Azedu.az

Təhsilini yarımçıq qoyanlar arayışı necə əldə edə bilər? - QAYDA

Təhsil hüququ və qanunvericilik

23 Noyabr 2026, 14:06
Təhsilini yarımçıq qoyanlar arayışı necə əldə edə bilər? - QAYDA

Ali təhsil pilləsinin hər hansı səviyyəsi üzrə təhsilini başa vurmayan şəxslər arayış almaq üçün elektron kabinet vasitəsilə müraciət etməlidirlər.

AzEdu.az "Təhsil haqqında" qanuna istinadən xəbər verir ki, sənəd müraciət əsasında 10 iş günü müddətində hazırlanır.

Müraciət və arayışın hazırlanma müddəti

Arayış almaq istəyən şəxs Elektron Hökumət İnformasiya Sistemində (EHİS) yaradılmış elektron kabineti vasitəsilə müraciət etməlidir.

Elektron ərizə təsdiqləndikdən sonra məlumatların tamlığı 3 iş günü ərzində Təhsil Məlumatlarının İdarəolunması Sistemi (TMİS) tərəfindən yoxlanılır. Məlumatlarda natamamlıq və ya uyğunsuzluq aşkar edildikdə, bu barədə ərizəçinin elektron kabinetinə bildiriş göndərilir.

Ərizəçi çatışmazlıqları bildiriş aldığı gündən etibarən 3 iş günü ərzində aradan qaldırmalı və elektron ərizəni yenidən təsdiqləməlidir.

Məlumatlar təsdiqini tapdıqda arayış elektron sənəd formasında hazırlanaraq şəxsin elektron kabinetində yerləşdirilir. Əks halda, sənədin verilməsindən imtina barədə qərar qəbul olunur.

Arayışda hansı məlumatlar əks olunur?

Arayışda şəxsin fərdi məlumatları, təhsil aldığı müəssisə, təhsilalma forması, ali təhsil pilləsinin səviyyəsi, ixtisası və tədris dili göstərilməlidir.

Sənəddə, həmçinin aşağıdakı məlumatlar yer alır:

- Ali təhsil müəssisəsinə qəbul olunduğu il, müvafiq əmrin nömrəsi və tarixi;

- Təhsil müəssisəsindən xaric olunduğu il;

- Xaric olunma səbəbi;

- Semestrlər üzrə dinlədiyi fənlər və keçdiyi təcrübələr;

- Fənlər üzrə kreditlər və aldığı qiymətlər;

- Yekun dövlət attestasiyasının nəticələri (olduğu təqdirdə);

- Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG).

Doktorantura səviyyəsi üzrə arayışda isə təhsil müddətində verilmiş doktorluq imtahanlarının adları və qiymətləri qeyd edilir.

Arayış Azərbaycan və ingilis dillərində verilə bilər

Arayış əsasən Azərbaycan dilində tərtib olunacaq. Şəxsin müraciəti əsasında sənədin ingilis dilində hazırlanması da mümkündür.

Sənəd ali təhsil müəssisəsinin rəhbərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.

Elektron arayışı çap etmək də mümkündür

Elektron kabinetdə yerləşdirilən arayışı elektron qaydada tələb olunan ünvanlara göndərmək və ya kağız formasında çap etmək mümkündür.

Arayışın kağız daşıyıcıda olan surətinin təsdiqi notariat haqqında qanunvericiliyə uyğun həyata keçirilir. Sənədin həqiqiliyini isə elektron imza və elektron sənəd haqqında qanunvericiliyə əsasən yoxlamaq olur.

Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox