Hazırda orta ümumtəhsil seqmentində ciddi problemə çevrilən və pedaqoji işin təşkilində əsas nöqsanlardan biri kimi qabardılan məsələlərdən biri də təhsilalanların ağır dərs yüküdür. Tədris prosesindəki məzmun ağırlığı, şagirdlərin müxtəlif parametrlər üzrə yüklənməsi onlarda zehni, fiziki və psixoloji baxımdan ciddi narahatlıqlar yarada bilmə gücündədir.
Orta ümumtəhsil müəssisələri üçün nəzərdə tutulmuş vahid tədris proqramının tətbiqi mexanizmləri bir çox hallarda təhsilalanların zehni imkanlarının xaricinə çıxaraq, pedaqoji prosesin faydalılığına mənfi təsir göstərməkdədir.
Eyni zamanda, şagirdlərin ağır dərs yükü, izafi informasiyalarla hədsiz təması onların kurikulum əsaslı məzmun standartları əsasında təşkil olunmalı olan, birbaşa şəxsiyyətin inkişafına yönəlik təhsil modelindən də xeyli uzaqlaşdırır. Belə olan halda təhsilalanlar çağdaş dünya dünya təhsilinin əsas tələbi-həyati tətbiq bacarıqları və onların mənimsənilməsi mexanizmindən xeyli geridə qalmış olurlar.
Bir çox ölkələrin təhsil təcrübəsində orta məktəblər üçün nəzərdə tutulmuş kurikulum standartlarının faydalı tətbiq mexanizmindən ötrü şagirdlərin nəzəri baza ilə təminatında müəyyən güzəştlərə gedilir. Bunun səbəbi təhsilalanların yaddaş bacarıqları ilə yanaşı, aldıqları informasiyaları düzgün şəkildə qavralamaları, emalı və tətbiqi yollarını asanlaşdırmaq və nisbətən əyləncəli hala salmaqdır. Artıq bir çox ölkələrdə uzun illərdir ki, tətbiq olunan bu mexanizm tədris prosesini şagirdlər üçün daha çatımlı etməklə yanaşı, onun missiyasını da praktikiləşdirib. Bugün Skandinaviya dövlətlərində, Qərbi Avropanın bir neçə ölkəsində şagirdlərin dərs yükünü azaltmaqdan ötrü bir çox ciddi addımlar atılıb. Məsələn, ağır ev tapşırıqları bu kimi ölkələrdə artıq tədris prosesindən çıxarılıb. Bizdə isə tam əksinə, ev tapşırığı anlayışını tədris prosesindən qətiyyən kənarda saxlamaq mümkün deyildir.
Həm bu, həm də digər detallar tədrisi mürəkkəb mexanizm kimi “təhsil üçbucağı”nın hər 3 tərəfi üçün – müəllim, şagird və valideyn- məcburiyyət faktoruna çevirir. Belə olduğu halda da təhsildən hər hansı effektiv nəticə gözləmək mümkün deyildir.

Məsələn, orta ümumtəhsil mühitində hazırda şagirdlərə ağır dərs yükü kimi görünən əsas predmetlərdən biri də Riyaziyyat fənnidir. Hazırda təhsilalanlar və onların valideynləri üçün Riyaziyyat izafi ağırlıqlı fənn kimi dəyərləndirilir. Şagirdlər ağır dərs yükü, çoxsaylı ev tapşırıqları ilə yükləndiklərini dedikdə ən çox nəzərdə tutduqları arqumentlərlə də məhz bu predmetlə bağlı olub. Lakin orta təhsil müəssisələrində tədris olunacaq Riyaziyyat fənninin kurikulum standartları, məzmun xətlərinin funksiyası həqiqətən də yüksək səviyyədə, şagirdlərin mövzuları ağırlaşdırılmış formada deyil, daha çatımlı səviyyədə təqdim olunur:
Riyaziyyat fənninin məqsəd və vəzifələri dövrün tələblərinə uyğun şəkildə aparılan məzmun islahatları ilə uyğunluq təşkil etdikdə daha səmərəli funksiyaya çevrilmiş olur. Bu təbii ki, tək Riyaziyyata deyil, tədris proqramında əksini tapan bütün fənlərə aid yanaşmadır. Sadəcə olaraq təhlili sırf Riyaziyyat predmeti üzərindən aparmaqla şagirdləri ağır məzmunla, dərs yükünün artırılması ilə deyil, təsdiqlənmiş məzmun sənədlərində əksini tapan mexanizmlərlə inkişaf etdirməyin vacibliyini vurğulamaqdır.
Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən təsdiqlənmiş Təhsil proqramlarında (kurikulumlar) əksini tapan “Təkmilləşdirilmiş Riyaziyyat fənn kurikulumu-2024” sənədinə qeyd olunur:
“Riyazi təhsilin əsas məqsədi əməllərin mexaniki icrası və biliklərin əzbərlənməsi deyil, balanslaşdırılmış prosedural və konseptual riyazi bilik və bacarıqların fərdi və ya qrup fəaliyyəti vasitəsilə qazanılmasıdır. Digər bir məqsəd isə şagirdin hər hansı bir problemi həll etmək üçün formal riyazi yanaşma və həll üsulları mövzusunda püxtələşməsi və bu yanaşma və üsulları tətbiq etməsidir. Bu məqsədlər şagirdləri riyazi təfəkkürü inkişaf etmiş və problem həllində səriştəsi olan bir fərd kimi yetişdirməyə xidmət edir. Bunu təmin etmək üçün isə riyazi təhsildə mühüm anlayışların və əsas ideyaların öyrənilməsinə xüsusi əhəmiyyət verilməlidir. Əlavə olaraq, bu anlayışların həm gündəlik həyatla, həm də bir-biri ilə əlaqəli şəkildə öyrənilməsi çox vacibdir”.
XXI əsrdə riyazi təhsilin əsas hədəfi kimi şagirdlərin aşağıdakı bacarıqlara yiyələnmələri və onları təkmilləşdirmələri nəzərdə tutulur:
• Problem həlli həll yolunun əvvəlcədən bilinmədiyi və ya həllə aparan yolun həmin anda naməlum olduğu, buna görə də mövcud biliklər əsasında mühakimə qabiliyyətindən istifadənin zəruri olduğu vəziyyətlərdə problemi başa düşmə, həll yolu üçün müəyyən strategiyanı ortaya qoyma, bu strategiyanı tətbiq etmə və həlli yoxlama bacarığıdır;
• Riyazi təfəkkür riyaziyyatda və gündəlik həyatda məntiqə, induksiya və deduksiyaya əsaslanan nəticələr çıxarma və bunları arqumentləşdirmə, riyazi model və əlaqələrə əsaslanaraq mühakimə yürütmə bacarığıdır;
• Riyazi əlaqələndirmə riyaziyyatın müxtəlif nəzəriyyə və konsepsiyaları arasında əlaqələr qurma, anlayış və qaydaların müqayisəsi, konkret və mücərrəd nümunələr arasında əlaqələr yaratma, digər fənn və gündəlik həyatla bağlı situasiyaları riyaziyyatla əlaqələndirmə bacarığıdır;
• Ünsiyyətqurma riyazi dildən və terminologiyadan münasib, düzgün və effektiv şəkildə istifadə etmə, düşüncələri riyazi dil, terminologiya, model və təqdimatlar vasitəsilə ifadə etmə bacarığıdır.
Hazırda orta ümumtəhsil seqmentində tədrisin məzmun xəttini ağırlaşdırıb, tədris tapşırıqlarını keyfiyyət və tətbiqi prinsiplərə görə deyil, yalnız kəmiyyət çoxluğuna görə tələb etməklə, həm də yuxarıdakı tendensiyalardan məhrum olmuş oluruq.
PROBLEMLƏR
Şagirdlərin ağır dərs yükü probleminə səbəb olan, onların təhsildən xeyli yadlaşmalarına səbəb olan mexanizmlər aşağıdakılardır:
-Ev tapşırıqlarının kəmiyyət çoxluğu və məzmun ağırlığı;
-Dərsliklərdəki akademik ağırlıq, mövzuların təqdimatında məzmun qəlizliyi;
-5 günlük və 6 günlük tədris həftələrinin tətbiq olunduğu məktəblərdə bəzi fənlər üzrə həftəlik dərs yükünün çoxluğu;
-Təhsilalanların müəllimlər tərəfindən proqramdan kənar, əlavə vəsait və yardımçı dərsliklərlə yüklənmələri;
-Təhsilverənlərin pedaqoji işin təşkilində çağdaş dünya təhsilinin şagirdləri zehni yorğunluqdan xilas edən bir çox faydalı dərs modellərindən xəbərsiz qalmaları və pedaqoji işi o istiqamətdə apara bilməmələri;
-Şagirdlərin I sinifdən başlayaraq, XI sinfədək müəllim və valideynlərinin diktəsi ilə məcburi repetitorluq xidmətinə cəlb olunması;
-Tətil günlərinin say çoxluğu və bunun dərs günlərindəki sıxlığa ciddi təsiri.

