Müəllimlik və döyüşçülük... İlk baxışdan bir-birindən fərqli görünən bu iki peşəni birləşdirən ortaq məqam Vətənə xidmət amalidir. Biri sinif otağında gələcəyin vətəndaşlarını yetişdirir, digəri isə həmin gələcəyin təhlükəsizliyi uğrunda mübarizə aparır.
Aprel döyüşlərində könüllü iştirak edən, 2020-ci ildə Vətən müharibəsi zamanı Murovdağ, Füzuli və Şuşa istiqamətlərində döyüş yolu keçən İbrahimov Əmirqulu Sadiq oğlu bu gün ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirir. O, döyüş meydanında qazandığı təcrübəni, müharibənin ağır anlarını və müəllimlik fəaliyyətində vətənpərvərlik dəyərlərinə verdiyi önəmi AzEdu.az-la bölüşüb.
Müsahibəni təqdim edirik:
- İbtidai sinif müəllimi kimi fəaliyyət göstərirsiniz. Kiçik yaşlı şagirdlərlə işləməyin məsuliyyəti və çətinlikləri nədən ibarətdir?

- Müəllimlik peşəsini seçməyim babamın və özümün istəyi ilə bağlı olub. Kiçik yaşlı şagirdlərlə işləmək olduqca məsuliyyətlidir. Çünki onlar məktəb həyatına yeni addım atırlar. İlk aylarda uşaqlara yazmağı və oxumağı öyrətmək bəzən, demək olar ki, mümkünsüz görünür. Lakin aylar keçdikcə onların hər hansı bir hərfi, hecanı oxumağa başladığını görmək müəllimi böyük sevinc hissinə qərq edir.
Çətinliklər isə daim müşahidə olunur. Birinci sinifdə əsasən “p-q”, “ı-l”, “b-d” hərflərinin fərqləndirilməsində problemlər yaranır. Bir sözlə, ibtidai sinif müəllimliyi kifayət qədər çətin və böyük məsuliyyət tələb edən peşədir.
- Sizcə, müəllim şagirdə yalnız bilik verməli, yoxsa onun vətəndaş kimi formalaşmasında da xüsusi rol oynamalıdır?
- Bilik vermək şərtdir. Amma Vətənini sevən, vətənpərvər ruhda böyüyən şagird hər bir millətə və dövlətə lazımdır. Çox sevinirəm ki, bizim şagirdlər vətənpərvərdirlər.
- Aprel döyüşlərində könüllü iştirak etmisiniz. Həmin vaxt cəbhəyə yollanmaq qərarını necə verdiniz?

- Aprel döyüşləri zamanı təlimlərdə iştirak etmişik. Daha sonra ordumuzun qazandığı qələbəni Vətən müharibəsində davam etdirdik.
- 2020-ci ildə Vətən müharibəsi başlayanda ilk reaksiyanız necə oldu? Yenidən döyüşlərə qatılmaq qərarını nə zaman verdiniz?

- Çox sevincli halda yarımçıq qalan qisasımızı almağa yollandım. 2020-ci il sentyabrın 21-də artıq hazır olduğumuz üçün bizə gələn zəngdən sonra birbaşa döyüş meydanına yollandıq.
- Aprel döyüşlərində qazandığınız təcrübə Vətən müharibəsində sizə necə kömək etdi?
- Aprel döyüşlərində bizə öyrədilən bilik və bacarıqları döyüş meydanında tətbiq etdik.
- Vətən müharibəsi zamanı hansı istiqamətlərdə döyüşmüsünüz?

- Vətən müharibəsi zamanı Murovdağ, Füzuli və Şuşa istiqamətlərində döyüşmüşük. Prezident İlham Əliyevin əmrinə əsasən Füzulinin və Şuşanın azad olunmasında iştirak etmişəm. Eyni zamanda, Kəlbəcərin müdafiəsində də xidmət göstərmişəm. Vətən uğrunda göstərdiyim xidmətlərə görə müvafiq medallarla təltif olunmuşam.
- Müharibənin ən ağır və unudulmaz anı hansı olub? Həmin çətin anlarda sizi ruhlandıran nə idi?

- Müharibənin ən ağır günü oktyabrın 25-dən 26-na keçən gecə olub. Həmin çətin anlarda şəhid yoldaşlarımızın qisasını almaq bizə sanki ilahi bir güc verirdi.
- Döyüş yoldaşlarınız arasında müəllim olduğunuzu bilənlər var idi? Onların buna münasibəti necə idi?
- Bəli, döyüş yoldaşlarım müəllim olduğumu biləndə çox sevinirdilər. Onlar mənə deyirdilər ki, düşməndən torpaqlarımızı azad etmək uğrunda keçdiyimiz sevincli və əziyyətli yolları şagirdlərimə necə danışacağam.
- Müharibə təcrübəsi həyata, insanlara və gələcəyə baxışınızı necə dəyişdi?

- Müharibə təcrübəsi bir daha sübut etdi ki, həyatda özünün və sevdiklərinin yaşamasını istəyirsənsə, öncə Vətən!