"Elə bir coğrafi mövqe taleyimizə düşüb ki, ətrafımız - dörd bir yanımız başdan-başa təhlükədir və bizim milli kimliyimizin, dövlətçiliyimizin, suverenliyimizin qorunması və gələcək nəsillərə ötürülməsinin təminatı hər şeydən vacibdir".
Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elvin Bədirov söyləyib.
Müsahibimiz qeyd edib ki, körpə uşaqlarımızın baş örtüyü olmadan, məktəbli geyiminə tam əməl edərək təhsilə cəlb edilməsi, qısa ətəklərlə və uyğunsuz paltarlarla məktəbə gəlmələrinin qarşısının alınması da əslində onların uşaq hüquqlarının təmin olunmasıdır:
"Din dövlətdən ayrıdır, dövlət təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Bu prinsipə hörmət etmək hər birimizin ortaq məsuliyyətidir.
Bu gün baş verənlər ölkəmizdə fanatizmlə bağlı nə qədər böyük təlatümlərin ola biləcəyi ehtimalını, təəssüf ki, bizə əyani göstərir.
Dövlətin bu gün məktəbli geyimləri ilə bağlı atdığı addım və tətbiq edilən qaydalar nə din düşmənliyidir, nə də hicaba və hicablı balalarımıza qarşı qərəzdir.
Uzun illər ərzində hicablı müəllimlərimizin və şagirdlərimizin məktəb mühitimizdə ən yaxşı formada təmsil olunması da bunun əyani sübutudur. Verilən qərarın bu gün tətbiqi və bu tətbiqə qarşı hədsiz aqressiyanın, zorakılığın və şiddətin mövcudluğu istənilən zaman milli məsələlərə qarşı provokativ addımların atıla biləcəyini, təəssüf ki, bizə göstərir.
Heç kimin geyimi mübahisə və müzakirə mövzusu deyil. Lakin unutmaq olmaz ki, məktəblərimiz dövlətimiz və vətənimiz üçün ən strateji sahələrdəndir. Körpə uşaqlarımızın baş örtüyü olmadan, məktəbli geyiminə tam əməl edərək təhsilə cəlb edilməsi, qısa ətəklərlə və uyğunsuz paltarlarla məktəbə gəlmələrinin qarşısının alınması da əslində onların uşaq hüquqlarının təmin olunmasıdır.
Məktəblərimiz təhsil ocağıdır, onun əsas funksiyası övladlarımızı dövrün tələblərinə uyğun, inkişafa meylli, səriştəli, bilik və bacarıqlara sahib, dövlətinə sədaqətli, vicdanlı vətəndaşlar kimi yetişdirməkdir. Bunun üçün də Dövlət vətəndaşını, balalarını çox fərqli ideologiyaların məqsəd və təsirindən də qorumalıdır.
Bu gün yüzlərlə fakt var : müxtəlif zorakı tələblərlə uşaqların təhsildən yayındırılması kimi, birbaşa öz ailələrinin basqıcı davranışı ilə hicabla məktəbə gəlməyə məcbur edilməsi də onların hüquqlarının pozulmasından başqa bir şey deyil.
Bütün inanclı vətəndaşlarımıza təmkinli olmağı, dövlətin yanında olmağı, provokativ addımlara səsləyən insanlara qulaq asmamağı və verilən qərarlara qarşı məsuliyyətli davranmağı tövsiyə edirəm.
Çox yaxın keçmiş insanlarımızın narahat və narazı olduğu məsələlərdə Dövlətimiz və siyasi iradə necə də doğru qərarlar qəbul etdiyini, milli və siyasi bütövlüyümüzü tam formada qoruduğunu dəfələrlə bizə əyani olaraq göstərdi. Bu da həmin addımlardan biridir. Elə bir coğrafi mövqe taleyimizə düşüb ki, ətrafımız - dörd bir yanımız başdan-başa təhlükədir və bizim milli kimliyimizin, dövlətçiliyimizin, suverenliyimizin qorunması və gələcək nəsillərə ötürülməsinin təminatı hər şeydən vacibdir".