Azedu.az

Torpaq soxulcanına bənzəyən yeni ilan növü aşkarlanıb

Maraqlı

23 Noyabr 2026, 09:29
Torpaq soxulcanına bənzəyən yeni ilan növü aşkarlanıb

Çinin Nepal ilə sərhədində, Tibet Muxtar Rayonunun ərazisində torpaq soxulcanına bənzəyən yeni kor ilan növü aşkar edilib. Indotyphlops gyirongensis adlandırılan bu növün əsas xüsusiyyətlərindən biri gözlərinin pulcuqların altında yerləşməsi və həyatının böyük hissəsini torpağın altında keçirməsidir.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni növ haqqında elmi araşdırma 17 sentyabr 2026-cı ildə “ZooKeys” jurnalında dərc olunub.

Tədqiqatçılar yeni növü Çinin Xizang bölgəsində, Nepal sərhədinə yaxın Gyrong rayonunda aşkar edilmiş bir nümunənin morfoloji və genetik xüsusiyyətlərini araşdıraraq müəyyən ediblər. İlan 2025-ci ilin avqustunda, dəniz səviyyəsindən 2 262 metr yüksəklikdə, meşə kənarında daşın altında tapılıb.

Araşdırmaya əsasən, dişi fərd 26,5 santimetr uzunluğundadır. Onun bədəni açıq qəhvəyi rəngdədir, baş hissəsi isə açıq krem rəngli örtüklə fərqlənir. İlanın gözləri pulcuqların altında yerləşir, bədən quruluşu isə torpaq soxulcanını xatırladır.

Alimlər yeni növün digər kor ilanlardan fərqləndiyini həm xarici görünüş, həm də genetik analizlər əsasında təsdiqləyiblər. Tədqiqatda onun yaxın qohum növlərindən genetik fərqinin 18,3 faizdən çox olduğu müəyyən edilib.

Hazırda Indotyphlops gyirongensis növünün yalnız Çinin Xizang bölgəsində mövcudluğu təsdiqlənib. Bununla belə, tapıldığı ərazinin Nepal sərhədinə yaxın olması səbəbindən alimlər bu növə qonşu ölkənin ərazilərində də rast gəlinə biləcəyini ehtimal edirlər.

Qeyd edək ki, araşdırma yeni növün kor ilanlar ailəsinə aid olduğunu göstərir. Bu ilanların torpaq altında yaşamağa uyğunlaşması və gizli həyat tərzi onların öyrənilməsini çətinləşdirir.

Rusiyada böhran BAŞLADI - Əhali küçələrə axışır
Son xəbərlərDaha çox