2025/2026-cı tədris ilinin əvvəlində dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində təhsil alan qadınların sayı kişilərdən çox olub.
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda qadınlar və kişilər” statistik məcmuəsində yer alan məlumatlarda qeyd olunub.
Statistikaya əsasən, qeyd olunan dövrdə ali təhsil müəssisələrində ümumilikdə 261 min 551 tələbə təhsil alıb. Onlardan 135 min 59-u qadın, 126 min 492-si isə kişi olub. Beləliklə, tələbələrin 51,6 faizini qadınlar, 48,4 faizini kişilər təşkil edib.
İxtisas qrupları üzrə göstəricilərə nəzər saldıqda, qadınların üstünlük təşkil etdiyi sahələrin başında təhsil istiqaməti gəlir. Belə ki, bu sahədə təhsil alanların 83,2 faizi qadınların, 16,8 faizi isə kişilərin payına düşüb.
Humanitar və sosial ixtisaslarda qadınların xüsusi çəkisi 63 faiz, kişilərin payı isə 37 faiz olub. Mədəniyyət sahəsində bu göstərici qadınlar üzrə 68,9 faiz, kişilər üzrə 31,1 faiz təşkil edib. Təbiət elmlərində isə qadınların payı 60,1 faiz, kişilərin payı 39,9 faiz olub.
Səhiyyə sahəsində də qadınların üstünlüyü müşahidə edilib. Belə ki, bu istiqamətdə təhsil alanların 72,9 faizini qadınlar, 27,1 faizini kişilər təşkil edib. Əsas (baza ali) tibb təhsilində qadınların payı 63,7 faiz, kişilərin payı isə 36,3 faiz olub. Rezidenturada həkim-mütəxəssis hazırlığı üzrə də qadınlar üstünlük təşkil edib. Bu sahədə qadınların xüsusi çəkisi 70,7 faiz, kişilərin payı isə 29,3 faiz olub.
İqtisadiyyat və idarəetmə ixtisaslarında mənzərə fərqlidir. Bu istiqamətdə təhsil alanların 54,5 faizi kişilər, 45,5 faizi qadınlardır. Kişilərin üstünlük təşkil etdiyi digər sahə texniki və texnoloji ixtisaslardır. Belə ki, burada tələbələrin 70,1 faizini kişilər, 29,9 faizini isə qadınlar təşkil edib.
Kənd təsərrüfatı ixtisaslarında kişilərin payı 67,2 faiz, qadınların payı 32,8 faiz olub. İdman və xidmət sahəsində isə bu göstəricilər müvafiq olaraq 64,4 və 35,6 faiz təşkil edib.