99-cu “Oskar” müfakatlandırma mərasimində Azərbaycanı rejissor Zaur Qasımlının “Tağıyev: Məktəb” (Taghiyev: School) filmi təmsil edəcək. Film “Ən yaxşı beynəlxalq tammetrajlı film” nominasiyasında irəli sürülüb.
AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan filmlərinin “Oskar” mükafatına təqdim edilməsi üzrə komissiyanın sədri, rejissor Şamil Əliyev Trend-ə bildirib.
Film azərbaycanlı sənayeçi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından, eləcə də onun XX əsrin əvvəllərində müsəlman qızlar üçün məktəb açmaq uğrunda səylərindən bəhs edir. Tarixi dram Azərbaycanın görkəmli xeyriyyəçisinin həyatı və fəaliyyəti haqqında genişmiqyaslı kino layihəsinin davamıdır.
Layihənin əvvəlki hissəsi olan “Tağıyev: Neft” (Taghiyev: Oil) filmi də ötən il “Oskar” uğrunda mübarizədə Azərbaycanı təmsil edib.
Bu il “Ən yaxşı beynəlxalq tammetrajlı film” nominasiyasında iştirakçıların sayı rekord həddə çatıb. Belə ki, Amerika Kino Akademiyasının üzvlərinin nəzərdən keçirməsi üçün dünyanın müxtəlif ölkələrindən 105 film təqdim olunub. Əvvəlki rekord 93 filmlə 2020-ci ildə qeydə alınıb.
İlkin səsvermə mərhələsinin dekabrın 7-dən 11-dək keçirilməsi planlaşdırılır. Qısa siyahıya (shortlist) daxil edilən 15 filmin adının isə dekabrın 15-də elan ediləcəyi gözlənilir.
“Tağıyev: Məktəb” filminin “Oskar” uğrunda mübarizədə iştirakı beynəlxalq auditoriyaya Azərbaycan tarixinin mühüm səhifələrindən biri və ölkədə təhsilin, xeyriyyəçiliyin inkişafına əhəmiyyətli töhfələr vermiş şəxsiyyətin irsi ilə tanış olmaq imkanı yaradır.
Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” bədii filminə bu günədək Azərbaycanın kinoteatrlarında 200 mindən çox tamaşaçı baxıb.
Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən kinoepopeyanın dörd hissəsinin – “Tağıyev: Neft”, “Tağıyev: Çar”, “Tağıyev: Sonа” və “Tağıyev: Məktəb” filmlərinin hamısı tamaşaçılar tərəfindən geniş rəğbətlə qarşılanıb və ölkənin aparıcı kinoteatrlarında ən çox maraq doğuran yerli kino layihələrindən birinə çevrilib.