Səhər yeməyini günortadan sonraya saxlayan və gecə yarısından sonra qidalanan insanlarda vaxtından əvvəl ölüm riskinin daha yüksək olduğu müəyyən edilib.
AzEdu.az xəbər verir ki, bu barədə Avropa Klinik Qidalanma Jurnalında (“European Journal of Clinical Nutrition”) dərc olunan elmi araşdırmada bildirilib.
40 yaşdan yuxarı 31 044 nəfərin məlumatlarının təhlil edildiyi tədqiqat orta hesabla 8,6 il davam edib.
Nəticələrə görə, səhər saat 07:00-08:00 arasında yemək yeyənlərlə müqayisədə ilk qidasını 08:00-10:00 aralığında qəbul edənlərdə ölüm riski 10 faiz, 10:00-12:00 aralığında yeyənlərdə 19 faiz, günortadan sonraya saxlayanlarda isə 29 faiz yüksək olub.
Ürək-damar xəstəlikləri ilə bağlı ölüm riskinin də səhər yeməyini günortadan sonraya saxlayanlarda 46 faiz daha çox olduğu müəyyən edilib.
Axşam yeməyinin vaxtı ilə bağlı nəticələr də diqqət çəkib. Belə ki, axşam saat 19:00-20:00 arasında sonuncu dəfə qidalananlarla müqayisədə gecə yarısından sonra yemək yeyənlərdə ölüm riski 27 faiz, saat 19:00-dan əvvəl yemək yeyənlərdə isə 13 faiz yüksək olub.
Tədqiqatçılar gec saatlarda qidalanmanın orqanizmin bioloji ritmini poza, qan şəkərinə və yağ mübadiləsinə mənfi təsir göstərə biləcəyini bildiriblər.
Mütəxəssislər ümumi qidalanma keyfiyyəti ilə yanaşı, müntəzəm yemək və yuxu rejiminə əməl etməyi, səhər yeməyini həddindən artıq gecikdirməməyi və gecə saatlarında qidalanmaqdan çəkinməyi tövsiyə ediblər.
Qeyd edək ki, araşdırma yemək saatları ilə ölüm riski arasında əlaqəni göstərir, lakin bu, birbaşa səbəb-nəticə əlaqəsinin sübutu deyil.