Bakı Mühəndislik Universitetində (BMU) Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti və təqdim etdiyi imkanlarla bağlı tələbələr üçün infosessiya keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirin əsas məqsədi tələbələri ali təhsil almaq imkanlarının genişləndirilməsinə, təhsildə bərabər imkanların təmin olunmasına və sosial rifahın dəstəklənməsinə xidmət edən təhsil tələbə kreditləri barədə məlumatlandırmaq, eləcə də bu maliyyə dəstəyindən yararlanma imkanlarını diqqətə çatdırmaq olub.
TTKF-nin Təhsil müəssisələri ilə iş şöbəsinin mütəxəssisi İlkanə Həmidli təqdimatla çıxış edərək, qurumun fəaliyyət istiqamətləri, tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsinə dəstək mexanizmləri və təhsil tələbə kreditlərinin əhəmiyyəti barədə məlumat verib.
İnfosessiyada təhsil tələbə kreditlərinin növləri- sosial və standart kreditlər, onlardan yararlanmaq hüququ olan tələbələrin kateqoriyaları, kredit növləri arasındakı fərqlər, kreditlərin verilmə şərtləri və mexanizmi ətraflı izah olunub. Həmçinin kreditlərin geri qaytarılması zamanı güzəştlər, möhlət hüququ və digər şərtlər barədə məlumat təqdim edilib. Bununla yanaşı, müraciətlərin elektron qaydada həyata keçirilməsi, müvafiq sistem üzərində qeydiyyat və müraciət prosesinin mərhələləri, eləcə də kreditlərin rəsmiləşdirilməsi ardıcıllığı diqqətə çatdırılıb. Fondun fəaliyyəti ilə bağlı cari dövrədək əldə olunan bəzi statistik göstəricilər də iştirakçılarla bölüşülüb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.