Azərbaycan elminin cari durumunun çatışmazlıqları, ən ümdə problemlərindən biri də kadrların sayı ilə bağlıdır. Azərbaycanda elmi kadr potensialı bir çox ölkələrlə müqayisədə o qədər də ürəkaçan deyil.
AzEdu.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə bir milyon əhaliyə düşən tədqiqatçıların sayı 2600 nəfərdir. Azərbaycanda ali təhsillilərin sayı ümumi əhalinin 10%-ni, iqtisadi fəal əhalinin isə 20%-ni təşkil edir. Elmi tədqiqat və işləmələrlə məşğul olan heyət isə iqtisadi fəal əhalinin 0.5%-ni təşkil edir.
Ümumilikdə ölkədə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat institutlarında elmi kadrların hazırlanması doktorantura, dissertantura və magistratura (2015-ci ildən etibarən) yolu ilə həyata keçirilir. 2018-ci ilin məlumatına əsasən, AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorantların ümumi sayı 348, fəlsəfə doktoru üzrə dissertantların ümumi sayı 694, elmlər doktoru üzrə doktorantların sayı 181, elmlər doktoru üzrə dissertantların sayı 474, magistrantların sayı isə 132 nəfər təşkil edir.
Azərbaycan Respublikasının elmi kadr potensialı və elmi tədqiqat müəssisələri şəbəkəsi ilə bağlı son on ili əhatə edən statistik göstəricilərə əsasən, ölkədə elmi tədqiqat müəssisələrinin sayı 1998-ci ildə 105 olduğu halda, 2008-ci ildə 97-yə enmişdir. Azərbaycanda elmi fəaliyyətin 63%-i dövlət sektorunun, 26,7%-i ali təhsil müəssisələrinin, 10,3%-i özəl sektorun payına düşür. Elmi tədqiqatla məşğul olanların 77%-i dövlət sektorunda, 9%-i ali təhsil müəssisələrində, 14%-i isə digər təşkilatlarda çalışır.
AMEA təsis olunduğu 1945-ci ildən indiyədək Azərbaycanda ən çox elmi kadr potensialına malik elmi müəssisə olmuşdur. 75 illik bir dövr ərzində AMEA-nın əməkdaşlarının ümumi sayında da dəyişikliklər baş vermişdir. Məlumat üçün qeyd edək ki, AMEA-da ən çox ümumi işçi sayı 15 076 nəfər olmaqla 1982-ci ildə, ən çox elmi işçi sayı isə 7 824 nəfər olmaqla 1987-ci ildə qeydə alınmışdır. Lakin AMEA-da məqalə və tezislərin, kitabların, o cümlədən WoS-a daxil olan məqalələrin sayında ən yüksək göstərici 2018-ci ildə qeydə alınıb.
Aşağı kəmiyyətin əsas səbəblərindən biri də onun sosial-iqtisadi rifahın artımına dəstək ola bilməməsidir. Elmin prioritet sahələrini, problemləri və ehtiyacları məhz sosial-iqtisadi inkişaf müəyyənləşdirir. Lakin eyni zamanda burda əks-əlaqə də müşahidə olunur; elm öyrənilməmiş yeni məhsullar və servis bazarları imkanları yarada bilər. Elmin inkişaf strategiyasının və siyasətinin mərkəzində elmi tədqiqatların son istifadə oluna bilən kommersiya məhsuluna çevrilməsi dayana bilməlidir. Sözsüz ki, bu, qətiyyən akademik azadlığın məhdudlaşdırılması deyil, əksinə elmi tədqiqatların keyfiyyətlə yanaşı həll etməyə çalışdığı problemlərin miqyasını və yaradacağı imkanların tədqiqatçılar tərəfindən nəzərə alınması ilə nəticələnir.
Beləliklə, elmin inkişaf siyasəti elmi tədqiqatların kommersiya məhsuluna çevrilməsi üçün dəyər zəncirinə daxil olan bütün komponentləri, o cümlədən maliyyələşmə, intellektual hüquqların qorunması, ekspertiza, elmi-texniki insan potensialı, innovasiya mərkəzlərinin funksionallığı, tədqiqat infrastrukturu, mələk investorların, vençur fondların və özəl sektorun cəlb olunması da daxil olmaqla, bütün prosesləri tənzimləyə və koordinasiya etməyə yönəlir.