Azedu.az

Universitetlərə qəbulun sadələşməsi niyə vacibdir? - TƏHLİL

AzEdu Təhsil Analitika Mərkəzi

Elm və təhsil

6 Noyabr 2026, 09:20
Universitetlərə qəbulun sadələşməsi niyə vacibdir? - TƏHLİL

Universitet təhsilinin əsas trendləri – elmtutumlu fəaliyyət.

Çağdaş dünya universitetlərinin əsas fəaliyyət mexanizmlərindən biri də elmi ideyaları ərsəyə gətirmək, onların istehsalatda səmərəli tətbiqi üçün zəmin hazırlamaq, əsas fikir daşıyıcıları olan və əmək bazarının tələblərinə cavab verən peşəkar kadrlar hazırlamaqdır.

Dünyanın məşhur reytinq cədvəllərində universitetlərin yerini müəyyənləşdirən ən vacib faktor tədqiqatyönümlü fəaliyyət və onun  əmək bazarındakı faydalılıq göstəriciləridir. Universitetlərin elmtutumlu fəaliyyət proqramı, tətbiq imkanları, genişspektrlı tədqiqat arealı onların Böyük Britaniyanın “Times Higher Education” jurnalı və Çinin Şanxay reytinq cədvəllərindəki mövqeyini müəyyən edir.  Bu fəaliyyət proqramı həm də reytinqdə öz yerini uzun illərdir ki, güzəştə getməyən universitetləri dünyanın qlobal təhsil trendinə çevirib. 

17 ildir ki, bu reytinq sıralamalarında öz liderliyini qoruyan Harvard Universitetinin büdcəsi 34,5 milyard dollar, Yel Universitetinin büdcəsi 25,4 milyard dollar, Stanford Universitetinin büdcəsi 22,4 milyard dollar, Prinston Universitetinin büdcəsi 22,15 milyard dollardır. Uzun illərdir ki, dünya universitetlərinin ilk onluğunda yer alan bu ali təhsil müəssisələrinin əsas uğur göstəriciləri də tədqiqata meyilli fəaliyyət planı olmuşdur. Tədqiqatlara ən çox vəsait ayıran universitetlər də bu onluğun dəyişməyən favoritləridir: Harvard Universiteti 1 milyard 13 milyon dollar,  Massaçusets Texnologiya Universiteti 930 milyon dollar,  Prinston Universiteti 280 milyon dollar.

Təəssüf ki, Azərbaycan universitetlərinin inkişaf parametri, strateji yol xəritəsi, tədqiqatyönümlü fəaliyyət planı və istehsalatla inteqrativ yaxınlaşma hədəfləri onların bu iki nəhəng reytinq cədvəlinə düşməsi üçün yetərli deyil. Belə ki, Azərbaycan universitetləri yalnız QS (Böyük Britaniyanın dünyaca məşhur konsaltinq şirkəti olan “Quacquarelli Symonds”) beynəlxalq reytinq sıralamasında yer alıblar. Böyük Britaniyanın QS Reytinq Agentliyinin “QS inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlinə  Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan 85 ölkəsindən 400 ali təhsil müəssisəsi daxild

QS sıralamalarında Azərbaycan universitetləri bu tələblər üzrə də qiymətləndirilib: ali təhsil müəssisəsinin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim-tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin sayı  və s.  Lakin elmtutumlu fəaliyyət istiqamətinin axsaması ali təhsil müəssisələrimizi dünya universitetlərinin əsas inkişaf trendindən kənarda qoyub.

Azərbaycan universitetləri dünya ali təhsil müəssisələrinin izində - real vəziyyət.

Son illər Azərbaycan ali təhsil sistemində həyata keçirilən islahatlar özünün müsbət nəticələrini verməkdədir. 2015-ci il yanvarın 19-da təsdiq edilmiş müvafiq Fəaliyyət Planı ölkədə ali təhsil də daxil olmaqla, bütövlükdə təhsil sisteminin qeyd olunan çağırışlar və tələblər istiqamətində qısa, orta və uzunmüddətli inkişafını təmin edəcək vahid dövlət siyasətini özündə əks etdirir. Yerli ali təhsil müəssisələri beynəlxalq təcrübədən yararlanmaqla aşağıdakı istiqamətlərdə müəyyən uğurlara nail  olublar:

-ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, ali təhsildə kurikulumların əmək bazarının tələbləri istiqamətində qurulması;

-universitetlərdə doktorantura təhsilinin və tədqiqat potensialının gücləndirilməsi;

-ali təhsilin qeyri-dövlət maliyyələşdirilməsinin payının artırılması;

-universitetlərə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətlərin verilməsi;

-universitetlərdə əlavə təhsil imkanlarının genişləndirilməsi.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli qərarı ilə “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər” təsdiq edilmişdir. Tələblərə əsasən, bu ali təhsil müəssisələrində fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastruktur, elektron kitabxana, müasir maddi-texniki baza və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzi olmalıdır. Həmçinin, son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizi ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməlidir. Həmçinin, doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosent olmalı, dissertasiya şuraları (ən azı 1 şura) fəaliyyət göstərməlidir. Magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası olmalı, ali təhsil müəssisələri tərəfindən antiplagiat sistemindən istifadə edilməli, yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən azı 20 qrant alınmalıdır.

Lakin bütün bunlar ilkin addımlardır. Azərbaycan universitetləri dünyanın nüfuzlu  ali təhsil müəssisələrinin təcrübəsindən faydalanmaqla uğurla hərəkət etmək üçün istehsalat müəssisələri ilə birgə genişspektrli konsaltinq xidmətləri təşkiletmə praktikasına yiyələnməli, səmərəli kitabxana-informasiya şəbəkəsinə malik olmalı, təhsil xidmətlərinin kommersiyalaşdırılması istiqamətində ciddi addımlar atmaq üçün dünya praktikası dərindən mənimsənilməlidir.

 Problemlər və yenə də problemlər... 

Hazırda Azərbaycan ali təhsil seqmentindəki əsas boşluqlardan biri də universitet-əmək bazarı, yaxud universitet-istehsal sahəsi tandeminin qurula bilməməsidir. Universitetlərə qəbul mexanizmində əmək bazarının tələblərinin nəzərə alınmaması məzunların işlə təminatına ciddi maneələr törədir. Universitetlər bu istiqamətdə öz yol xəritələrini müəyyən etməli,  elmtutumlu tədqiqat müəssisəsi və əmək bazarına bacarıqlı kadr hazırlayan aparıcı mərkəz rolunda çıxış etməyi bacarmalıdırlar. Təəssüf ki, universitetlərin nəzdində bu məqsədlə fəaliyyət göstərən və birinci kursdan etibarən tələbələr üçün hədəflər paketi müəyyən etməli olan Karyera Mərkəzlərinin faydalılıq əmsalı çox aşağıdır.

Sözügedən mərkəzlərdə əmək bazarının monitorinqi həyata keçirilməli, tələbə və məzunların işlə təmin olunması məqsədilə əmək bazarının vəziyyəti qiymətləndirilməlidir.  Təəssüflə qeyd etməliyik ki, hazırda bir çox ali təhsil müəssisələrimizdə fəaliyyət göstərən  Karyera Mərkəzlərinin faydalılıq əmsalı çox aşağıdır. Karyera Mərkəzləri nizamnaməyə əsasən, öhdəlik daşıdıqları məsələlərlə bağlı intensiv olaraq məşğul olmur, tələbələrin əmək bazarına inteqrasiyası istiqamətində zəruri addımlar atmırlar.

Azərbaycan universitetləri arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, “ADA” Universiteti  və Bakı Mühəndislik Universitetinin nəzdindəki Karyera Mərkəzlərinin fəaliyyəti qismən də olsa nəzərə çarpır.

Karyera Mərkəzlərinin faydalı iş mexanizminə keçməsi, eləcə də hər universitetin bazasında yaradılmalı olan Məzunlar Assosiasiyasının fəaliyyəti tələbələrin  əmək bazarına cəlbini bir xeyli yaxşılaşdırmış olar.

Universitetlərdə plan yerləri əmək bazarının tələblərinə adekvat olmadığından bu istiqamətdə zəruri proqram hazırlamaq və tələbə qəbulunu həmin qaydalar əsasında aparmaq çox vacibdir. Yəni təhsil sisteminin yetişdirdiyi məzunların əmək bazarında rəqabətlilik  və peşəkarlığına artıq beynəlxalq kontekstdə baxmaq lazımdır. Ali təhsildə kurikulumlar əmək bazarının tələbləri istiqamətində nə dərəcədə qurulub?- Bütün bunların hamısı cavabını axtaran zəruri məsələlərdəndir.

Ali məktəblərin bakalavriatura səviyyəsinə qəbulda ikipilləli imtahan sisteminin birpilləli  sistemlə əvəz edilməsi məsələsinə yenidən baxıla bilər. Ali məktəblərə qəbulda test modelinin müsbət və mənfi keyfiyyətlərinin xüsusi komissiya tərəfindən araşdırılması, mənfi təsirlərin aradan qaldırılması istiqamətində qaydalarda müəyyən dəyişikliklərin edilməsi arzuolunandır.

Universitetlərdə vahid onlayn mərkəz yaradılması və tələbələrin tədris göstəricilərinin həmin onlayn mərkəzdə öz əksini tapması faydalı təkliflərdən sayıla bilər. Qeyd edək ki, xarici təcrübəyə əsasən, bu cür onlayn mərkəzlərdə hər tələbə üçün ayrıca  şəxsi kabinet yatradılır  və onun tədris göstəriciləri orada əksini tapmış olur. Bu mərkəzin sayəsində universitet rəhbərliyinin tələbənin tədris göstəricilərinə birbaşa nəzarətetmə imkanları da artacaqdır.

