Azedu.az

Böyüklərin mübahisəsi uşaqlara təsir edir - Məktəb psixoloqlarına ÇAĞIRIŞ

Orta təhsil

14 Oktyabr 2026, 15:32
Böyüklərin mübahisəsi uşaqlara təsir edir - Məktəb psixoloqlarına ÇAĞIRIŞ

Bildiyimiz kimi, son günlər vahid geyim tələblərinə əməl etməyən şagirdlərin dərsə buraxılmaması və valideynlərin buna etirazı ətrafında müzakirələr aparılır. Məktəblərdə yaranan gərginlik və münaqişələr isə şagirdlərin psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.

Bəs həssas məqamlarda məktəb psixoloqlarının şagirdlərlə iş prinsipi necə olmalıdır? 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, məktəb psixoloqu şagirdlərin təhsildən kənarda qalmasının qarşısını almağa çalışmalıdır:

191150

"Ümumiyyətlə, belə hallarda məktəb psixoloqu ilk növbədə uşağın psixoloji təhlükəsizliyini qorumalı, ayrı-seçkiliyin qarşısını almaq üçün şagirdlərlə müvafiq söhbətlər aparmalıdır. O, məktəb rəhbərliyi ilə valideynlər arasında vasitəçi rolunu da üzərinə götürməlidir.

Məktəb psixoloqu yaranmış vəziyyəti obyektiv şəkildə sənədləşdirməli, uşaqlarla fərdi psixoloji söhbətlər aparmalı, valideynləri dinləməli və tərəflər arasında qarşılıqlı anlaşmanın təmin olunmasına çalışmalıdır. Hüquqi dövlət olduğumuzu və vahid məktəb formasının şagirdlər arasında birlik hissini gücləndirmək məqsədi daşıdığını nəzərə alsaq, xüsusilə yeniyetməlik dövründə yarana biləcək emosional gərginliyin qarşısını almaq üçün psixoloqun bu məsələyə həssas yanaşması vacibdir.

Ən əsası, məktəb psixoloqu şagirdlərin təhsildən kənarda qalmasının qarşısını almağa çalışmalıdır. Dərslərin buraxılması, təlim nəticələrinin zəifləməsi və uşaqların psixoloji rifahına təsir edən amillər onun diqqət mərkəzində olmalıdır. Vəziyyət məktəb səviyyəsində həllini tapmadıqda isə psixoloq məsələni aidiyyəti yuxarı qurumların diqqətinə çatdırmalıdır. Çünki onun əsas vəzifələrindən biri uşaqların psixoloji sarsıntı keçirməsinin qarşısını almaq və onların mənafeyini qorumaqdır".

Otuz-otuz beş il əvvəl şagirdlər vahid məktəbli forması ilə dərsə gəlirdi. Həmin dövrdə davranış qaydalarının pozulması da dəfələrlə az idi:

"Digər tərəfdən, bir psixoloq olaraq tövsiyə edərdim ki, məktəb psixoloqları uşaqların psixoloji vəziyyətinə təsir göstərən belə məqamlarda daha fəal olsunlar. Problemin həlli üçün, təbii ki, kompleks yanaşma və birgə fəaliyyət vacibdir.

Ümumilikdə isə buradan bütün valideynlərə müraciət edərək demək istəyirəm ki, baş örtüyü məsələsini fanatik bir yanaşma ilə təqdim ediriksə, ilk növbədə, övladlarımıza necə zərər verdiyimiz barədə düşünməliyik. Yalnız bundan sonra kənar şəxslərdən, məktəb rəhbərliyindən və psixoloqlardan nəsə tələb edə, yaxud onları günahlandıra bilərik.

Biz hüquqi dövlətik və qanunlara hörmətlə yanaşmalıyıq. Otuz-otuz beş il əvvəlki, məsələn, 1983-cü və ya 1993-cü illərin şagirdlərini xatırlasaq, hamının vahid məktəbli forması ilə dərsə gəldiyini görərik. Həmin dövrdə, mən deyərdim ki, davranış qaydalarının pozulması da dəfələrlə az idi. Çünki hər kəs məktəbin qapısından içəri daxil olarkən vahid forması ilə şagird olduğunu anlayırdı. Hətta ayaqqabıların görünüşünə və rahatlığına belə məktəb rəhbərliyi diqqət yetirirdi ki, şagird məktəbli formasına uyğun geyinsin.

Buna görə də valideynlərlə fərdi söhbətlər aparılması mütləqdir. Valideynin şəxsi mövqeyi qanun qarşısında uşağın davranışına təsir göstərirsə, gələcəkdə həmin uşaq hər hansı məsul vəzifədə çalışarkən də ona qoyulan tələbləri yerinə yetirməyə bilər. O düşünə bilər ki, yalnız öz istəkləri əsas götürülməlidir. Halbuki hər hansı bir tələbə qarşı çıxmaq və ya fərqli fikir bildirmək avtomatik olaraq çevriliş cəhdi demək deyil".

Uşaqlara vurulan psixoloji zərbə gələcəkdə onların cəmiyyətə qarşı aqressiv və üsyankar münasibət formalaşdırmasına səbəb ola bilər:

"Uşaqlara məsələnin mahiyyəti düzgün izah edilməli, demokratik dəyərlərə və vahid məktəbli forması tələbinə hörmətlə yanaşmağın əhəmiyyəti başa salınmalıdır. Əks halda, uşaqlara vurulan psixoloji zərbə gələcəkdə onların cəmiyyətə qarşı aqressiv və üsyankar münasibət formalaşdırmasına səbəb ola bilər.

İnsanın öz haqqını və hüquqlarını tələb etməsi tamamilə başqa məsələdir. Lakin etirazın aqressiyaya və qəddarlığa çevrilməsi yolverilməzdir. Bəzən görürük ki, valideynlər övladlarının təhsil aldığı məktəblərə zərər vurur, hətta məktəb direktorunun avtomobilini yandırırlar. Bu cür davranışlar aqressiyanın və qanunlara qarşı açıq hörmətsizliyin göstəricisidir. Qanunu pozan və özbaşınalığa yol verən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Əks halda, cəmiyyətdə daha böyük xaos yarana bilər. Biz rahat yaşayışımızı qəfil xaosa çevirməməli, qorxu içində yaşamağa səbəb olacaq davranışlara yol verməməliyik".

İranla Türkiyədən Bakıya eyni anda hücum - ŞOK XƏBƏRDARLIQ!
Son xəbərlərDaha çox