Ev tapşırıqları ilə ifrat yüklənmə hazırda ibtidai siniflərdə təhsil alan azyaşlı şagird və onların valideynləri üçün əsas problemə çevrilib. I-IV siniflər üzrə təhsilalanlar ev tapşırıqları ilə ifrat yüklənmələri onlarda digər ciddi məsələni-ağır məktəbli çantası problemini yaradır ki, bu da öz növbəsində ciddi fəsadlara yol açmış olur.
Qaydalara əsasən siniflər üzrə məktəblilər üçün ev tapşırığı saatları bu cür tənzimlənir: I sinifdə oxuyan uşaq üçün 1 saata qədər müəyyən olunub. Məktəbli evə getdikdən sonra ona verilən tapşırıqların həlli 1 saatlıq müddəti aşmamalıdır. 2-ci sinif üçün bu 1,5; 3-4-cü siniflərdə 2; 5-6-cı siniflər üçün 2, 5; 7-8-ci siniflərdə 3 və 9-11-ci siniflər üçün isə 4 saat göstərilir.
Lakin təəssüf ki, bu qaydalar bir çox hallarda pozulmuş olur. Çünki müəllimlər tərəfindən verilən ev tapşırıqlarının ifrat dərəcədə olması valideynlərin işlərini artırmaqla yanaşı, onların bu normativlərə düzgün əməl etmələrini də qəlizləşdirir.
Nazirlər Kabinetinin 27 dekabr 2013-cü il tarixli qərarı ilə bütün tipdən olan ümumtəhsil məktəblərində həftəlik dərs yükünün maksimum həddi 24 saatdan 36 saata qaldırılıb.
Məktəb yaşlı uşaqlarda zehni iş qabiliyyətinin ən yüksək bioritmik səviyyəsi saat 10-12 intervalına təsadüf edir. Orqanizmin ən aşağı psixofizioloji sərfi müqabilində materialın mənimsənilməsinin ən yüksək effektivliyi bu saatlarda müşahidə olunur.
Həmin zaman kəsiyini səmərəli dəyərləndirmək üçün ibtidai siniflərdə əsas fənlər 2 ci və 3-cü dərs saatlarında, daha yuxarı siniflərdə isə 2-ci, 3-cü və 4-cü dərs saatlarında tədris olunması daha məqsədəuyğundur.
Mütəxəssislər maksimum iş bacarığının həftənin ortalarına təsadüf etdiyini, bazar ertəsi və cümə günü bu qabiliyyətin səviyyəsinin aşağı düşdüyünü bildirirlər. Bu səbəbdən həftə ərzində akademik yükün paylanmasının ən böyük həcmi çərşənbə axşamı və ya çərşənbə gününə düşməsi daha məntiqlidir. Bu günlərdə dərs cədvəlində fənlər müvafiq olaraq həftənin qalan hissəsindən daha çox olmaqla çətinlik miqyasında ən yüksək hesaba və ya orta hesaba və çətinlik ölçüsündə ən aşağı hesaba uyğun olmalıdır.
