllimlər də həmin mühitdə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanırlar. Tələbələr üçün isə öyrəndiklərinin real iş prosesində necə tətbiq olunduğunu görmək xüsusi əhəmiyyət daşıyır.
-CNC dəzgahlarının proqramlaşdırılması kifayət qədər spesifik sahədir. Bu ixtisasa yiyələnən gənclərin gələcəkdə əmək bazarında rəqabətqabiliyyətli olması üçün hansı bacarıqlara sahib olması vacibdir?
-İlk növbədə, düşünürəm ki, CNC dəzgahları müasir texnologiyaların əsas istiqamətlərindən biridir. Əvvəllər hər hansı bir layihənin icrası uzun illər tələb edirdisə, bu gün avtomatlaşdırılmış dəzgahların köməyi ilə həmin prosesi daha qısa müddətdə həyata keçirmək mümkündür.Bu sahədə uğur qazanmaq istəyən tələbələr kompüter biliklərinə yiyələnməli, dizayn prosesini yaxşı mənimsəməli, daha sonra isə dəzgahların proqramlaşdırılmasını öyrənməlidirlər.Burada CAD və CAM texnologiyaları xüsusi əhəmiyyət daşıyır. CAD kompüter dəstəkli dizayn, CAM isə kompüter dəstəkli istehsal prosesidir.
Tələbələr əvvəlcə kompüter vasitəsilə müəyyən fiqur və ya məhsulun dizaynını hazırlayır, daha sonra həmin dizaynı dəzgahın başa düşəcəyi kodlara və əmrlərə çevirirlər. Çünki dəzgahlar bizim danışdığımız dili və ya göstərdiyimiz şəkilləri başa düşmür. Onlara konkret əmrlər vermək lazımdır. Beləliklə, tələbələr məktəbdə öyrəndikləri alqoritmik düşüncəni real istehsalat prosesində tətbiq edirlər. Bu baxımdan CNC operatorluğu gələcək üçün perspektivli ixtisaslardan biridir.
-Azərbaycanda peşə təhsilinə münasibətin daha da müsbət istiqamətdə dəyişməsi üçün gənclər arasında bu sahənin cəlbediciliyini necə artırmaq olar?
-Məncə, burada əsas məsələ nəzəri biliklərlə praktiki məşğələlər arasında düzgün balansın qurulmasıdır. Tələbələrin yalnız nəzəri dərslərlə kifayətlənməsi düzgün deyil. Onlar öyrəndiklərini praktikada tətbiq etməlidirlər.
Peşə təhsilinin üstünlüklərindən biri də məhz budur. Dərslərlə yanaşı, istehsalat təlimləri, təcrübə proqramları və şirkətlərlə əməkdaşlıqlar həyata keçirilir.
Tələbələr təhsil aldıqları müddətdə işləyərək öyrənirlər. Elə tələbələrimiz var ki, nəzəri dərslərə o qədər də maraq göstərməsələr də, praktiki məşğələlərdə çox yaxşı nəticələr əldə edirlər. Bəzən praktikada göstərdikləri bacarıqlar nəzəriyyəyə daha çox üstünlük verən tələbələrdən də yüksək olur. Bu da peşə təhsilinin hər bir gəncin fərdi bacarıqlarını üzə çıxarmaq baxımından əhəmiyyətini göstərir.
-Bərdə STEAM Mərkəzində robototexnika, süni intellekt, 3D modelləşdirmə və digər istiqamətlər üzrə fəaliyyət göstərmisiniz. Bu texnologiyalarla ilk dəfə tanış olan şagirdlərdə marağı necə oyadırdınız?
-İlk növbədə, uşaqlara öyrəndikləri texnologiyaların bir-biri ilə əlaqəsini izah edirdik. Məsələn, proqramlaşdırma və ya 3D dizaynı öyrədərkən onların hansı məqsədlə istifadə olunduğunu, real layihələrdə necə tətbiq edildiyini göstərirdik. Marağı artıran əsas amillərdən biri də yarışlara hazırlaşmaq və layihələr üzərində işləməkdir. Uşaqlar əvvəlcə öz layihələrinin dizaynını hazırlayır, daha sonra onu kodlaşdırırlar.
Bu prosesdə ayrı-ayrı sahələr üzrə qazandıqları bilikləri birləşdirirlər. Komanda şəklində işləmək də onlar üçün maraqlı olur. Belə fəaliyyət nəticəsində uşaqların ünsiyyət bacarıqları, liderlik keyfiyyətləri və komanda ilə işləmək vərdişləri inkişaf edir. Bunlar gələcəkdə hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, onlara lazım olacaq bacarıqlardır.
-Robototexnika ilə məşğul olan tələbələrin qarşısına bəzən mürəkkəb texniki problemlər çıxır. Elə hallar olurmu ki, onların tapdığı həll yolu sizi də təəccübləndirsin?
