8 Noyabr – Zəfər Günü münasibətilə ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəfər tariximiz, Qayıdış gələcəyimizdir” mövzusunda elektron esse müsabiqəsi keçiriləcək.
Bu barədə AzEdu.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, müsabiqənin məqsədi tarixi Qələbənin və Böyük Qayıdışın keçmiş məcburi köçkün məktəblilərin düşüncəsində və baxışlarında necə əks olunduğunu işıqlandırmaqdır.
Müsabiqədə yalnız məcburi köçkün statusuna malik məktəblilər iştirak edə bilərlər. Esselər Azərbaycan dilində yazılmalıdır.
İştirakçılar esse mətninə ad, soyad, ata adı və FİN kodlarını əlavə etməlidirlər. Yazılar yalnız elektron qaydada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin [email protected] elektron poçt ünvanına göndərilməlidir. Elektron məktubun mövzu hissəsində mütləq “ESSE” sözü qeyd olunmalıdır.
Müsabiqəyə yazıların qəbulu noyabrın 6-dan 16-dək saat 23:59-a qədər davam edəcək. Daxil olan esselər müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcək.
Qalib şagirdlər məktəbli ehtiyaclarına uyğun dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. Təltifetmə mərasimi Komitənin inzibati binasında təşkil olunacaq təntənəli tədbirdə keçiriləcək.
Müsabiqə ilə bağlı əlavə məlumatı +994 55 800 28 80 telefon nömrəsi vasitəsilə əldə etmək mümkündür.