|
№ |
Fənnin adı |
Siniflər üzrə həftəlik dərs saatlarının miqdarı |
||||||||||
|
I |
II |
III |
IV |
V |
VI |
VII |
VIII |
IX |
X |
XI |
||
|
1 |
Azərbaycan dili |
8 |
9 |
9 |
9 |
5 |
4 |
4 |
3 |
3 |
3 |
3 |
|
2 |
Ədəbiyyat |
|
|
|
|
2 |
2 |
2 |
2 |
2 |
2 |
2 |
|
3 |
Xarici dil |
1 |
1 |
1 |
1 |
2 |
3 |
3 |
3 |
3 |
4 |
4 |
|
4 |
İkinci xarici dil |
|
|
|
|
1 |
1 |
1 |
1 |
1 |
2 |
2 |
|
5 |
Riyaziyyat |
5 |
5 |
5 |
5 |
5 |
5 |
5 |
5 |
5 |
5 |
5 |
|
6 |
İnformatika |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
2 |
2 |
|
7 |
Azərbaycan tarixi |
|
|
|
|
2 |
1 |
1 |
2 |
2 |
2 |
2 |
|
8 |
Ümumi tarix |
|
|
|
|
|
1 |
1 |
1 |
1 |
1 |
1 |
|
9 |
Fizika |
|
|
|
|
|
|
2 |
2 |
3 |
2 |
2 |
|
10 |
Kimya |
|
|
|
|
|
|
2 |
2 |
2 |
2 |
2 |
|
11 |
Biologiya |
|
|
|
|
|
|
2 |
2 |
2 |
2 |
2 |
|
12 |
Coğrafiya |
|
|
|
|
|
2 |
2 |
2 |
2 |
2 |
2 |
|
13 |
Təbiət |
|
|
|
|
2 |
3 |
|
|
|
|
|
|
14 |
Həyat bilgisi |
1 |
1 |
2 |
2 |
|
|
|
1 |
1 |
|
|
|
15 |
Texnologiya |
1 |
1 |
2 |
2 |
1 |
1 |
1 |
1 |
1 |
|
|
|
16 |
Təsviri incəsənət |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
|
|
|
17 |
Musiqi |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
|
|
|
18 |
Fiziki tərbiyə |
2 |
2 |
2 |
2 |
2 |
2 |
2 |
2 |
2 |
2 |
2 |
|
19 |
Çağırışaqədərki hazırlıq |
|
|
|
|
|
|
|
|
|
2 |
2 |
|
Cəmi: |
21 |
22 |
24 |
24 |
25 |
28 |
31 |
32 |
33 |
33 |
33 |
|
|
Dərsdənkənar məşğələlər |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
2 |
2 |
2 |
2 |
|
|
Yekun: |
22 |
23 |
25 |
25 |
26 |
29 |
32 |
34 |
35 |
35 |
35 |
|
Bir məsələ də xüsusi vurğulanmalıdır ki, dərsdənkənar məşğələlər həftəlik dərs bölgüsünə aid edilmir. Dərsdənkənar məşğələ saatlarını da hesabladıqda şagirdin fizioloji, zehni və psixoloji tutumundan xeyli çox yüklənməyə məruz qaldığının şahidi ola bilərik.
Bütün bunlar kölgədə qalan digər problemi-ağır məktəbli çantası və onun şagirdə vurduğu fizioloji, zehni təsirləri yaratmış olur. Hazırda ölkə məktəblərində şagirdlərin ağır dərs yükü probleminin ortaya çıxan bir başqa üzü kimi xarakterizə edilən məktəbli çantaları şagirdlərdə onurğa əyriliyi, qan dövranının qeyri-normal hərəkəti, baş ağrıları, halsızlıq və s. kimi narahatlıqlar yaradır. Məktəbli çantalarının ağırlığı beynəlxalq normalara əsasən, şagird çəkisinin 10%-ni keçməməlidir. Hazırda birinci sinifdə oxuyan şagirdlərin ortalama çəkisi 40 kq-sa, o zaman məktəbli çantası da 4 kq-dan artıq ola bilməz. Bu problemi aradan qaldırmaqdan ötrü isə, həftəlik tədris proqramının azaldılması, həmçinin, dərsliklərin çəkisinin aşağı salınması, eləcə də digər alternativ variantların tətbiqi mütləqdir.
Təəssüf ki, ibtidai siniflərdə dərs proqramı əvvəlki illərdə olduğu kimi ağırdır. Üstəlik müəllimlərin uşaqları sinifdənxaric oxu materialları ilə yükləməsi uşaqları həddindən artıq yorur. Dərsliklər və əlavə oxu materialları, iş dəftərləri uşaqların beynini yormaqla yanaşı, çantanın ağırlığı onurğa sütunlarını da zədələyir. Beynəlxalq təhsil sistemində yaş xüsusiyyətinə görə standart düstur var. Dərsliklər hazırlanarkən 1 paraqrafda və 1 səhifədə yer alacaq söz, termin, şəkil və çalışmanın sayı uşağın yaşına uyğun götürülür. Bizdə bu düstur tamamilə kobud şəkildə pozulub.
Məsələn; 1 paraqrafda olan sözlərin, ifadələrin, şəkillərin sayı 6-7 yaşlı uşaqlar üçün deyil. Bizdə 6-7 yaşında uşaqlar üçün nəzərdə tutulmuş kitabın həcmi və oradakı informasiya yükü beynəlxalq standartlarda 16-17 yaşlılar üçün nəzərdə tutulub.
