Azedu.az

“Gənclər kəlağayıdan daha çox istifadə etməlidir”

AzEdu Təhsil Platforması

14 Oktyabr 2026, 17:45
“Gənclər kəlağayıdan daha çox istifadə etməlidir”

Gənclər kəlağayıdan daha çox istifadə etməlidir.

Kəlağayının milli-mənəvi dəyər kimi qorunması və gələcək nəsillərə ötürülməsi üçün gənclər arasında təbliği gücləndirilməlidir. Milli irsimizin bu nümunəsi gündəlik həyatda da öz yerini almalıdır.

AzEdu.az xəbər verir ki, bunu İctimai Həyatda Gənclərə Dəstək İctimai Birliyinin sədri Vüsalə Süleymanova Bakının mərkəzində keçirilən “Kəlağayı yürüşü” zamanı deyib.

O bildirib ki, təxminən 20 il əvvəl kəlağayılar əsasən sandıqlarda saxlanılırdısa, hazırda bu milli irs nümunəsi yenidən ictimaiyyətin diqqətini cəlb edir.

Vüsalə Süleymanovanın sözlərinə görə, kəlağayının yaşadılması və gündəlik həyatda istifadəsinin genişləndirilməsi üçün gənclər daha fəal olmalıdırlar.

“Gənclər hər bir xoş günlərində, nişan mərasimlərində kəlağayıdan istifadə etməlidirlər. Çünki kəlağayının ipindən tutmuş naxışlarına qədər hər bir detal bizim tariximizdir. 

O, milli-mənəvi dəyərlərimizin ən önəmli atributlarından biridir”, - deyə o bildirib.
İctimai Birliyin sədri kəlağayının istifadə formasına da münasibət bildirib. 

O vurğulayıb ki, bu milli baş örtüyündən başda və ya boyun örtüyü kimi istifadə etmək daha məqsədəuyğundur.

Vüsalə Süleymanova bəzi gənclərin kəlağayını bel və kəmər əvəzi istifadə etməsini düzgün hesab etmədiyini söyləyib. 

Onun fikrincə, kəlağayının ənənəvi mahiyyətinin qorunması və gələcək nəsillərə düzgün çatdırılması vacibdir.

O, gəncləri kəlağayı ənənəsini yaşatmağa, bu milli dəyəri gündəlik həyatlarında daha çox istifadə etməklə gələcək nəsillərə ötürməyə çağırıb.

Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir
Son xəbərlərDaha çox