Fransada sentyabrın ikinci yarısında başlayan şagird etirazları qısa müddətdə ölkə miqyasına yayılıb.
Müəllim çatışmazlığı, məktəblərin maddi-texniki vəziyyəti və gələcək təhsil imkanları ilə bağlı narazılıqlardan qaynaqlanan aksiyalar təhsil müəssisələrinin fəaliyyətinə, dərs prosesinə və şagirdlərin təhlükəsizliyinə ciddi təsir göstərib.
AzEdu.az Fransada baş verən hadisələrin təhsil sahəsində yaratdığı fəsadları, şagirdlərin tələblərini və hökumətin reaksiyasını araşdırıb.
Etirazlar nə vaxt başladı və səbəbləri nə idi?
Fransada etiraz dalğası Paris ətrafındakı Kretey (Créteil) şəhərində yerləşən Saint-Exupéry liseyində başlayıb. Şagirdlər məktəblərdə müəllim çatışmazlığına, tədris resurslarının azlığına və təhsil şəraitindəki problemlərə etiraz ediblər. Sentyabrın sonlarından etibarən aksiyalar Paris ətrafından ölkənin digər şəhərlərinə də yayılıb.
Narazılığın əsas səbəblərindən biri dövlət məktəblərində müəllim çatışmazlığıdır. Şagirdlər bəzi fənlər üzrə müəllimlərin uzun müddət dərsə gəlmədiyini, onları əvəz edəcək şəxslərin tapılmadığını və bunun tədris proqramının mənimsənilməsinə mane olduğunu bildiriblər.
TIME nəşrinin oktyabrın 2-də dərc etdiyi, oktyabrın 6-da yenilənən materialında Fransa Təhsil Nazirliyinin məlumatlarına istinadən 2024-2025-ci tədris ilində dövlət orta məktəblərində dərs saatlarının təxminən 10 faizinin keçirilmədiyi qeyd olunub. Bunun 7,5 faizinin əvəzedici müəllim tapılmaması ilə bağlı olduğu bildirilib.
Etirazların digər istiqaməti Fransada ali məktəblərə qəbul üçün istifadə olunan Parcoursup platformasıdır. Şagirdlər qəbul prosesinin yaratdığı stressdən, seçimlərin nəticələri ilə bağlı qeyri-müəyyənlikdən və təhsil imkanları arasındakı sosial bərabərsizlikdən narazılıqlarını ifadə ediblər.
Sosial şəbəkələr də aksiyaların yayılmasında mühüm rol oynayıb. Məktəblərdəki problemlər barədə paylaşımlar və etiraz çağırışları Snapchat, Instagram və TikTok kimi platformalarda yayılıb. Bununla belə, iştirakçıların hamısının eyni məqsəd güddüyünü söyləmək olmaz. Bir qrup şagird daha yaxşı təhsil şəraiti tələb etdiyi halda, bəzi ərazilərdə aksiyalar zorakılıq, əmlaka ziyan vurulması və polislə toqquşmalarla nəticələnib.
Şagirdlər etirazların səbəblərini açıqladılar: “Bizə qulaq asmırlar”
Beynəlxalq mediaya danışan şagirdlər və universitet tələbələri müəllim çatışmazlığını, məktəblər arasındakı resurs fərqlərini, gələcəklə bağlı narahatlıqları və dövlət orqanlarının onların fikirlərini nəzərə almamasını əsas problemlər kimi göstəriblər.
Al Jazeera nəşrinə danışan 19 yaşlı universitet tələbəsi Teo ilk dəfə nümayişə qatıldığını və lisey şagirdlərinə dəstək vermək istədiyini bildirib. Onun sözlərinə görə, problem yalnız məktəblərlə məhdudlaşmır, universitetlər və xəstəxanalar da daha çox resursa ehtiyac duyur.
“Bizim resurslarımız çox azdır. Hamımızın tələbi daha yaxşı gələcəkdir”, - deyə Teo bildirib. O, hökumətin maliyyə prioritetlərini tənqid edərək gənclərin daha yaxşı ictimai xidmətlər tələb etdiklərini vurğulayıb.

16 yaşlı lisey şagirdi Olimpa məktəbində müəllimlərin dərsə gəlməməsindən və digər təhsil müəssisələri ilə müqayisədə daha az resursla təmin olunmalarından narazılığını ifadə edib. Onun sözlərinə görə, məktəblər arasındakı imkan fərqləri şagirdlərin bərabər təhsil almaq imkanlarına təsir göstərir.
