ABŞ-də aparılan yeni araşdırma 65 yaşdan yuxarı insanlarda tez-tez və qeyri-iradi gündüz yuxusunun demensiya və yaddaş pozğunluğu riskinin artması ilə əlaqəli olduğunu üzə çıxarıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatda 995 nəfərin yuxu vərdişləri və sağlamlıq vəziyyəti araşdırılıb. İştirakçılar orta hesabla 5 il ərzində izlənilib. Bu müddətdə onların 417-də, yəni 41,9 faizində mümkün və ya ehtimal olunan demensiya aşkarlanıb.
Araşdırmanın nəticələrinə görə, hər gün və ya həftənin əksər günlərində gündüz yatan yaşlı insanlarda demensiya göstəricisi nadir hallarda və ya heç yatmayanlarla müqayisədə 48 faiz yüksək olub.
Qeyri-iradi şəkildə gündüz yatanlarda bu göstərici 39 faiz, gündüz 30 dəqiqə və ya daha az müddətə mürgüləyənlərdə isə 40 faiz çox qeydə alınıb. Tez-tez və qısa müddətli gündüz yuxusunun yaddaş pozğunluğu riskinin artması ilə də əlaqəli olduğu müəyyən edilib.
Tədqiqatçılar bildirirlər ki, gündüz yuxusunun artması mütləq demensiyaya səbəb olmur. Əksinə, bu hal beyində xəstəliklə əlaqəli dəyişikliklərin erkən göstəricisi ola bilər.
Mütəxəssislərin fikrincə, beyində baş verən nevroloji dəyişikliklər həm idrak funksiyalarına mənfi təsir göstərə, həm də gündüz yuxululuğunu artıra bilər. Bununla yanaşı, gecə yuxusunun keyfiyyətsiz olması da gündüz mürgüləməyə səbəb ola bilər.
Tədqiqat müəllifləri gündüz yuxusu ilə demensiya arasındakı əlaqənin səbəblərini dəqiqləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.
Qeyd edək ki, araşdırma gündüz yuxusunun birbaşa demensiyaya səbəb olduğunu sübut etmir. Nəticələr yalnız tez-tez gündüz yatmaqla demensiya riski arasında əlaqənin mövcudluğunu göstərir.