Azərbaycan vətəndaşlarının xaricdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə Azərbaycanda təhsil alma qaydaları qanunvericiliklə tənzimlənir.
AzEdu.az xəbər verir ki, bu məsələlər “Təhsil haqqında” Qanunda öz əksini tapıb.
Qanunvericiliyə əsasən, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə Azərbaycanda təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması beynəlxalq müqavilələr, dövlət tərəfindən müəyyən edilmiş kvotalar, təhsil qrantı proqramları, eləcə də təhsil müəssisələri, hüquqi və fiziki şəxslər arasında birbaşa bağlanan müqavilələr əsasında həyata keçirilir.
Təhsil qrantları üzrə seçim necə aparılır?
Müvafiq qurumun təsis etdiyi təhsil qrantı proqramı çərçivəsində ölkələr, ölkələr üzrə kvotalar, namizədlərin seçim meyarları və qrant alacaq şəxslərin siyahısı müəyyən edilir.
Xarici diplomların tanınması necə tənzimlənir?
Xaricdə və Azərbaycanda təhsil alma qaydaları, eləcə də xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
Xarici ali təhsil kvalifikasiyalarının tanınması ilə bağlı göstərilən xidmətlərə görə müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.
Əcnəbilər xüsusi təyinatlı təhsil müəssisələrində oxuya bilərmi?
Qanunvericiliyə əsasən, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.