15 yaşlı Raniya gənclərin fikirlərinin dinlənilmədiyini bildirib: “Bizə ümumiyyətlə qulaq asılmadığını hiss edirik. Özümüzü aşağılanmış kimi hiss edirik, xüsusilə də gələcəyin biz olduğumuzu nəzərə alsaq”.
17 yaşlı Rafael də gənclərin yaşlarına görə ictimai və siyasi məsələləri anlamadıqlarının düşünüldüyünü söyləyib. O, etirazların gənclərin öz mövqelərini əsaslandıra və müdafiə edə bildiklərini göstərmək üçün bir vasitə olduğunu bildirib. 16 yaşlı Rouz isə problemlər həll olunmasa, aksiyaların davam edə biləcəyini qeyd edib.
Universitet tələbəsi Klara da lisey şagirdlərinin tələblərini dəstəklədiyini vurğulayıb. O, yaşadığı Sena-Sen-Deni bölgəsindəki məktəblərdə şagirdlərin uzun müddətdir qəbuledilməz şəraitdə təhsil aldıqlarını bildirib.

Le Monde nəşrinə danışan Sevran şəhərindəki Blaise-Cendrars liseyinin şagirdi İlyas məktəbin gənclər üçün gələcəyə yol açan bir məkan olmalı olduğunu deyib. Eyni məktəbdə oxuyan Aqsayan fransız dili müəlliminin 2025-ci ilin dekabrından 2026-cı ilin iyununa qədər dərsə gəlmədiyini və keçilməyən mövzular səbəbindən imtahanda çətinlik yaşadığını bildirib.
Lill şəhərindəki Faidherbe liseyinin şagirdi Fanni də siniflərin sıxlığına, məktəb binalarının təmirə ehtiyac duymasına və təhsil şəraitinin pisləşməsinə diqqət çəkib. O, bununla yanaşı, iqlim problemləri, süni intellektin gələcəkdə iş yerlərinə təsiri və siyasi vəziyyətlə bağlı narahatlıqlarını ifadə edib.
Bu açıqlamalar göstərir ki, şagirdlərin narazılığı yalnız məktəbdəki gündəlik problemlərlə deyil, həm də gələcək təhsil və iş imkanları ilə bağlı qeyri-müəyyənliklərlə əlaqəlidir.
Etirazlar təhsil müəssisələrinin fəaliyyətinə necə təsir edib?
Etirazların əsas nəticələrindən biri məktəblərin fəaliyyətinin pozulması və dərslərin dayandırılması olub. Məktəb girişlərinin bloklanması, təhlükəsizlik riskləri və polislə toqquşmalar bəzi müəssisələrdə dərslərin tam, digərlərində isə qismən dayandırılmasına səbəb olub.
Sentyabrın 28-də 180 təhsil müəssisəsinin etirazlardan təsirləndiyi barədə məlumat yayılıb. Oktyabrın 1-də isə Fransa Təhsil Nazirliyinin məlumatına görə, 1 020-dən çox lisey etiraz və tətillərdən təsirlənib, 222 müəssisədə blokada qeydə alınıb.
Oktyabrın 2-də təxminən 3 700 liseydən 400-dən bir qədər çoxunun bağlanacağı barədə məlumat verilib. Həmin gün 560 liseydə etiraz və ya dərslərin təşkilinə mane olan hadisələr qeydə alındığı da bildirilirdi. Bu rəqəmlər bütün müəssisələrin tam bağlandığı demək deyil: bəzilərində girişlər bloklanıb, digərlərində isə dərslər qismən pozulub.
Oktyabrın 6-da etirazların yeni genişmiqyaslı mərhələsi yaşanıb. TIME nəşrinin məlumatına görə, Fransa Təhsil Nazirliyi həmin gün ən azı 900 liseyin bağlandığını bildirib. Eyni gün ölkə üzrə keçirilən nümayişlərə müəllimlər, valideynlər, həmkarlar ittifaqları və universitet tələbələri də qoşulub. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişçilərin sayı 250 mindən çox olub.
