Son zamanlar sosial şəbəkələrdə dərsliklərin hazırlanması prosesində orta məktəb müəllimlərinin rolunun artırılması ilə bağlı fikirlər səsləndirilir. Müzakirələr zamanı dərsliklərdəki bəzi mövzuların şagirdlərlə yanaşı, müəllimlər üçün də çətinlik yaratdığı vurğulanır.
Bəs orta məktəb müəllimləri dərsliklərin hazırlanması prosesində hansı səviyyədə iştirak edirlər? Onların bu prosesdə rolunun artırılmasına ehtiyac varmı və bu, dərsliklərin daha anlaşıqlı olmasına nə dərəcədə təsir göstərə bilər?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəsiss Elçin Əfəndi qeyd edib ki, elə kitablar var ki, mən düşünürəm ki, elə şeirlər, elə məzmunlar təqdim olunur ki, şagirdlərin dili üçün heç də uyğun və uğurlu deyil:

"Bizim faktiki istifadədə olan dərsliklərimizdə müəyyən çatışmazlıqlar var. Bunu Elm və Təhsil Nazirliyi də müvafiq brifinqlərdə, açıqlamalarında dilə gətirir. Və bu çatışmazlığın aradan qaldırılması üçün əlbəttə ki, təhsil prosesində birbaşa iştirakçı olan şəxslər, mütləq dərsliklərin hazırlanmasında da pay sahibi olmalıdır. O baxımdan, onların fikirləri müvafiq olaraq mövzuların şagirdlər tərəfindən qavranılması məsələsi və mövzuların işlədilməsində əlçatanlıq baxımından onların fikirləri mütləq alınmalıdır.
Çünki istər texniki, istərsə də humanitar istiqamətdə olsun, dərsliklərin dili ilə bağlı problemlər var. Məsələn, ədəbiyyat dərslərində elə şeirlər, elə məzmunlar təqdim olunur ki, bunlar şagirdlərin dili üçün heç də uyğun və uğurlu deyil.
Bu yaxınlarda bir müəllifin vəsaiti ilə tanış oldum. Düzdür, həmin müəllifin kitablarından dərsdənkənar vəsait kimi istifadə edilməsi tövsiyə olunur. İnanırsınız, kitab başdan-ayağa bərbad vəziyyətdədir. Üstəlik, bu vəsait ibtidai təhsil üçün nəzərdə tutulub və həmin müəllifin kitablarından istifadə olunması xüsusilə vurğulanır. Həmin müəllifin yazdıqları elə bil ki, Elza Seyidcahan oturub yazıb. Bu, nə dərəcədə doğrudur? Buna kim icazə verir ki, dərsliklər bu şəkildə yazılsın? Yaxud dərsdənkənar istifadə üçün tövsiyə olunan vəsaitlər arasında niyə məhz bu müəllifin kitablarına üstünlük verilməlidir?
Ona görə də düşünürəm ki, tədris prosesində iştirak edənlər, yəni birbaşa təhsil verənlər dərsliklərin hazırlanmasında, yazılmasında, redaktəsində, korrektəsində, ümumiyyətlə, bütün mərhələlərində iştirak etməlidirlər.
Bununla bağlı, düzdür, Elm və Təhsil Nazirliyi də müvafiq addımlar atmaq niyyətindədir. Düşünürəm ki, metodistlər tam formalaşdıqdan sonra, dərsliklərin hazırlanmasının növbəti mərhələsində həmin şəxslərin də bu prosesdə iştirakını görəcəyik”.