Məktəblərdə şagirdlər və müəllimlər üçün vahid geyim formasının tətbiqi müxtəlif fikirlərlə qarşılanır. Bəzi müəllim və şagirdlər bu yeniliyi müsbət qarşılasa da, digərləri müəyyən tərəddüd və narazılıqlarını ifadə edirlər.
Bəs vahid geyim formasının tətbiqi ilə bağlı fərqli yanaşmaların əsas səbəbləri nələrdir? Bu qərara münasibətə hansı amillər təsir göstərir və bəzi müəllimlərlə şagirdlərin vahid formaya uyğunlaşmaqda çətinlik çəkməsinin səbəbi nə ola bilər?
AzEdu.az-a mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, biz birmənalı olaraq çalışmalıyıq ki, birliyimizi, həmrəyliyimizi, qardaşlığımızı, hər bir addımımızı qoruyaq:
"Bu məsələyə toxunarkən bir neçə vacib məqamı nəzərə almalıyıq. Məsələ burasındadır ki, burada söhbət yalnız qərara etirazdan getmir. Təəssüf ki, məqsədli şəkildə aparılan təbliğatın və atılan addımların da müəyyən rolu var. Bu, təsadüfi baş verən proses deyil. Məsələnin ciddi səbəbləri var və onu mahiyyətindən uzaqlaşdırmağa cəhdlər edilir. Məqsəd prosesi siyasiləşdirmək və məsələni qarşıdurma səviyyəsinə çatdırmaqdır.
Bəziləri bu mövzunu sırf dini amillərlə əlaqələndirməyə çalışırlar. Lakin məsələyə daha dərindən yanaşdıqda, dövlətin bu sahədəki müxtəlif yanaşmalarını da nəzərə almaq lazımdır. Buna görə də hesab edirik ki, bütün valideynlərimiz, vətəndaşlarımız və cəmiyyət üzvləri bu məsələdə diqqətli olmalıdırlar. Qarşıdurmadan və nifaqdan uzaq durmalı, yaranan vəziyyətin cəmiyyətimizə mənfi təsir göstərməməsi üçün səy göstərməlidirlər.
Azərbaycan güclü dövlətdir və zəngin dövlətçilik ənənələrinə malikdir. Bu gün birliyimizi, həmrəyliyimizi və qardaşlığımızı qorumağa xüsusi diqqət yetirməliyik. Eyni zamanda, təhsil mühitinin sağlamlığını qorumalı, təhsildə baş verən proseslərin düzgün tənzimlənməsinə və insanların çətinliklərlə üzləşməməsi üçün zəruri addımların atılmasına çalışmalıyıq”.