Azedu.az

Universitetdən xaric olunanlara 15 il möhlət - Bərpanın əsas ŞƏRTLƏRİ

Təhsil hüququ və qanunvericilik

19 Oktyabr 2026, 15:33
Universitetdən xaric olunanlara 15 il möhlət - Bərpanın əsas ŞƏRTLƏRİ

Ali təhsil müəssisəsindən xaric olunan şəxslər xaric edilmə tarixindən etibarən 15 il ərzində əvvəl təhsil aldıqları universitetə bərpa olunmaq üçün müraciət edə bilərlər.

AzEdu.az xəbər verir ki, bu məsələ ali təhsil müəssisələrinə tələbələrin bərpası qaydalarında əksini tapıb.

Qaydalara əsasən, bakalavriat səviyyəsində təhsil alan şəxslər əvvəl təhsil aldıqları ixtisas və təhsilalma forması üzrə, magistratura səviyyəsində təhsil alanlar isə əvvəl oxuduqları ixtisaslaşma və təhsilalma forması üzrə bərpa üçün müraciət edə bilərlər.

Təhsil müəssisəsinə bərpa prosesi yay və qış tətili dövründə həyata keçirilir.

İxtisas və ya təhsilalma forması dəyişərsə, nə baş verir?

Bakalavriat səviyyəsində tələbənin əvvəl təhsil aldığı ixtisas üzrə kadr hazırlığı aparılmırsa, o, həmin universitetdə uyğun ixtisas və mövcud təhsilalma forması üzrə bərpa oluna bilər. Bu zaman əvvəlki və yeni ixtisaslar eyni ixtisas qrupu daxilində olmalıdır.

Əgər əvvəlki ixtisas qrupu üzrə uyğun ixtisas və təhsilalma forması mövcud deyilsə, Elm və Təhsil Nazirliyinin razılığı ilə başqa ali təhsil müəssisəsinə bərpa olunmaq mümkündür.

Magistratura səviyyəsində də oxşar qaydalar tətbiq edilir. Əvvəlki ixtisaslaşma üzrə kadr hazırlığı aparılmadıqda, tələbə eyni ixtisas daxilində başqa ixtisaslaşma üzrə bərpa oluna bilər. Əvvəl təhsil aldığı ixtisas və ixtisaslaşma üzrə kadr hazırlığı mövcud olmadıqda isə müəyyən şərtlərlə başqa ali təhsil müəssisəsinə bərpa məsələsinə baxıla bilər.

Bütün tələbələr eyni qaydada bərpa olunurlar?

Qaydalarda bəzi tələbə kateqoriyaları üçün xüsusi şərtlər də nəzərdə tutulub.

Ali təhsil müəssisəsinə qəbul imtahanında iştirak etmədən, müsabiqədənkənar qəbul olunmuş tələbələr xaric edildikdən sonra yalnız müvafiq qaydalarda göstərilən ixtisaslar üzrə bərpa üçün müraciət edə bilərlər.

Qəbul imtahanında iştirak etmədən müsabiqə yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş subbakalavrların bərpası da müəyyən məhdudiyyətlərlə həyata keçirilir. Bu şəxslər, əsasən, qəbul olunduqları ixtisas və təhsilalma forması üzrə bərpa oluna bilərlər.

Universitet bağlanarsa, tələbə hara bərpa oluna bilər?

Təhsil müəssisəsi yenidən təşkil edildikdə və ya ləğv olunduqda, sabiq tələbə əvvəl təhsil aldığı müəssisənin hüquqi varisi olan və ya Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi digər ali təhsil müəssisəsinə bərpa oluna bilər.

Xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunan şəxslərin bərpası isə onların xaric edilmə səbəbindən və müraciət etdikləri müəssisənin növündən asılı olaraq ayrıca qaydalarla tənzimlənir.

Bərpa barədə müraciətlər müəyyən edilmiş prosedur və tələblər əsasında nəzərdən keçirilir. Bərpa olunan tələbənin şəxsi işi də müvafiq qaydada yenidən rəsmiləşdirilir.

İran hərəkətə keçdi - Bakıya qarşı şok hücum başladı
Son xəbərlərDaha çox