Azedu.az

Atlantik və Sakit okeanlar niyə bir-birinə qarışmır? - Məşhur görüntünün sirri

Maraqlı

17 Oktyabr 2026, 16:45
Atlantik və Sakit okeanlar niyə bir-birinə qarışmır? - Məşhur görüntünün sirri

İnternetdə Atlantik və Sakit okeanların qovuşduğu, lakin sularının bir-birinə qarışmadığı iddiası ilə yayılan görüntülər həqiqəti əks etdirmir.

AzEdu.az xəbər verir ki, müxtəlif rəngli su kütlələrinin yan-yana göründüyü bu görüntülər okean sularının qarışmadığını deyil, onların xüsusiyyətlərinin fərqli olduğunu göstərir.

Əslində, Atlantik və Sakit okeanların sularının bir-birinə qarışmasına mane olan fiziki sərhəd yoxdur. Okeanlar arasında xəritələrdə göstərilən sərhədlər şərti xarakter daşıyır. Su axınları isə müxtəlif okeanlar arasında daim hərəkət edir və su kütlələrinin qarışmasını təmin edir.

Bəs suların arasında görünən sərhəd necə yaranır?

Məsələn, internetdə geniş yayılan görüntülərdən biri Alyaska körfəzində çəkilib. Fotoda açıq rəngli su ilə tünd rəngli su arasında aydın xətt görünür. Lakin bu ərazi Atlantik və Sakit okeanların qovuşduğu yer deyil.

Görüntüdəki rəng fərqi sahildən gələn, tərkibində qum, gil və digər çöküntülər olan su ilə açıq okean suyunun qarşılaşması nəticəsində yaranır. Çöküntülərin miqdarı və suyun tərkibi onun rənginə təsir edir.

Bənzər mənzərə çayların dənizə töküldüyü yerlərdə də müşahidə olunur. Çay suyu ilə dəniz suyu arasında rəng, duzluluq və sıxlıq fərqləri olduğundan onlar ilk qarşılaşma anında tam qarışmaya bilər. Lakin su axınları və dalğalanmalar nəticəsində zamanla bir-birinə qarışırlar.

Okeanlarda temperatur fərqləri də su kütlələri arasında görünən sərhədlər yarada bilər. Soyuq və isti suların qarşılaşdığı belə ərazilərdə rəng fərqi nəzərə çarpır. Bu sərhədlər suyun xüsusiyyətlərindən qaynaqlanır və okeanların bir-birindən tamamilə ayrı olduğunu göstərmir.

Atlantik və Sakit okeanların suları harada qarışır?

Bu iki okean arasında su mübadiləsinin baş verdiyi ərazilərdən biri Cənubi Amerika ilə Antarktida arasında yerləşən Dreyk boğazıdır. Burada okean cərəyanları böyük su kütlələrini hərəkət etdirir.

Beləliklə, fərqli rəngli suların yan-yana görünməsi onların bir-birinə qarışmadığı anlamına gəlmir. Atlantik və Sakit okeanların suları daim hərəkətdədir və qarışır. Görünən sərhəd isə əsasən suyun temperaturu, duzluluğu və tərkibindəki çöküntülərin fərqli olması ilə izah edilir.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox