Nobel mükafatları elm və mədəniyyət sahəsində əldə edilən ən böyük nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasının əsas simvollarından biridir. Hər il fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və sülh sahələrində mühüm uğurlara imza atan şəxslər bu mükafata layiq görülür. Lakin elmin demək olar ki, bütün istiqamətlərinin inkişafında mühüm rol oynayan riyaziyyat bu siyahıda yer almır.
AzEdu.az Nobel mükafatlarının tarixini araşdıraraq riyaziyyatın niyə bu siyahıdan kənarda qaldığını, bununla bağlı yayılan məşhur əfsanələri və riyaziyyatçıların ən nüfuzlu beynəlxalq mükafatlarını araşdırıb.
Alfred Nobel riyaziyyatı niyə mükafat siyahısına daxil etməyib?
İsveçli kimyaçı, mühəndis və ixtiraçı Alfred Nobel 1833-cü ildə Stokholmda anadan olub. O, daha çox dinamiti ixtira etməsi ilə tanınır. Həyatı boyu kimya və partlayıcı maddələr sahəsində araşdırmalar aparan Nobel 355 patent əldə edib və böyük sərvət sahibi olub.
Nobel 27 noyabr 1895-ci ildə imzaladığı vəsiyyətnaməsində sərvətinin böyük hissəsinin insanlığa fayda verən nailiyyətləri mükafatlandırmaq üçün istifadə edilməsini istəyib. Bu məqsədlə beş istiqamət müəyyənləşdirib: fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və sülh. İlk Nobel mükafatları isə 1901-ci ildə təqdim olunub.
Lakin onun vəsiyyətnaməsində riyaziyyatın adının çəkilməməsi sonradan çoxsaylı müzakirələrə səbəb olub. Ən çox yayılan iddialardan biri bu qərarın şəxsi münasibətlərlə bağlı olmasıdır.
Məşhur əfsanəyə görə, Alfred Nobel İsveçli riyaziyyatçı Gösta Mittag-Leffler ilə münasibətlərinin yaxşı olmaması səbəbindən riyaziyyat üzrə mükafat təsis etməyib. İddianın başqa bir versiyasında isə Nobelə yaxın olan qadının həmin riyaziyyatçı ilə münasibət yaşadığı və bunun Nobelə təsir etdiyi bildirilir.
Ancaq bu hekayənin tarixi əsası yoxdur. Ən mühüm məqamlardan biri Alfred Nobelin heç vaxt evlənməməsidir. Onun Mittag-Lefflerlə münasibətlərinin gərgin olması barədə fikirlər mövcud olsa da, bu amilin riyaziyyatın mükafat siyahısından çıxarılmasına səbəb olduğunu təsdiqləyən etibarlı sübut yoxdur.
Bəs onda həqiqi səbəb nədir?
Tədqiqatçılar hesab edirlər ki, məsələnin daha real izahı Alfred Nobelin mükafat sahələrini öz maraqları və dövrünün elmi-ictimai baxışları əsasında müəyyənləşdirməsidir. Nobel kimya və fizika sahələrində çalışan ixtiraçı idi. Eyni zamanda ədəbiyyata maraq göstərir, sülh təşəbbüslərinə də xüsusi əhəmiyyət verirdi.
XIX əsrin sonlarında riyaziyyatın digər elmlərin inkişafındakı rolu bugünkü qədər geniş ictimaiyyət tərəfindən dərk edilmirdi. Riyaziyyat daha çox nəzəri elm kimi qəbul edilir, onun praktik nəticələri isə fizika və kimya kimi sahələr vasitəsilə üzə çıxırdı. Bununla belə, Nobelin riyaziyyatı məhz bu səbəbdən siyahıya daxil etmədiyini təsdiqləyən sənəd yoxdur.
Beləliklə, riyaziyyatın Nobel mükafatları sırasında olmamasının dəqiq səbəbi bu gün də məlum deyil. Alfred Nobel öz vəsiyyətnaməsində beş istiqaməti müəyyənləşdirib, lakin digər elm sahələrini niyə seçmədiyini izah etməyib.
İqtisadiyyat üzrə Nobel mükafatı necə yarandı?
Riyaziyyatla bağlı müzakirələrdə tez-tez başqa bir sual da ortaya çıxır: Əgər Alfred Nobel yalnız beş istiqamət müəyyənləşdiribsə, iqtisadiyyat üzrə mükafat necə təsis edilib?
Əslində, iqtisadiyyat üzrə mükafat da Alfred Nobelin vəsiyyətnaməsində nəzərdə tutulmayıb. 1968-ci ildə İsveç Mərkəzi Bankı (Sveriges Riksbank) yaranmasının 300-cü ildönümü münasibətilə Alfred Nobelin xatirəsinə İqtisadiyyat Elmləri üzrə mükafat təsis edib. İlk mükafat 1969-cu ildə təqdim olunub.
Bu mükafat rəsmi olaraq Alfred Nobelin xatirəsinə İqtisadiyyat Elmləri üzrə İsveç Mərkəzi Bankı mükafatı adlanır. Gündəlik istifadədə Nobel İqtisadiyyat Mükafatı kimi tanınsa da, hüquqi və tarixi baxımdan Alfred Nobelin vəsiyyəti əsasında yaradılan beş orijinal Nobel mükafatından fərqlənir.
Bu fakt onu göstərir ki, Nobel mükafatlarına sonradan yeni istiqamət əlavə etmək mümkündür. Ancaq iqtisadiyyat üzrə mükafatın yaradılmasından onilliklər keçməsinə baxmayaraq, riyaziyyat hələ də bu sistemə daxil edilməyib.
Riyaziyyatçıların Nobel mükafalı hesab edilən alternativləri hansılardır?
Nobel mükafatının riyaziyyat üzrə təqdim edilməməsi bu sahədə çalışan alimlərin beynəlxalq səviyyədə tanınmadığı anlamına gəlmir. Əksinə, riyaziyyatçılar üçün təsis edilmiş, elmi nüfuzuna və əhəmiyyətinə görə Nobel mükafalı ilə müqayisə edilən bir neçə nüfuzlu mükafat mövcuddur. Onların arasında Fields medalı və Abel mükafatı xüsusi yer tutur.
Fields medalı riyaziyyat sahəsində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur. Kanadalı riyaziyyatçı Con Çarlz Fildsin təşəbbüsü ilə yaradılan mükafat ilk dəfə 1936-cı ildə Norveçin Oslo şəhərində təqdim edilib.
Beynəlxalq Riyaziyyatçılar İttifaqı tərəfindən verilən Fields medalı dörd ildən bir, Beynəlxalq Riyaziyyatçılar Konqresi çərçivəsində təqdim olunur. Mükafatın əsas məqsədi riyaziyyat sahəsində mühüm nailiyyətlər əldə etmiş və gələcəkdə də böyük elmi töhfələr vermək potensialı olan alimləri fərqləndirməkdir.
Fields medalının ən maraqlı xüsusiyyətlərindən biri yaş məhdudiyyətidir. Mükafatın təqdim olunduğu ilin yanvarın 1-dək namizədin 40 yaşı tamam olmamalıdır. Bu qayda mükafatın əsasən gənc riyaziyyatçıların elmi uğurlarını və gələcək potensialını qiymətləndirməsinə imkan verir.
Maraqlı məqamlardan biri də odur ki, Fields medalının üzərində qədim yunan riyaziyyatçısı Arximedin təsviri yer alır. Medalın arxa tərəfində isə dünyanın müxtəlif yerlərindən toplaşan riyaziyyatçıların görkəmli elmi əsərlərə görə mükafat təqdim etməsini ifadə edən latınca yazı həkk olunub.
Abel mükafatı isə riyaziyyatçıların ömürboyu elmi fəaliyyətini və bu sahəyə verdikləri mühüm töhfələri qiymətləndirən ən nüfuzlu beynəlxalq mükafatlardandır.
Mükafat Norveç hökuməti tərəfindən 2002-ci ildə, məşhur norveçli riyaziyyatçı Nils Henrik Abelin anadan olmasının 200-cü ildönümü münasibətilə təsis edilib. İlk dəfə 2003-cü ildə fransız riyaziyyatçısı Jan-Pyer Serrə təqdim olunub.

Norveç Elmlər və Ədəbiyyat Akademiyası tərəfindən hər il təqdim edilən Abel mükafatında yaş məhdudiyyəti yoxdur. Bu xüsusiyyət onu Fields medalından fərqləndirən əsas cəhətlərdən biridir. Mükafatın məqsədi yalnız ayrı-ayrı kəşfləri deyil, həm də riyaziyyatın inkişafına uzun illər ərzində verilən töhfələri qiymətləndirməkdir.
Abel mükafatı ilə bağlı daha bir maraqlı tarixi məqam var. Əslində, onun yaradılması ideyası 2002-ci ildən xeyli əvvəl ortaya çıxıb. Norveçli riyaziyyatçı Sofus Lie hələ XIX əsrin sonlarında Nobel mükafatları sırasında riyaziyyatın olmamasına diqqət çəkərək Abel adına beynəlxalq mükafat yaradılmasını təklif etmişdi. Lakin onun 1899-cu ildə vəfat etməsindən sonra bu təşəbbüs uzun müddət reallaşmadı. Yalnız Abelin anadan olmasının 200-cü ildönümündə ideya yenidən gündəmə gətirildi və nəticədə mükafat təsis edildi.
Şou mükafatı (Shaw Prize) da riyaziyyat sahəsində böyük elmi nailiyyətlərin qiymətləndirildiyi beynəlxalq mükafatlardandır. Honkonqlu sahibkar və xeyriyyəçi Run Run Şounun təşəbbüsü ilə 2002-ci ildə yaradılan mükafat ilk dəfə 2004-cü ildə təqdim olunub.
Şou mükafatı üç istiqaməti əhatə edir: astronomiya, həyat elmləri və tibb, riyaziyyat elmləri. Riyaziyyat üzrə mükafat bu sahədə mühüm elmi irəliləyişlərə və əhəmiyyətli tədqiqatlara imza atan alimlərə verilir. 2016-cı ildən etibarən hər bir mükafatın pul məbləği 1,2 milyon ABŞ dolları müəyyən edilib.
Riyaziyyatçılar Nobel mükafatı ala bilməzlər?
Riyaziyyatın Nobel mükafatları sırasında ayrıca kateqoriyasının olmaması o demək deyil ki, riyaziyyatçılar heç vaxt Nobel laureatı ola bilməzlər. Onların elmi araşdırmaları digər istiqamətlər üzrə mükafatlandırıla bilər.
Buna ən maraqlı nümunələrdən biri amerikalı riyaziyyatçı Con Neşdir. O, oyun nəzəriyyəsi sahəsindəki fundamental tədqiqatlarına görə 1994-cü ildə İqtisadiyyat Elmləri üzrə Nobel mükafatına layiq görülüb. Onun elmi işləri iqtisadiyyatla yanaşı, riyaziyyatın da inkişafında mühüm rol oynayıb.
Bu nümunə riyaziyyatın digər elmlərlə nə qədər sıx bağlı olduğunu bir daha göstərir. Müasir dövrdə süni intellekt, məlumatların təhlili, kriptoqrafiya, iqtisadi modelləşdirmə və kosmik tədqiqatlar kimi sahələrin inkişafı da riyazi nəzəriyyələrə əsaslanır.
Beləliklə, Nobel mükafatları sırasında riyaziyyat kateqoriyasının olmaması bu elmin əhəmiyyətinin az olması ilə əlaqələndirilə bilməz. Sadəcə, Alfred Nobel öz vəsiyyətində bu sahəni ayrıca istiqamət kimi müəyyənləşdirməyib. Riyaziyyat dünyası isə sonradan yaradılan Fields, Abel və Şou mükafatları vasitəsilə ən böyük elmi nailiyyətlərini beynəlxalq səviyyədə tanıtmaq üçün öz nüfuzlu platformalarını formalaşdırıb.