-Əlbəttə. Bəzi tələbələrimiz artıq ilk tədris ilindən etibarən müəyyən istiqamətlər üzrə yarışlara hazırlaşmağa başlayıblar. Zaman keçdikcə elə səviyyəyə çatıblar ki, qarşılarına qoyduqları tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilirlər. Təsəvvür edin, tələbələrimiz bir robotu düzgün işlətmək üçün bəlkə də 30 dəfə söküb-yığıblar.
Hər dəfə qarşılaşdıqları problemi araşdırıb, müəyyən düzəlişlər edərək nəticəyə nail olublar. Bu proses onların həm texniki biliklərini, həm də problem həll etmək bacarıqlarını inkişaf etdirib. Hətta dron sahəsi üzrə tədris alan tələbələrimizdən biri hərbi xidmətə yollandıqdan sonra orada da məhz bu istiqamət üzrə yönləndirilib. Hazırda gələcəkdə həmin sahədə fəaliyyətini davam etdirmək istəyir. Bu, öyrəndikləri biliklərin real həyatda tətbiq olunmasının yaxşı nümunəsidir.
-STEAM təhsilində əsas məqsəd şagirdə hazır məlumat vermək deyil, onun özünün düşünərək nəticəyə gəlməsinə şərait yaratmaqdır. Sizcə, bu model ənənəvi təhsil yanaşması ilə müqayisədə şagirdlərin düşüncə tərzində hansı dəyişiklikləri yaradır?
-Məncə, STEAM təhsilinin əsas üstünlüklərindən biri şagirdlərin müstəqil düşünmək və komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirməsidir. Müşahidələrimə əsasən, STEAM fəaliyyətlərinə bir neçə il əvvəl başlayan şagirdlərdə ciddi irəliləyiş görmək mümkündür. Onların danışıq və ünsiyyət bacarıqları artır, fikirlərini daha rahat ifadə edirlər.
Məsələn, yarışlarda və komanda işlərində müəyyən məqsəd qarşılarına qoyulur və onlar həmin məqsədə çatmaq üçün birlikdə çalışırlar. Bir-birlərinə suallar verir, fikir mübadiləsi aparır, qarşılaşdıqları problemlərə həll yolları axtarırlar. Bu təcrübə gələcəkdə müsahibələrdə, imtahanlarda və iş həyatında da onlara kömək edir. Çünki müasir əmək bazarında yalnız ixtisas bilikləri deyil, fikrini ifadə etmək, müstəqil qərar vermək və komanda ilə işləmək bacarıqları da mühüm əhəmiyyət daşıyır.
-Hazırda süni intellekt təhsildən istehsalata qədər müxtəlif sahələrdə ciddi dəyişikliklər yaradır. Sizcə, gələcəkdə hansı peşələr transformasiyaya uğrayacaq və indiki şagirdlər bu dəyişikliklərə necə hazırlaşmalıdırlar?
-Hazırda biz öz fəaliyyətimizdə də süni intellektdən istifadə edirik. Bu texnologiya uşaqların işini müəyyən qədər asanlaşdırır. Lakin burada vacib məqam süni intellektdən düzgün istifadə etməyi bacarmaqdır. Elə tələbələrimiz var ki, süni intellektə düzgün tapşırıq vermədikləri üçün istədikləri nəticəni əldə edə bilmirlər. Biz çalışırıq ki, tələbələr robototexnika ilə süni intellekti əlaqələndirməyi öyrənsinlər.
Çünki gələcəkdə bu texnologiyaların müxtəlif sahələrdə tətbiqi daha da genişlənəcək. Məsələn, CNC dəzgahlarının proqramlaşdırılması və istehsalat proseslərinin idarə olunmasında da süni intellektdən istifadə imkanları var.Tələbələrimiz ötən il Antalyada keçirilən yarışda da süni intellekti robot üzərində tətbiq etmişdilər. Bu, onların nəzəri bilikləri real texnologiyalarla birləşdirə bildiklərini göstərir.
Başqa bir nümunə də var: Zəfər Gününə həsr olunan layihələrdən biri çərçivəsində tələbələrimiz maket hazırlamaq qərarına gəlmişdilər. Vaxt məhdud olduğundan maketin ilkin modelini süni intellekt vasitəsilə hazırladılar. Lakin həmin modelin kodlaşdırılması və praktiki tətbiqi tələbələrin özləri tərəfindən həyata keçirildi. Yəni, süni intellektdən köməkçi vasitə kimi istifadə etdilər, əsas işi isə öz bilik və bacarıqları ilə tamamladılar.
-Türkiyədə ixtisasartırma proqramında iştirak etmisiniz. Azərbaycan və Türkiyənin peşə təhsili modelləri arasında diqqətinizi çəkən hansı məqamlar oldu?