Oktyabrın 9-da blokadalar səbəbindən 3 700 liseydən 141-nin bağlı qaldığı bildirilib. Oktyabrın 12-də isə Fransa Təhsil Nazirliyinin məlumatlarına istinadən yayılan xəbərdə 130 təhsil müəssisəsinin bağlı olduğu, məktəblərin 96,5 faizinin fəaliyyətini davam etdirdiyi qeyd edilib. Həmin gün etirazların 27 departamentə yayıldığı bildirilib.
Dərslərin dayandırılması şagirdlərin tədris proqramından geri qalması, müəllimlərin dərsləri yenidən planlaşdırması və imtahanlara hazırlığın pozulması riskini artırır. Xüsusilə buraxılış siniflərində oxuyan və ali məktəblərə qəbul imtahanlarına hazırlaşan şagirdlər üçün dərs itkiləri əlavə çətinliklər yarada bilər.
Hansı məktəblərə ziyan dəyib?
Etirazlar zamanı bir sıra təhsil müəssisələrinin binalarına ziyan vurulub. Ən diqqətçəkən hadisələrdən biri Nant şəhərindəki Nelson-Mandela liseyində baş verib. Oktyabrın 1-də məktəbin giriş zalında yanğın törədilib və binanın bir hissəsi zədələnib.
Marsel şəhərindəki məktəblərdə də ciddi insidentlər yaşanıb. Victor Hugo liseyində iki müəllimin üzərinə təsadüfən benzin sıçradığı, yaxınlıqdakı Saint-Exupéry liseyində isə yanğını söndürməyə gələn yanğınsöndürənlərin avtomobilinin yandırıldığı barədə məlumatlar yayılıb. Nant şəhərindəki Nelson-Mandela liseyində baş verən yanğın səbəbindən bina təxliyə edilib.
Parisdə və digər şəhərlərdə məktəb binalarının fasadlarına, giriş hissələrinə və ətraf infrastruktura ziyan dəydiyi, bəzi ərazilərdə zibil qutularının yandırıldığı bildirilib.
Oktyabrın 9-da yayılan məlumatlarda həftənin əvvəlində 400–500 təhsil müəssisəsinin tam və ya qismən bağlandığı, onların 24-də yanğın və ya vandalizm halları qeydə alındığı qeyd olunub. Bu göstərici bütün Fransa üzrə yekun maddi zərərin məbləğini göstərmir. Ölkədəki məktəblərə dəyən ziyanın ümumi maliyyə qiymətləndirilməsi barədə təsdiqlənmiş vahid rəqəm açıqlanmayıb.
Məktəblərə vurulan ziyan təkcə binaların təmiri ilə məhdudlaşmır. Yanğın nəticəsində istifadə edilə bilməyən otaqlar, zədələnmiş girişlər və əlavə təhlükəsizlik tədbirləri dərslərin təşkilini çətinləşdirə bilər.
İğtişaşlar zamanı neçə nəfər saxlanılıb?
Etirazlar zamanı saxlanılanların sayı bir neçə gün ərzində kəskin artıb. Oktyabrın 1-də Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə 1 949 nəfərin saxlanıldığını açıqlayıb.
Le Monde qəzetinin oktyabrın 8-də dərc etdiyi və oktyabrın 10-da yenilənən materialında sentyabrın 28-dən oktyabrın 5-dək 6 059 nəfərin saxlanıldığı, onlardan 5 060-nın polis nəzarətinə götürüldüyü bildirilib. Ədliyyə Nazirliyinin məlumatına görə, polis nəzarətinə götürülənlərin 87 faizi yetkinlik yaşına çatmayanlar olub.
Reuters agentliyinin oktyabrın 10-da yaydığı məlumata görə, etirazlar başlayandan bəri saxlanılanların ümumi sayı 6 877 nəfərə çatıb. Bu rəqəm müxtəlif günlərdə qeydə alınmış saxlanılmaları əhatə edir və polis nəzarətinə götürülən şəxslərin sayı ilə eyni göstərici deyil.
Fransa hakimiyyəti zorakılıq, polis əməkdaşlarına hücum və ictimai əmlaka ziyan vurulması halları ilə bağlı hüquqi tədbirlərin görüləcəyini açıqlayıb. Hökumət nümayəndələri təhsil problemlərinin müzakirə oluna biləcəyini, lakin yanğınların və zorakılığın qəbulolunmaz olduğunu bildiriblər.
Şagirdlər və təhsil işçiləri arasında xəsarət alanlar var
Etirazlar zamanı şagirdlər, müəllimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıblar. Oktyabrın 1-də Fransa Təhsil naziri Eduar Gefre 170 şagirdin və 65 təhsil işçisinin xəsarət aldığını bildirib.
Oktyabrın 6-da baş nazir Sebastyan Lekornunun açıqlamasına istinadən yayılan məlumatlarda xəsarət alan şagirdlərin sayının 215-ə, təhsil işçilərinin sayının isə 85-ə yüksəldiyi qeyd olunub. Həmin dövrdə 700-dən çox polis əməkdaşının da xəsarət aldığı barədə məlumat yayılıb.
Hadisələr arasında ağır xəsarətlə nəticələnən insidentlər də olub. Sentyabrın 28-də 14 yaşlı Eden polis əməkdaşının atdığı gözyaşardıcı qumbaranın üzünə dəyməsi nəticəsində çənəsindən ağır xəsarət alıb. Oktyabrın əvvəlində Turs şəhərində 16 yaşlı məktəblinin bir gözünü itirdiyi barədə məlumat yayılıb.
Oktyabrın 5-də isə Lens şəhərində 15 yaşlı şagird polis qumbarası ilə bağlı insident zamanı əlini itirib. Hadisə ilə bağlı araşdırma başlanıb. Reuters-in oktyabrın 10-da yaydığı məlumata görə, polis əməkdaşlarının etirazlar zamanı güc tətbiqi ilə bağlı 24 araşdırma aparılırdı. Fransa Daxili İşlər naziri isə araşdırma müddətində səsboğucu qumbaraların istifadəsini dayandırdığını açıqlayıb.
Polisin etirazçılara qarşı güc tətbiq etməsi tənqidlərə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra polis davranışı ilə bağlı araşdırmalar başlanıb. İnsan hüquqları təşkilatları da azyaşlıların xəsarət alması və güc tətbiqinin mütənasibliyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Universitetlər də etirazlara qoşulub
İlk günlərdə əsasən lisey şagirdlərinin iştirak etdiyi aksiyalar sonradan ali təhsil müəssisələrinə də yayılıb. Universitet tələbələri məktəblilərin tələblərinə dəstək verməklə yanaşı, təhsil sistemində bərabər imkanlar, maliyyələşdirmə və gələcək təhsil perspektivləri ilə bağlı narazılıqlarını ifadə ediblər.
Tələbə birlikləri təxminən 30 universitetdə səfərbərlik olduğunu bildirib. Universitet rəhbərliklərini birləşdirən France Universités təşkilatı isə təxminən 12 kampusun girişlərinin bağlandığını qeyd edib. Bu göstəricilər aksiyaların orta təhsil müəssisələri ilə məhdudlaşmadığını göstərir.
Paris-VIII Universitetində siyasi elmlər üzrə təhsil alan Kler və Klara adlı iki tələbə də məktəblilərə dəstək məqsədilə aksiyaya qoşulub. Onlar Le Monde nəşrinə bildiriblər ki, məktəblilər sadəcə normal və layiqli təhsil şəraiti tələb edirlər.
Universitetlərdə vəziyyət eyni olmayıb. Bəzi kampuslarda girişlər bloklanıb, digərlərində dəstək aksiyaları keçirilib. Ayrı-ayrı ali təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı dəyişikliklər edilsə də, bütün universitetlərin fəaliyyətinin dayandırıldığı barədə məlumat yoxdur.
Fransa hökuməti hansı addımları atır?
Etirazların miqyası böyüdükcə Fransa hökuməti həm təhlükəsizliyi təmin etmək, həm də şagirdlərin tələblərinə cavab vermək zərurəti ilə üzləşib. Təhsil naziri Eduar Gefre oktyabrın əvvəlində təhsil birliklərinin nümayəndələri ilə görüşərək vəziyyəti müzakirə edib.
Oktyabrın 8-də nazir müəllim çatışmazlığının daha kəskin olduğu liseylərə 3 min əlavə əvəzedici müəllimin yönləndiriləcəyini açıqlayıb. Bundan əlavə, bir neçə yüz müəllimin işə götürülməsinə icazə verilməsi və qısamüddətli əvəzetmələr üçün əlavə dərs saatlarının ayrılması nəzərdə tutulub. Oktyabrın 9-da yayılan məlumatlarda 3 024 əvəzedici müəllimlə əlaqə saxlanıldığı bildirilirdi. Bu rəqəm onların hamısının artıq məktəblərdə işə başladığı anlamına gəlmir.
Təhsil Nazirliyi oktyabrın 7-dən liseylərdə şagirdlərin problemlərini dinləmək üçün yarım günlük görüşlərin keçirilməsini də nəzərdə tutub. Şagirdlərin fikirlərini öyrənmək məqsədilə onlayn sorğu təşkil edilib. Sorğu müəllim çatışmazlığı, məktəblərin maddi şəraiti, dərs cədvəlləri, Parcoursup prosesi və şagirdlərin qərarvermədə iştirakı kimi məsələləri əhatə edib. Sorğunun nəticələrinin oktyabrın sonunda ümumiləşdirilməsi planlaşdırılıb.
Oktyabrın 12-də Fransa Təhsil Nazirliyinin məlumatlarına istinadən yayılan xəbərdə məktəblərin 96,5 faizinin açıq olduğu, 130 təhsil müəssisəsinin isə bağlı qaldığı bildirilib. Bu göstərici etirazların təsirinin azaldığını göstərsə də, problemlərin tam həll olunduğunu təsdiqləmir.
Hökumətin qarşısında duran əsas vəzifələr dərslərin normal bərpası, müəllim çatışmazlığının azaldılması və məktəb binalarının təhlükəsizliyinin təmin edilməsidir. Bununla belə, etirazların səbəbləri uzun müddətdir müzakirə olunan struktur problemlərlə bağlı olduğundan, yalnız qısamüddətli tədbirlərin narazılığı tam aradan qaldıracağına zəmanət yoxdur.
Baş verənlər təhsil sisteminə uzunmüddətli necə təsir edə bilər?
Fransadakı hadisələr göstərir ki, müəllim çatışmazlığı, siniflərin sıxlığı və məktəb infrastrukturunun zəifliyi kimi problemlər vaxtında həll edilmədikdə geniş ictimai narazılığa çevrilə bilər. Dərslərin keçirilməməsi şagirdlərin proqramı mənimsəməsinə, imtahanlara hazırlığına və akademik nəticələrinə mənfi təsir göstərmək riski yaradır.
Bu vəziyyətdə sosial baxımdan həssas ailələrdən olan uşaqlar daha çox çətinliklə üzləşə bilərlər. Əlavə müəllim dəstəyi və fərdi hazırlıq imkanı olan şagirdlər dərs itkilərini daha asan aradan qaldıra bilər. Belə imkanları olmayan uşaqlar isə mövzuları mənimsəməkdə geri qala bilərlər. Nəticədə mövcud təhsil bərabərsizliyinin daha da dərinləşməsi ehtimalı yaranır.
Məktəb binalarına ziyan vurulması və müəllimlərin təhlükəsizliyinin risk altına düşməsi də təhsil mühitinə mənfi təsir göstərir. Təhsil müəssisələrinin normal fəaliyyəti üçün yalnız maliyyə və kadr təminatı deyil, həm də şagirdlərin və müəllimlərin özlərini təhlükəsiz hiss etməsi vacibdir.
Nəticə etibarilə, Fransada sentyabrın ikinci yarısında başlayan etirazlar qısa müddətdə təhsil sistemindəki problemləri ölkə gündəminin əsas mövzularından birinə çevirib. Oktyabrın əvvəlində minlərlə təhsil müəssisəsinin müxtəlif formalarda etirazlardan təsirlənməsi, məktəblərə ziyan dəyməsi, minlərlə şəxsin saxlanılması və şagirdlərlə təhsil işçilərinin xəsarət alması hadisələrin miqyasını göstərir. Sonrakı günlərdə bağlı məktəblərin sayı azalsa da, müəllim çatışmazlığı və təhsil şəraiti ilə bağlı narazılıqlar gündəmdə qalıb.
Hadisələrin təhsil sahəsinə təsirlərini aradan qaldırmaq üçün dərslərin bərpası ilə yanaşı, etirazlara səbəb olan problemlərin də həlli vacibdir. Müəllim çatışmazlığının azaldılması, məktəb binalarının yaxşılaşdırılması, normal tədris şəraitinin yaradılması və şagirdlərin tələblərinin dinlənilməsi gələcəkdə oxşar gərginliyin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.