Azedu.az

PMİ-də “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib

AzEdu Təhsil Platforması

6 Noyabr 2026, 18:03
PMİ-də “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib

6 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tabeliyində Polimer Materialları İnstitutunda (PMİ) 8 noyabr-Zəfər Gününün altıncı ildönümü münasibəti ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Bu barədə AzEdu.az-a Polimer Materialları İnstitutundan məlumat verilib. 

PMİ-nin direktoru vəzifəsini icra edən texnika elmləri doktoru, professor Fariz Əmirli açılış nitqi ilə çıxış edərək Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən, milli birliyimizin və həmrəyliyimizin gücündən bəhs edib. Şəhid ailələrinə və qazilərə ehtiram ifadə olunub. Sonra şəhid valideynlərinin çıxışları
dinlənilib. Onlara təşəkkür bildirilib, qəhrəman övladlarının əziz xatirəsi ehtiramla yad olunub. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirin fəxri qonağı, polkovnik Etibar Əhmədov çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və zəfərə aparan şərəfli yolundan danışıb. İnstitutun Təchizat və xidmət şöbəsinin mühəndisi, ehtiyatda olan mayor Vaqif İbrahimov və iş icraçısı, ehtiyatda olan mayor Şəmsəddin Hüseynov çıxış edərək Vətənə xidmətin müqəddəsliyindən, hərbi vətənpərlik dəyərlərinin əhəmiyyətindən və Zəfər tariximizin unudulmamasının vacibliyindən bəhs ediblər.

Əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək, qazilərimizin qəhrəmanlığını ehtiramla anmaq, Vətən müharibəsi iştirakçılarının şücaətini diqqətə çatdırmaq və gənc nəslə vətənpərvərlik dəyərlərini aşılamaq olan tədbir Şəhid Bulağı və Şəhidlər xiyabanına ziyarətlə yekunlaşıb.

ZƏFƏRİMİZ ƏBƏDİ, QƏHRƏMANLARIMIZ UNUDULMAZDIR!

Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı
Son xəbərlərDaha çox