-Türkiyədə diqqətimi çəkən əsas məqamlardan biri yüksək texniki peşə təhsilinə verilən önəm oldu. Mənə elə gəldi ki, Azərbaycandakı yüksək texniki peşə təhsili modeli bu baxımdan Türkiyənin peşə təhsili sisteminə yaxındır.Orada şagirdlərin əvvəlcə peşə təhsili alması, daha sonra universitetdə təhsillərini davam etdirməsi diqqətimi çəkdi.
Azərbaycanda da yüksək texniki peşə təhsili çərçivəsində belə bir imkan mövcuddur. Bu modelin üstünlüyü ondan ibarətdir ki, tələbə universitetə daxil olarkən artıq müəyyən ixtisas bilikləri və praktiki bacarıqlara sahib olur. Beləliklə, ali təhsil müddətində həm ümumi fənləri, həm də ixtisasını daha dərindən öyrənmək imkanı qazanır.
-Təsəvvür edin ki, qarşınızda texnologiyaya böyük marağı olan, lakin bu sahədə heç bir biliyi olmayan şagird dayanıb. Onun gələcəyin mühəndisi və ya proqramçısı olması üçün ilk növbədə nədən başlamasını tövsiyə edərdiniz?
-İlk növbədə, onun hansı sahəyə daha çox maraq göstərdiyini öyrənərdim. Çünki hər bir şagirdin maraq dairəsi və bacarıqları fərqlidir. Daha sonra həmin istiqamət üzrə ona praktiki nümunələr göstərərdim. Əvvəlcə müəyyən nəzəri biliklərə yiyələnməli, kodlaşdırmanı öyrənməli, daha sonra isə bunları praktikada tətbiq etməlidir. Şagird öz ideyasını real məhsula və ya işlək layihəyə çevirdiyini görəndə daha da həvəslənir.
Düşünürəm ki, insanın öz fikrində canlandırdığı bir layihəni gerçəkliyə çevirməsi bu sahəyə marağını artıran ən mühüm amillərdən biridir. Bundan əlavə, müəssisələrə səfərlər və real istehsalat prosesləri ilə tanışlıq da vacibdir. Şagird öyrəndiyi bilikləri gələcəkdə iş həyatında tətbiq edə biləcəyini gördükdə həmin ixtisasa daha ciddi yanaşır.
-Müasir texnologiyalar sürətlə inkişaf edir və dəyişir. Müəllim özü daim öyrənməsə, öz üzərində işləməsə, şagirdlərinə gələcəyin biliklərini necə ötürə bilər?
-Mənə elə gəlir ki, müəllimin öz üzərində işləməməsi və yeniliklərə açıq olmaması qeyri-peşəkar yanaşmadır. Çünki zamanın tələbi daim öyrənməkdir. Məsələn, əvvəllər ənənəvi torna dəzgahları ilə işləyirdiksə, indi CNC torna dəzgahları mövcuddur. Müəllim də bu dəyişiklikləri izləməli, yeni texnologiyaları öyrənməli və biliklərini daim yeniləməlidir.Şagirdlərə müasir biliklər ötürmək üçün müəllimin özü də müasir texnologiyalara bələd olmalıdır. Ən əsası, yeni öyrənməyə və dəyişikliklərə açıq olmalıdır.
-Bir vaxtlar özünüz dəzgah arxasında dayanaraq istehsalat prosesini idarə edirdiniz. Bu gün isə gənclərə həmin texnologiyaları öyrədirsiniz. Heç tələbələrinizdən birinin gələcəkdə sizdən daha peşəkar mütəxəssis olacağını düşündüyünüz an olubmu?
-Bəli, təbii ki, belə hallar olub. Onlar bizim davamçılarımızdır və gələcəkdə bu texnologiyaları daha da inkişaf etdirəcəklərinə inanıram. Bu gün öyrəndiklərimizdən daha müasir texnologiyalarla işləmələri də mümkündür.
Məsələn, tələbələrimizdən biri hazırda mebel sahəsində CNC dəzgahları ilə işləyir. O, qapı dizaynı ilə bağlı maraqlı bir ideya irəli sürmüşdü. Həmin dizayn əsasında hazırlanan məhsuldan 870-dən çox satış həyata keçirildiyini bildirmişdi.
Mən ona CNC dəzgahları üzrə müxtəlif biliklər öyrətmişəm. Lakin artıq görürəm ki, həmin tələbə bu sahədə özünü daha da inkişaf etdirib və müəyyən istiqamətlərdə məndən daha geniş imkanlara sahibdir. Müəllim üçün bundan böyük sevinc yoxdur. Çünki məqsədimiz yalnız bilik öyrətmək deyil, həm də bizdən daha peşəkar mütəxəssislərin yetişməsinə şərait yaratmaqdır.