Vyetnamda universitetə qəbul zamanı IELTS sertifikatına verilən üstünlüklər məktəblilər arasında rəqabəti artırıb. Ailələr övladlarının qəbul şansını yüksəltmək üçün hazırlıq kurslarına və imtahanlara böyük məbləğlər xərcləyirlər.
AzEdu.az xəbər verir ki, bu barədə “VnExpress” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ölkədə 100-dən çox universitet IELTS nəticələrini ingilis dili fənni üzrə qiymətə çevirir və ya sertifikata görə qəbul zamanı əlavə bal verir.
Məsələn, Hanoyda yaşayan bir ailə övladının IELTS hazırlığına, imtahanlarına və fərdi dərslərinə ümumilikdə 100 milyon Vyetnam donqundan çox vəsait xərcləyib.
Rəqabətin miqyasını Hanoydakı Milli İqtisadiyyat Universitetinin statistikası da göstərir. IELTS sertifikatı ilə müraciət edənlərin sayı 2017-ci ildəki 50 nəfərdən son illərdə ildə 22–23 min nəfərə yüksəlib.
Lakin bu tendensiya təhsildə bərabər imkanlarla bağlı narahatlıq yaradıb. Bahalı hazırlıq kurslarına maddi imkanı çatan şagirdlər qəbul zamanı daha üstün mövqedə ola bilirlər.
Bu səbəbdən Vyetnamın Təhsil və Təlim Nazirliyi 2027-ci ildən IELTS və digər nailiyyətlərə görə əlavə qəbul ballarının ləğvini nəzərdə tutan təklif irəli sürüb. Təklif qəbul edilərsə, sertifikatlar müəyyən hallarda dil biliyini təsdiqləmək üçün istifadə oluna bilər, lakin əlavə bal qazandırmayacaq.