Ən ciddi pozuntu 3-cü, 4-cü siniflər üçün yazılan kitablardır. 8-9 yaşlılar üçün nəzərdə tutulmuş kitablardakı informasiya yükü beynəlxalq standartlara görə 24-25 yaşlılar üçündür. 4-cü, 5-ci siniflərdəkilərin informasiya yükü, çalışmaların sayı və ağırlıq səviyyəsi şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil.
Şagirdlərin ağır dərs yükü ilə yüklənmələrinin çox ciddi psixoloji təsirləri də vardır. Həddindən artıq yüklənmə xüsusən də azyaşlı şagirdlərdə diqqətin fokuslanmasına çox ciddi təsir göstərir.
3-4 yaşda uşaq 15 -20 dəqiqə, 4-5 yaşda 20 -30 dəqiqə, 6 yaş və yuxarı olan uşaqlar 45 dəqiqə diqqətin davamlılığını saxlaya bilir. Altı yaşdan öncə məktəbə gedən uşaqlarda artıq diqqətin davamlılığı da istənilən ölçüdə, yəni 45 dəqiqə olmadığına görə dərsin ortalarında diqqət yayınmağa başlayır. Müəllimə diqqət yetirə, baxa bilmir, fikir dağınıqlıqları çox olur. Bu zaman dərsdə gerilik yaranmağa başlayır. Dərsdə gerilik yarandığına görə özgüvən əksiklikləri baş verir. Bu səbəbdən də şagirdlərin izafi yüklənmələri bu kimi problemlər daha ciddi şəkildə yaşanmış olur.
Əlbəttə ki, dərs yükü çox olduqda onların oyuna, əyləncəyə zamanı qalmır, ağır dərs yükünün altında əzilirlər. Mənəvi ehtiyaclarını ödəyə bilməyən uşaqlara isə dərs cəlbedici gəlmir, onlar sadəcə, əzbərçilik hallarına yol vermiş olurlar.
Beynəlxalq təcrübə - Beynəlxalq təcrübədə şagirdləri tədris prosesi boyunca ağır dərs yükündən xilas etmək üçün atılan addımları aşağıdakı kimi qruplaşdırmaq olar:
-Tətil günlərinin sayının azaldılması və tədris prosesinin davamlılığının artırılması;
-Ev tapşırıqlarının ləğvi və xeyli dərəcədə azaldılması;
-Tədris proqramını sərt kurikulum tələbkarlığı və akademik məzmundan xilası;
-Dərslərin oyun əsaslı metodlarla təşkili
Dünyanın əksər ölkələrində birillik tədris prosesi 9-11 ayı əhatə edir. Hazırda ölkəmizdə tədris prosesi 15 sentyabrda başlayır və 14 iyunda başa çatır. Bu müddətdə payız, qış və bayram tətillərini də nəzərə alsaq, şagirdlərə çox istirahət verən ölkələrdən biri hesab edilməliyik. Dünya ölkələrində isə bu müddət fərqli-fərqlidir.
Məsələn, Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu mart ayına təsadüf edir. Çində “Bilik bayram”ı iyulun 1-də qeyd olunur. Məktəblər bir də sentyabr ayının əvvəllərində bağlanır.
Koreyada isə dərslər martda başlayır və dekabra qədər davam edir.
Danimarkanın ibtidai və orta təhsil müəssisələrində dərslər avqustda başlayıb növbəti ilin iyun ayına qədər uzanır. Estoniyada dərslər 1 sentyabrda başlayır və iyunun sonlarında başa çatır. Belçikada dərs ili sentyabrın 1-i başlayır və iyunun 30-na kimi davam edir.
İndoneziyada dərs ili iyuldan növbəti ilin iyununa qədər olan 11 ayı əhatə edir. İsraildə 1 sentyabrda başlayan təhsil prosesi iyunun 20-nə qədər davam edir.
Qonşu dövlətlərə gəlincə isə qardaş Türkiyədə tədris prosesinin müddəti Azərbaycanla müqayisədə çox da fərqlənmir. Burada dərslər sentyabrda başlayıb iyun ayında başa çatır.
Gürcüstanda qəbul olunan təhsil qanununa görə, dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar ertəsi günü başlayır iyuna qədər davam edir.
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı