Tam orta təhsil səviyyəsini başa vuran məzunlar təhsildə xüsusi nəticələri və nümunəvi davranışları ilə fərqləndikləri halda qızıl və ya gümüş nişanla təltif oluna bilərlər.
Bunun üçün şagirdlərin həm məktəbdaxili qiymət göstəriciləri, həm də olimpiada, müsabiqə və bilik yarışlarındakı nailiyyətləri nəzərə alınır.
AzEdu.az xəbər verir ki, qızıl və gümüş nişanların verilməsi “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlara uyğun hazırlanmış müvafiq qaydalarla tənzimlənir.
Qaydalara əsasən, qızıl və ya gümüş nişanla təltif olunmaq üçün namizədliyi verilə biləcək şagirdlər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirmək;
- Tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizinin “əla” olması;
- Bütün fənlərdən illik qiymətlərinin “əla” olması;
- Təhsildə xüsusi nəticələrlə yanaşı, nümunəvi davranış nümayiş etdirmək.
Bundan əlavə, respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmək də namizədliyin təqdim olunması zamanı nəzərə alınır.
Qızıl və ya gümüş nişanla təltif olunmaq üçün şagirdin namizədliyi sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında müzakirə edilir və müvafiq qərar qəbul olunur.
Pedaqoji şuranın qərarı və namizədlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları vasitəsilə Elm və Təhsil Nazirliyinə təqdim edilir.
Qızıl və gümüş nişan arasında fərq isə attestata yazılan yekun qiymətlərlə müəyyənləşdirilir.
Belə ki, namizədliyi təqdim olunan məzunun attestatında bütün yekun qiymətlər “əla” olduqda ona qızıl nişan verilir. Yekun qiymətlərdən ən çoxu ikisi “yaxşı” olduqda isə məzun gümüş nişana layiq görülə bilər. Bu zaman tədris dili və riyaziyyat fənləri üzrə qiymətlərin “yaxşı” olması istisna edilir.
Məzunların qızıl və ya gümüş nişanla təltif edilməsi Elm və Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir. Nişana layiq görülən şagirdlərin adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır və nişanlar onlara təntənəli şəraitdə təqdim olunur.