Azedu.az

Xaricdə təhsil alan gənc: “Qəbul almasaydım, Qarabağ Universitetini seçəcəkdim”

Xaricdə təhsil

13 Oktyabr 2026, 12:25
Xaricdə təhsil alan gənc: “Qəbul almasaydım, Qarabağ Universitetini seçəcəkdim”

Bu il Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Qaliblərdən biri də Sinqapur Milli Universitetində (NUS) bakalavriat səviyyəsində təhsil alacaq Əhməd Əhmədlidir.

AzEdu.az Əhməd Əhmədli ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.

Xaricdəki universitetlərdən qəbul almasaydım, Qarabağ Universitetində tibb və ya biologiya ixtisası üzrə təhsil almağı düşünərdim:

"Biologiya üzrə olimpiada qalibiyəm. Olimpiadada iştirak etməyə 10-cu sinifdə başlamışam. Respublika Fənn Olimpiadasında (RFO) biologiya üzrə bir qızıl və bir bürünc, Beynəlxalq Biologiya Olimpiadasında isə bir bürünc medal qazanmışam.

Sinqapur Milli Universitetindən (NUS) əlavə, Böyük Britaniyanın Kral Kolleci London (King’s College London), Edinburq və Mançester universitetlərindən, həmçinin Cənubi Koreyanın Koreya Elm və Texnologiya Qabaqcıl İnstitutundan (KAIST) qəbul almışdım.

Əvvəlcə konkret bir universiteti əsas hədəf seçməmişdim, bir neçə universiteti nəzərdən keçirirdim. NUS da əsas hədəflərimdən biri idi. Hazırda burada təhsil aldığım üçün peşman deyiləm, əksinə, seçimimdən olduqca məmnunam.

Əgər xaricdəki universitetlərin heç birindən qəbul almasaydım və ya xaricdə təhsil üçün müraciət etməsəydim, böyük ehtimalla Azərbaycanda Qarabağ Universitetində tibb, yaxud biologiya ixtisası üzrə təhsil almağı düşünərdim".

Dövlət Proqramı azərbaycanlı gənclərin xaricdə təhsil alarkən qarşılaşdıqları əsas maneələrdən biri olan təqaüd problemini əhəmiyyətli dərəcədə aradan qaldırır:

"Beynəlxalq olimpiada qalibi olduğum üçün Dövlət Proqramının qalibi statusunu müsahibədənkənar şəkildə əldə etdim. Xaricdə yaşayan dostlarımın təcrübələrinə əsasən deyə bilərəm ki, bir çox ölkədə xaricdə təhsil almaq istəyən gəncləri dövlət səviyyəsində dəstəkləyən təqaüd proqramları mövcud deyil. Buna görə də təqaüd tapmaq gənclərin qarşılaşdığı əsas çətinliklərdən biridir. Düşünürəm ki, Dövlət Proqramı azərbaycanlı gənclərin üzləşdiyi bu maneəni əhəmiyyətli dərəcədə aradan qaldırır.

191036

Olimpiadalar və olimpiadalara hazırlıq düşərgələri zamanı ailəmdən uzaqda qalmağa alışmışam. Ancaq bu, əsasən bir-iki həftəlik müddəti əhatə edirdi. İndi isə ilk dəfədir ki, ailəmdən uzun müddət ayrı qalıram. Buna baxmayaraq, düşünürəm ki, yeni həyata uyğunlaşmaq mənim üçün o qədər də çətin olmadı. Sadəcə, gündəlik işlərimi müstəqil şəkildə görməyi, maliyyəmi planlaşdırmağı və bu kimi məsələləri özüm həll etməyi öyrənməli oldum".

Azərbaycandan fərqli olaraq, burada tələbələrə daha çox sərbəstlik verilir:

"Artıq bir aydan çoxdur ki, Sinqapurdayam və gəldiyim vaxtdan dərslərim başlayıb. İlk dərs günü auditoriyanı tapmaqda çətinlik çəkdiyim üçün dərsə bir qədər gecikmişdim. Gözlədiyimdən və əvvəlki təcrübəmdən fərqli olaraq, danlanmaq əvəzinə, dərsə qoşuldum.

Universitet mühitində diqqətimi çəkən fərqlərdən biri tələbələrin fərdi azadlığının daha geniş olmasıdır. Məsələn, dərs zamanı auditoriyadan çıxmaq və ya başqa bir iş görmək üçün müəllimdən icazə almağa ehtiyac yoxdur. Ümumiyyətlə, həm dərs zamanı, həm də dərsdənkənar fəaliyyətlərdə tələbələrə daha çox sərbəstlik verilir.

Tədris baxımından isə hələlik ciddi çətinliklə qarşılaşmamışam. Sadəcə, alışmalı olduğum bəzi məqamlar var. Olimpiadalardan öyrəşdiyim qiymətləndirmə sistemindən fərqli olaraq, burada bir və ya bir neçə yekun imtahan əvəzinə, bir çox fənn üzrə hər bir-iki həftədən bir verilən tapşırıqlar əsasında qiymətləndirmə aparılır. Düşünürəm ki, zamanla bu sistemə də uyğunlaşacam və hazırda bunu problem hesab etmirəm".

