"Hamının arzu və istəyi bir olmur. Hərə öz evinin arzuladığı geyimlə məktəbə gəlsə, siz təsəvvür edin ki, onun ümumi nəticəsi nə olacaq? Məktəb elə o birinci sinifdə olan fidanlarımıza öyrədir ki, yol budur, geyim budur. Bir də dünyanın inkişaf etmiş dövlətlərinə baxaq. Onlarda artıq geyimlə bağlı heç bir problem yoxdur".
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov AzEdu.az və Modern.az-a geniş müsahibəsində qeyd edib.
Deputat bildirib ki, vahid məktəbli formasının əsas məqsədi məktəbdə bərabərlik yaratmaqdır:
"Hamının geyimi eyni olmalıdır ki, heç bir şagird biri-birindən fərqlənməsin. Vahid geyim deyərkən biz milli adət-ənənəmizə imtina etmirik. Biz öz dinimizdən fərqli olaraq başqa dinin arxasına düşmürük. Heç zaman yaddan çıxartmamalıyıq ki, bu ölkənin əhalisinin böyük əksəriyyəti islam dinindən olan insanlardır. Avropada təhsil ala bilərik, o düşüncənin sahibi ola bilərik, amma unutmamalıyıq ki, biz azərbaycanlıyıq.
"Ümumi təhsil haqqında" qəbul etdiyimiz qanunda da şagird, valideyn və müəllimin maraqlarına zidd heç nə yoxdur. Mən çox xahiş edərdim ki, qanunu diqqətlə oxusunlar. Nə aydın olmasa sual versinlər. Biz həmin suallara cavab verək. Ondan sonra o təbliğat yayanlar görəcəklər ki, şagirdin əleyhinə heç nə yoxdur".