Bakı Mühəndislik Universitetində (BMU) “NASA Space Apps Challenge 2026” beynəlxalq hakatonu ilə bağlı infosessiya keçirilib.
Universitetdən AzEdu.az-a bildirilib ki, tədbirdə BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekan müavini Elməddin Hüseynov, Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov, Texnoparkın Texnoloji Transfer Mərkəzinin müdiri Bunyamin Seyidov, eləcə də Tələbə Elmi Cəmiyyətinin İnformasiya və kompüter texnologiyaları fakültəsi üzrə sədri Mirhəşim Məmmədli çıxış ediblər.
Çıxışlarda tələbələrin elmi və innovativ təşəbbüslərdə iştirakı, müasir texnologiyaların tətbiqi, komanda işi və beynəlxalq layihələrdə təcrübə qazanmasının əhəmiyyəti vurğulanıb. Belə tədbirlərin gənclərin bilik və bacarıqlarının inkişafına, yaradıcı düşüncə və innovativ yanaşmalarının formalaşmasına verdiyi töhfələr diqqətə çatdırılıb.
Daha sonra BMU-nun “Kompüter mühəndisliyi” ixtisasının tələbəsi, 2026-cı il üzrə “NASA Space Apps Challenge”in Azərbaycan üzrə yerli koordinatoru Amil Zeynallı hakatonun məqsədi, iştirak imkanları, çağırış istiqamətləri və layihələrin hazırlanması prosesi barədə ətraflı məlumat verib.
Bildirilib ki, NASA və tərəfdaş kosmik agentliklərin açıq məlumatlarından istifadə etməklə Yer və kosmosla bağlı real problemlərə innovativ həllərin hazırlanmasını hədəfləyən hakaton iştirakçılara öz ideyalarını layihələr şəklində reallaşdırmaq və beynəlxalq səviyyədə təqdim etmək imkanı yaradır.
İnfosessiyada tələbələrin suallarına aydınlıq gətirilib.“NASA Space Apps Challenge 2026” hakatonunun noyabrın 14–15-də keçirilməsi nəzərdə tutulur.
İnfosessiya BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü (Keyfiyyətli təhsil), 9-cu (Sənaye, innovasiya və infrastruktur) və 17-ci (Məqsədlər naminə tərəfdaşlıq) istiqamətlərinə uyğun olaraq təşkil edilib