İngilis dili dərslikləri hər il yenilənsə və onlara əlavələr edilsə də, məzmun və tərtibatla bağlı müzakirələr hələ də davam edir.
Valideynlər və müəllimlər dərsliklərin müxtəlif çatışmazlıqlarına diqqət çəkir, onların daha anlaşıqlı və şagirdlər üçün cəlbedici olması ilə bağlı təkliflər irəli sürürlər.
Maraqlıdır, mövcud dərsliklərin əsas çatışmazlıqları nələrdir? Dərsliklərin vizual tərtibatı və üz qabığı dizaynı nə dərəcədə uğurludur? Bu sahədə hansı dəyişikliklərə ehtiyac var?
“AzEdu.az”a mövzu ilə bağlı danışan “İlin gənc müəllimi”, İngilis dili müəllimi, Gülnaz Abbaslı qeyd edib ki, ibtidai siniflərdən başlayaraq dərsliklər elə formalaşmalıdır ki, şagird eşitsin, danışsın və bu danışıq üzərində qrammatik quruluşları qəbul etsin:

“Hər bir dərslik ayrı-ayrılıqda yaxşıdır, maraqlı və öyrədici görünür. Amma toplu şəkildə baxanda bu dərsliklər və siniflər arasında məntiqi ardıcıllıq çox vaxt olmur. Təxminən 8 ildən çoxdur ki, Cambridge nəşrləri ilə çalışıram; şagirdlərimə və tələbələrimə ingilis dilini Cambridge üsulu ilə tədris edirəm. O qədər gözəl nəticələr alıram ki, onlar həqiqətən sərbəst danışır və özlərini sərbəst ifadə edirlər.
Cambridge dərsliklərində tədrisi necə qururduq? Eyni kitab daxilində dinləmə (listening), danışıq (speaking), oxu (reading), yazı (writing) və qrammatika bacarıqlarını bərabər şəkildə inkişaf etdirir, üstünlüyü isə danışığa verirdik. Çünki insan qulaq asaraq və danışaraq dili daha çox təkmilləşdirir və inkişaf etdirir. Dili danışaraq öyrənən uşaqlar üçün imtahan sualları su içimi kimi asan gəlir. Onların ayrıca düşünməsinə və ya qrammatik qaydaları xüsusi olaraq yada salmasına ehtiyac qalmır.
Dil elə bir vasitədir ki, biz bunu danışaraq öyrənməliyik. Öz ana dilimizi götürək: Azərbaycan dilini necə öyrənirik? Məktəbə gedəndə qrammatika keçməyə başlayırıq, amma dil açan kimi artıq sərbəst danışmağa və ünsiyyət qurmağa qadir oluruq. Ya da Rusiyada yaşayan biri dil açandan sonra sərbəst rusca danışmağa başlayır. Deməli, dil birinci qulaq asmaqla və danışmaqla başlayır.
Biz də dərsliklərimizdə buna köklənməliyik. İbtidai siniflərdən başlayaraq dərsliklər elə formalaşmalıdır ki, şagird eşitsin, danışsın və bu danışıq üzərində qrammatik quruluşları qəbul etsin. Beyin daha sonra oxu və yazıya keçəndə cümləyə baxan kimi onu başa düşsün və hansısa qrammatik qaydanı əzbərləməyə ehtiyac qalmasın. Həmişə düşünmüşəm ki, qrammatik qayda əzbərlənməməlidir. Oxunub “burada was, burada is, burada are olmalıdır” deyə əzbər öyrənilməməlidir. Şagird bunu beynində dərk etməli, qayda onun dilinə yatmalıdır. Cümlədə nəyi işlədəcəyini beynində qavramalı və bu, onun dilindən avtomatik çıxmalıdır.
Bunun üçün də əsas məsələ dinləmə və danışıq bacarıqlarına üstünlük verilməsidir. Xüsusilə dilin öyrənilməyə başladığı ilk illərdə şagird bunları şifahi və dinləyərək dərk etməli, daha sonra qrammatika yüklü dərslərə keçməlidir. Bu şəkildə daha uğurlu olacağımıza inanıram”.
Əvvəlki dərsliklərimizə nəzər salsaq, daha çox qrammatika yüklü idi:
“Son illərdəki yeni kitablarda isə dinləmə və yazı tapşırıqlarını tədricən artırdılar ki, bununla razılaşıram. Hazırda 5, 6 və 7-ci sinif dərsliklərimiz çox gözəldir; Cambridge nəşri olduğu üçün çox yaxşı tərtib olunublar. Kitabın içərisində bizə lazım olan hər şey - qrammatika, sözlər, cümlələr, danışıq, oxu və yazı var. 5-ci sinifdən sonra 6-cı sinifdə keçilənlər möhkəmləndirilir, 7-ci sinifdə isə yenidən möhkəmləndirmə aparılaraq yeni biliklər öyrədilir. Bu sistem çox uğurludur və inanıram ki, 5, 6 və 7-ci sinif kitabları çox böyük nəticə verəcək.