Ali təhsil müəssisələrində sessiya imtahanlarında tətbiq edilən bal sistemi tələbələrin real bilik və bacarıqlarını tam əks etdirmədiyi üçün özünü doğrultmur. Bal sisteminin ləğvi, eləcə də hər ixtisasın tələb və xüsusiyyətinə uyğun qiymətləndirmə mexanizminin hazırlanması vacibdir. Məsələn, texniki ixtisaslarda nəzəri-testoloji materialların baləsaslı qiymətləndirilməsi əvəzinə, ixtisasın öz xüsusiyyətinə uyğun olaraq, texnikiəsaslı layihələrin hazırlanması və təqdim edilməsi daha faydalı ola bilər.

Universitetlərdə çalışan professor-müəllim heyəti üçün nəzərdə tutulan yaş senzinin aradan qaldırılması təklif olunur. Yaş senzinin tətbiqi elmdə varislik ənənələrinin məhvinə gətirib çıxarmaqla yanaşı, müxtəlif dövrlərin elmi-pedaqoji baxışları arasındakı müqayisə imkanlarını da aradan qaldırır. Yaşı 70-dən yuxarı alim və professor heyətindən səmərəli şəkildə faydalanmaq, elmi təcrübə ilə modern yanaşmanın vəhdətini yaratmaqdan ötrü universitet rəhbərliyi tərəfindən xüsusi proqramın hazırlanması çox vacibdir.

Reallıq ondan ibarətdir ki, bu gün ayırca iqtisadiyyat profilli ali məktəb (UNEC) fəaliyyət göstərsə də, az qala bütün dövlət və özəl universitetlərdə iqtisadiyyatəsaslı fakültələr var. Bu zaman əmək bazarının tələb-təklif mexanizmi tamamilə pozulmuş olur. Nəticədə məzunların gələcəkdə işlə təmin olunmaları risk altına düşür. Lakin masir dövrün tələb etdiyi ixtisaslarla bağlı  eyni tendensiya müşahidə edilmir.

Ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsi, qlobal ali təhsil məkanında mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində ciddi addımların atılması məqsədəuyğundur. Ali təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətlərin verilməsi məqsədəuyğundur. Son illərdə bir neçə universitetə “publik-hüquqi şəxs” statusunun verilməsi bu istiqmətdə atılan addımlar kimi təqdirəlayiqdir. 

Yuxarıdakı təklifin davamı olaraq ali təhsil müəssisələrinin kampuslarının yaradılması və onların regionlar üzrə paylanılması arzu olunur. Dünya təcrübəsi də göstərir ki, universitetlərin kampus formasında yerləşdirilməsi onların fəaliyyətinin səmərəliliyini ciddi şəkildə yüksəldir. Eyni zamanda müasir dövrdə universitetlər regional inkişaf siyasətinin də önəmli vasitələrindən birinə çevriliblər. İnkişaf etmiş ölkələrin ayrı-ayrı regionlarında yerləşən universitetlər əlavə təhsil mərkəzləri, konsaltinq xidmətləri, tədqiqat laboratoriyaları, inkubator mərkəzləri, elm parkları, texnoparklar və klasterlər vasitəsilə universitet-hökumət-biznes əməkdaşlığının uğurlu nümunələrini ortaya qoyaraq, yerləşdiyi regionun inkişafının başlıca hərəkətverici qüvvələrindən birinə çevrilirlər.

Universitetlərin əlavə təhsil infrastrukturunun yenidən qurulması, əlavə təhsil imkanlarının genişləndirilməsi, mövcud əmək bazarının ehtiyaclarını qarşılama imkanlarının nəzərə alınması tövsiyə olunur. Yəni universitetlər klassik bakalavr, magistr və doktorantura təhsili ilə yanaşı, ömürboyu təhsil, yenidən təhsil və istənilən vaxtda təhsil prinsipləri əsasında bazarın tələbləri istiqamətində müxtəlif əlavə təhsil proqramları təklif edirlər. Distant təhsil formasında da təklif edilən bu proqramlar müasir dövrdə özəl sektor tərəfindən böyük maraqla qarşılandığından universitetlər üçün ciddi gəlir mənbəyi rolunu da oynayırlar. Bu sahədə ən uğurlu nümunələrdən biri Stenford Universitetinin “Silikon vadisi”ndəki fəaliyyətidir. Bu universitet özəl sektorun bu istiqamətdə demək olar ki, bütün ehtiyaclarını qarşılayacaq təhsil və sertifikat proqramları təklif edərək böyük miqdarda gəlir əldə edə bilir. 

Elmin Nuri

Elm və təhsil məsələləri üzrə tədqiqatçı

TƏCİLİ! İrandan şok xəbərdarlıq - Hazır olun, vuracağıq!
Son xəbərlərDaha çox