Ən çox darıxdığım şey ölkəmizin mətbəxidir:

"Sinqapurda gündəlik həyata da əsasən uyğunlaşdığımı düşünürəm. Ölkə çoxmillətli və müxtəlif etnik qrupların yaşadığı bir yer olduğuna görə insanlar arasında əsas ünsiyyət dili ingilis dilidir. Buna görə dil baxımından ciddi çətinlik çəkməmişəm. Sadəcə, ilk həftələrdə yerli Sinqapur tələffüzünə alışmaq bir qədər vaxt apardı. Əvvəllər deyilənləri bəzən başa düşməkdə çətinlik çəkirdim. İnsanların davranışı və yerli mədəniyyətlə bağlı da ciddi problem yaşamamışam. Sinqapurlular xarici vətəndaşları görməyə alışdıqları üçün bizə xüsusi və ya fərqli münasibət göstərmirlər, normal qarşılayırlar.

Ən çox çətinlik çəkdiyim məsələlərdən biri, yəqin ki, yeməklərlə bağlıdır. Azərbaycanda ən çox darıxdığım şey ölkəmizin mətbəxidir. Demək olar ki, bütün Azərbaycan yeməkləri üçün darıxıram. Ən çox darıxdığım yemək isə küçə mətbəximizin ayrılmaz hissələrindən biri olan dönərdir. Burada ona bənzər yemək tapmaq çətindir. Bunun üçün universitetdən kənara çıxmalı oluram ki, bu da hər zaman mümkün olmur.

Sinqapurda isə əsasən Şərqi, Cənub-Şərqi və Cənubi Asiya mətbəxlərinin müxtəlif nümunələrinə rast gəlmək mümkündür. Küçələrdə bu regionların mətbəxini təmsil edən çoxsaylı yeməkxanalar və restoranlar var və insanlar tez-tez həmin məkanlarda yemək yeyirlər.

Bir daha dadmaq istəmədiyim yeməklərdən biri, yəqin ki, burada hazırlanan sosiskalardır. Azərbaycanda alışdığım dada bənzər bir şey gözləyirdim, amma dadı şirin idi. Sən demə, burada sosiskaların hazırlanmasında xeyli şəkərdən istifadə olunur. Digər tərəfdən, görünüşü ilk baxışda o qədər də cəlbedici olmasa da, sevdiyim yeməklərdən biri qızardılmış düyüdür (fried rice). Bəlkə də, bizim plovumuza müəyyən qədər bənzədiyinə görə xoşuma gəlib".

Hər dəfə yeni insanlarla tanış olanda 15 dəqiqəlik coğrafiya dərsi keçməli oluram:

191035

"Sinqapurda xarici tələbələrin sayı çoxdur. Bununla belə, onların böyük əksəriyyəti Şərqi, Cənub-Şərqi və Cənubi Asiya ölkələrindən gəlir. Digər regionlardan olan tələbələrə isə daha çox mübadilə proqramları çərçivəsində rast gəlinir. Görünüşcə fərqli olduğuma görə məni də tez-tez mübadilə proqramı ilə gələn tələbə hesab edirlər. İlk günlərdə məndən hansı universitetdən gəldiyimi soruşurdular. Əvvəlcə bunun səbəbini anlamırdım, sonradan isə məni mübadilə tələbəsi hesab etdiklərini başa düşdüm.

Azərbaycan haqqında isə, yəqin ki, ölkəmizin coğrafi baxımdan uzaqda yerləşməsi səbəbindən, çox məlumatları yoxdur. Hər dəfə yeni insanlarla tanış olanda təxminən 15 dəqiqəlik coğrafiya dərsi keçməli oluram. Ölkəmizi, yerləşdiyimiz regionu və müxtəlif xüsusiyyətlərimizi izah edirəm.

Onların Azərbaycanla bağlı ən çox maraqlandıqları məsələlərdən biri iqlimimizdir. Sinqapurda, demək olar ki, yalnız bir fəsil var: ekvatorial iqlimə görə ilboyu hava isti və rütubətli olur, qar isə yağmır. Azərbaycanda qışın soyuq və qarlı keçdiyini öyrənəndə çox təəccüblənirlər. Hətta bəzən onlara qarlı günlərdə çəkilmiş şəkillərimizi də göstərirəm və bu, maraqlarına səbəb olur.

Xaricdə təhsil almaq istəyən tələbələrə tövsiyəm odur ki, seçim etməzdən əvvəl təhsil almaq istədikləri universitetləri ətraflı araşdırsınlar. Bununla yanaşı, yalnız dərslərə və akademik fəaliyyətlərə fokuslanmaqla kifayətlənməsinlər. Dərsdənkənar, yaradıcı və ümumiyyətlə, qeyri-akademik fəaliyyətlərə də qoşulsunlar, fərqli sahələrlə maraqlansınlar. Düşünürəm ki, universitet həyatı təkcə akademik biliklər qazanmaqdan ibarət deyil və belə fəaliyyətlər də şəxsi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır".

TƏCİLİ! Ərdoğanın müşaviri hicaba görə Bakıya çağırış etdi
Son xəbərlərDaha çox