Növbəti ildə artıq 8-ci sinif dərslikləri gələcək, daha sonra proqram 9, 10 və 11-ci siniflər üzrə bu formada inkişaf edəcək. İnanıram ki, hazırkı 5, 6 və 7-ci sinif dərslikləri uğurlu davam edə bilər. Amma digər dərslikləri öz adıma uğurlu hesab etmirəm. Məsələn, əvvəlki dərsliklərin 5, 6 və 7-ci sinifləri və onlardan sonra gələn 8, 9, 10 və 11-ci siniflər uğursuz idi, çünki aralarında məntiqi zəncir yox idi. 5-ci sinifdə keçilən qayda elə 5-də də qalırdı, 6-cı sinifdə ona lazımi dərəcədə qayıdılmırdı.
İndi istifadə olunan 5, 6 və 7-ci sinif Cambridge dərsliklərində isə ardıcıllıq qorunub. Məsələn, 5-ci sinifdə keçilən demək olar ki, hər bir mövzunu 6-cı sinifdə təkrar-təkrar veriblər; 7-ci sinifdə də 5 və 6-cı sinifdəkilər təkrarlanır. Təbii ki, yeni mövzular da var, amma dərslik əvvəlki illərdə keçilənləri çox gözəl formada möhkəmləndirir və təkrarladır. Dilin möhkəmlənməsində bu yanaşma çox vacibdir.
Çünki insan bir qaydanı həm 5-ci, həm də 10-cu sinifdə eyni şəkildə keçə bilməz. Biz 5-ci sinifdə mövzunu sadə formada keçirik, 6-cı sinifdə onu bir az mürəkkəbləşdiririk, 7-ci sinifdə isə daha da dərinləşdiririk. Dilin möhkəmlənməsi və tədrisin uğurlu alınması üçün proses bu formada getməlidir. Amma əvvəlki dərsliklərimizdə belə deyildi. Tutaq ki, 7-ci sinifdə keçmiş sadə və keçmiş davam edici zamanları keçdik, mövzu elə 7-ci sinifdə də qaldı. 8-ci sinifdə Present Perfect keçdik, o da qaldı 8-də. 9-cu sinifdə isə tamam başqa mövzuya keçdik. Mövzular arasında nə zəncir, nə də uyğunluq var idi.
Axı, dilin möhkəmlənməsi üçün ardıcıllıq lazımdır. Şagirdin 7-ci sinifdə öyrəndiyi elə orada qalırsa, bunu nə vaxt təkrarlayacaq? Biz proqramımıza və tədris planımıza əsasən dərsimizi keçirik; planı pozub hər dəfə 5-ci sinif mövzusuna təzədən qayıda bilmərik. Gərək proqramda və planda olsun ki, müəllim də o mövzuya yenidən qayıda bilsin. Əvvəlki nəşr dərsliklərdə bu zəncir yox idi və bu, yolverilməz idi. Çünki zəncir qırılırsa, orada inkişafdan söhbət gedə bilməz. İnkişaf zəncirvari şəkildə getməlidir”.
Hazırda istifadə olunan 5, 6 və 7-ci sinif dərslikləri mənim çox xoşuma gəlir:
“Hər sinifdə yeni səviyyəli sözlər və zəngin lüğət tərkibi öyrədilir. Şagirdlər tədricən daha yuxarı səviyyəli sözlər mənimsəyirlər, baza artdıqca paralel olaraq qrammatika da möhkəmlənir - həm 5-də, həm 6-da, həm də 7-ci sinifdə.
Bunu mən çox bəyənirəm, amma çətinliyimiz yenə ibtidai sinifdən 5-ci sinfə keçiddə ortaya çıxır. İbtidai sinif dərsliklərimiz elə tərtib olunub ki, uşaqlara demək olar ki, lazımi bazanı verə bilmir. Əlbəttə, kitabı keçirik, öyrədirik, amma format elə qurulub ki, uşaqların bacarıqlarını bərabər şəkildə inkişaf etdirmir.
Mənim fikrimcə, 1-ci sinifdə dərslər ancaq dinləmə (listening) və danışıqdan (speaking) ibarət olmalıdır. Amma 2, 3 və 4-cü siniflərdə müəyyən dərəcədə qrammatika da verilməli idi. Danışıq, yazı (writing) və oxu (reading) bacarıqları nizamlı şəkildə təqdim olunmalı idi ki, 5, 6 və 7-ci siniflərdə olduğu kimi (bu bacarıqlar ayrıca və çox gözəl verilib), uşaq 4-cü sinifdən 5-ci sinfə keçəndə çətinlik çəkməsin. Bizim 4-cü sinifdən çıxıb 5-ci sinfə gələn şagirdlərimiz hədsiz dərəcədə böyük çətinliklə üzləşirlər.
Bu uşaqlar həqiqətən çox əziyyət çəkirlər. Lazım gələrsə, 4-cü sinfə qədər olan dərsliklərdən nümunələri də sizə göndərərəm. Material necə qurulub? Sözlər (vocabulary), qrammatika, mahnılar verilir. Bunların olmasına etiraz etmirəm, hər şey yaxşıdır. Amma qrammatikanı möhkəmlətmək üçün lazımi tapşırıqlar verilmir. Şagird ilk 4 ildə qrammatikanı necə möhkəmlətsin? Bir-iki balaca, yüngül tapşırıqla qrammatika möhkəmlənə bilməz.
Qrammatika ayrıca dərs kimi tədris olunmalı idi ki, bu gün məhz bu qrammatik qaydanı öyrənirik və bunun üzərində işləyirik deyə bilək. Kitabda oxu (reading) mətni verilir və qrammatika onun içinə salınır. Mən oxu üzərində işlədiyim halda, qrammatikanı da onunla bərabər mənimsətməyə məcbur oluramsa, burada çətinlik yaranır. Çünki şagird eyni anda iki fərqli bacarığı paralel olaraq eyni dərəcədə inkişaf etdirə bilməz, çətinlik çəkər. Həm oxunu, həm danışığı, həm də eyni zamanda qrammatikanı çatdırmaq ağır olur. 5-ci sinif dərsliklərində olduğu kimi, bu bacarıqlar ibtidai siniflərdə də ayrı-ayrı təqdim olunsaydı, çox yaxşı olardı. İbtidai sinif dərsliklərimiz şagirdlərə çox aşağı, zəif səviyyədə bilik verir. 4-cü sinfi bitirib 5-ci sinfə gələn şagird çətinlik içində qalır və bu, onun inkişafına mane olur”.
İbtidai sinif dərsliklərinə də yenidən nəzər yetirilməlidir:
“Mən əvvəllər həmişə ibtidai siniflərdə dərslərin həftədə bir dəfə olmasından şikayətlənirdim. Biz ən çox ibtidai sinifdə dərs keçməliyik ki, uşaq beyni hələ təmizkən dili asanlıqla qavrasın və mənimsəsin. Hazırda 1 və 2-ci siniflərdə dərs saatlarını artırıblar, həftədə iki dəfə olub, bu, çox gözəldir. Çünki uşaqlar artıq ingilis dili ilə daha çox məşğul olacaq və inkişafa meyilli olacaqlar. Amma 3 və 4-cü siniflərdə hələ də həftədə bir dəfədir. Yəqin ki, növbəti illərdə 3 və 4-cü siniflərə də bunu tətbiq edəcəklər. Həmişə şikayətlənirdim ki, ibtidai sinifdə niyə 1 saatdır? Bu ildən 1 və 2-ci siniflərdə 2 saat olması əla qərardır. 1 saatlıq dərs çox az idi.
Dərslikdə oxu, yazı, dinləmə və danışıq (reading, writing, listening, speaking) bacarıqlarının hər birinə ayrı-ayrı bölmələr ayrılır və hamısı ayrıca keçirilir. Hər bir bacarıq üçün bir-iki səhifə ayrılıb. Təsəvvür edin, 4-cü sinfi bitirib gələn şagird 5-ci sinif dərsliyində necə böyük çətinlik çəkir? Çünki 4-cü sinfə qədər uşaqlar, deyim olar ki, sadəcə oynayıblar; dərslik ancaq şəkillərdən və musiqilərdən ibarət olub. Bəli, ilk illərdə dinləmə və danışığın üstünlük təşkil etməsini mən də dəstəkləyirəm. Amma uşağın inkişaf edə bilməsi üçün cümlə quruluşları və qrammatika tapşırıqları da ayrı-ayrı bölmələr şəklində verilməlidir.
Düşünürəm ki, ilk növbədə ibtidai sinif dərsliklərimiz dəyişməlidir. Hər bir sinifdə, hər bir yaş qrupuna uyğun material elə təşkil olunmalıdır ki, şagirdlər 5-ci sinifdə həmin Cambridge nəşrini açanda artıq müəyyən bazaya sahib olsunlar. Səviyyələri 5-ci sinif kitabındakı səviyyə ilə eyni olmasa da, heç olmasa yaxın olsun. Proqramda verilib ki, ibtidai sinifdə də Present Simple, Present Continuous öyrədilir. Amma elə tədris olunur ki, uşağın yadında nə qrammatika, nə də cümlə strukturu kimi qalmır; həqiqətən çox aşağı səviyyədə öyrədilir. Ona görə də 5-ci sinfə keçəndə çətinlik çəkirlər.
Ümumilikdə isə yeni 5, 6 və 7-ci sinif dərslikləri çox yaxşıdır və razı qalıram. Ümid edirəm ki, növbəti ildən 8, daha sonra isə 9, 10 və 11-ci sinif dərslikləri də dəyişəcək və yaxşı olacaq. Köhnə nəşr dərsliklərdən razı deyildim, amma yeni başlayan bu dərsliklər həqiqətən çox uğurludur”.