Azedu.az

Bu gün dünyada Məktəblərdə Zorakılıq və Bullinqlə Mübarizə Günüdür

Maraqlı

5 Noyabr 2026, 12:23
Bu gün dünyada Məktəblərdə Zorakılıq və Bullinqlə Mübarizə Günüdür

Bu gün - noyabrın 5-də dünyada Məktəblərdə Zorakılıq və Bullinqlə, o cümlədən Kiberbullinqlə Mübarizə Günü qeyd olunur. Beynəlxalq günün əsas məqsədi təhsil müəssisələrində zorakılığın qarşısının alınmasına diqqət çəkmək, şagirdlər üçün təhlükəsiz və sağlam təhsil mühitinin yaradılmasını təşviq etməkdir.

AzEdu.az xəbər verir ki, UNESCO-ya üzv dövlətlərin qərarı ilə hər il noyabr ayının ilk cümə axşamı bu gün qeyd edilir.

2026-cı ildə beynəlxalq gün “Hər bir şagird təhlükəsiz və sağlam mühitdə: vəddən əmələ” (“Every learner safe and well: From promise to practice”) şüarı altında keçirilir.

Budəfəki mövzu məktəblərdə zorakılığın qarşısının alınması ilə bağlı qəbul edilən öhdəliklərin real tədbirlərə çevrilməsini nəzərdə tutur. Bu çərçivədə şagirdlərin psixoloji sağlamlığının qorunması, müəllimlərin dəstəklənməsi, inklüziv təhsil mühitinin yaradılması və rəqəmsal təhlükəsizliyin təmin edilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.

UNESCO bildirir ki, məktəbdə zorakılıq və bullinq təkcə uşaqların sağlamlığına və psixoloji vəziyyətinə deyil, onların təhsil hüququna və akademik nəticələrinə də mənfi təsir göstərir. Bu səbəbdən problemin həlli yalnız məktəblərin deyil, valideynlərin, təhsil qurumlarının, müəllimlərin və texnologiya şirkətlərinin də birgə məsuliyyətidir.

Beynəlxalq gün münasibətilə UNESCO noyabrın 5-də Parisdə üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə müzakirə təşkil edir. Tədbirdə məktəblərdə zorakılığın qarşısının alınması, şagirdlərin psixoloji rifahının qorunması və təhlükəsiz təhsil mühitinin formalaşdırılması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, UNESCO bu beynəlxalq günü 2019-cu ildə təsis edib. Məqsəd məktəblərdə zorakılıq və bullinqin, o cümlədən internet üzərindən həyata keçirilən təzyiq və təqib hallarının uşaqların təhsil və sağlamlıq hüquqlarına yaratdığı təhlükələr barədə qlobal məlumatlılığı artırmaqdır.

Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!
Son xəbərlərDaha çox