Azedu.az

Balacalar onun kimi qəhrəman olmaq istəyir - Polad Həşimov adını daşıyan sinifdən REPORTAJ

Müsahibə və reportajlar

24 Noyabr 2026, 15:27
Balacalar onun kimi qəhrəman olmaq istəyir - Polad Həşimov adını daşıyan sinifdən REPORTAJ

Bəzən bir sinif otağının qapısındakı ad orada təhsil alan uşaqların dünyasına açılan böyük bir pəncərəyə çevrilir. Həmin adın arxasında bir ömür, qəhrəmanlıq tarixi, Vətən sevgisi və gələcək nəsillərə ötürülən mənəvi miras dayanır.

Bakı şəhərindəki Rahil Orucov adına 109 nömrəli tam orta məktəbin 2A sinfi də məhz belə bir mənəvi dəyəri yaşadır. Bu sinif Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun adını daşıyır.

AzEdu.az Polad Həşimovun adını daşıyan 2A sinfinin şagirdləri ilə görüşmək üçün 109 nömrəli tam orta məktəbə yollanıb.

Məqsədimiz balaca şagirdlərin Milli Qəhrəman haqqında düşüncələrini, onun adını daşıyan sinifdə təhsil almaqdan duyduqları hissləri və təəssüratları öyrənmək idi.

Sinif otağına daxil olanda ilk diqqətimi çəkən uşaqların səliqəli məktəbli geyimində, parta arxasında əyləşərək məni maraqla qarşılaması oldu. Payız tətilindən sonrakı ilk dərs günlərindən biri idi. Qarşımda bir-birindən şirin, həyatın böyük yollarına hələ yeni qədəm qoyan 7-8 yaşlı uşaqlar əyləşmişdi. Ancaq söhbət Polad Həşimovdan düşəndə onların yaşlarından daha böyük görünən düşüncələri, Vətənə bağlılıqları və Milli Qəhrəmana duyduqları sevgi diqqətimi çəkdi.

Söhbətə uşaqların özlərini təqdim etməsi ilə başladıq. İlk dəqiqələrdə bəziləri bir qədər çəkingən davranır, bəziləri fikirlərini toplamaq üçün düşünür, digərləri isə həvəslə danışmağa tələsirdi. Ancaq bir məsələdə hamısı eyni düşüncədə idi: Polad Həşimov onlar üçün sadəcə tarixi şəxsiyyət deyil, həm də örnək götürdükləri qəhrəmandır.

“Polad Həşimovu bütün qəhrəmanlardan çox sevirəm”

Balaca Mənzər Şirinova general-mayoru Azərbaycanın Milli Qəhrəmanı kimi tanıdığını, onun igid, vətənpərvər olduğunu bildirdi. Gələcəkdə əsgər olmaq, hətta Polad Həşimov kimi general rütbəsinə yüksəlmək istədiyini söylədi.

Dəniz Nəcəfli isə gələcəkdə futbolçu olmaq arzusundadır. Sevimli futbolçusu Ronaldodur. Ancaq söhbət Polad Həşimovdan düşəndə onun da fikirləri olduqca qəti idi:

“Biz sinif yoldaşlarımızla birlikdə Polad Həşimovun adını seçdik. Düşünürəm ki, bu ad sinfimizə çox yaraşır. Polad Həşimovu bütün qəhrəmanlardan daha çox sevirəm”.

Rafael Qasımzadə Polad Həşimovu Vətənini canından əziz bilən şəhidimiz kimi tanıdığını söylədi.

Gələcəkdə əsgər olmaq, general-mayor rütbəsinə yüksəlmək və qəhrəmanımızın yolunu davam etdirmək istəyir.

Emil Hüseynli isə Polad Həşimovun cəsarətli, igid və Vətənini sevən insan olduğunu vurğuladı.

O da böyüyəndə general olmaq arzusundadır.

Balaca Gülnarə Musayevanın sözləri isə söhbətimizin ən duyğulu anlarından biri oldu:

“Polad Həşimov Vətənini çox sevən, mərd və cəsur qəhrəman idi. O, Vətən sevgisini sözləri ilə deyil, əməlləri ilə göstərirdi. Polad Həşimovun adı bizim qəlbimizdə həmişə yaşayacaq. Polad baba, sən bizim qürurumuzsan!”.

Bir sinif, fərqli arzular, eyni Vətən sevgisi

Uşaqların gələcək arzularını dinlədikcə bir məqam xüsusilə diqqətimi çəkdi: hər birinin öz dünyası, öz seçimi və fərqli arzuları var. Biri futbolçu, digəri əsgər, başqa biri müəllim, bir başqası isə həkim olmaq istəyir.

Fatimə İslamzadə gələcəkdə uşaq həkimi olmaq arzusundadır.

Nənəsinin də həkim olduğunu deyən Fatimə insanları sağaltmaq istədiyini bildirdi.

Nilay Məmmədli isə ürək həkimi olmaq istəyir.

Onun bu peşəni seçmə səbəbi də çox sadə və mənalıdır: insanların, xüsusilə də əsgərlərin həyatını xilas etmək...

Nəzrin Məmmədova da ürək həkimi olmaq istəyir.

Rəsm çəkməyi sevdiyini, hətta rəssam olmaq arzusunun da olduğunu söyləsə də, əsas seçiminin həkimlik olduğunu vurğuladı.

Gülay Əlimova isə gələcəkdə riyaziyyat müəllimi olmaq istəyir.

Bütün fənlərdən yüksək qiymətlər aldığını deyən balaca şagird dərslərini və müəllimlərini çox sevdiyini də gizlətmədi.

Məhəmməd Məxsudovun sözləri isə sinfin daşıdığı adın uşaqlar üçün nə ifadə etdiyini bəlkə də ən yaxşı şəkildə ümumiləşdirdi:

“Biz söz vermişik ki, Polad Həşimovun adını yalnız sinfimizin qapısında deyil, qəlbimizdə də daşıyacağıq. Onun adına layiq olmaq üçün yaxşı oxuyacaq, Vətənimizi sevəcək, bir-birimizə hörmət edəcək və bizə əmanət edilən bu şərəfli adı hər zaman uca tutacağıq”.

Bu sözləri 7-8 yaşlı bir uşağın dilindən eşitmək, onun daşıdığı məsuliyyəti bu qədər aydın ifadə etməsi həqiqətən təsirləndirici idi.

“Müəllimə, tapdıq!”- Polad Həşimov adının seçilmə tarixçəsi

Bəs 2A sinfinin Polad Həşimovun adını daşıması ideyası necə yaranıb? Bu qərarın arxasında hansı düşüncə dayanıb?

Bu sualın cavabını sinif rəhbəri, 31 illik pedaqoji təcrübəyə malik Yasəmən Kərimovadan öyrəndim.

Müəllimin sözlərinə görə, ötən il şagirdləri ilə sinifə şəhidlərdən birinin və ya Milli Qəhrəmanlarımızdan birinin adının verilməsi barədə söhbət edib. Uşaqlar bu təklifi böyük sevinclə qarşılasalar da, onların yaşını nəzərə alaraq təşəbbüsün həyata keçirilməsini növbəti ilə saxlayıb.

Bu ilin sentyabrında, Anım Günü ərəfəsində şagirdlərə şəhidlərimizin həyat yolu haqqında məlumat verərkən general-mayor Polad Həşimovdan da danışıb. Onun sadəliyini, fədakarlığını, Vətənə, xalqa və əsgərlərinə sevgisini uşaqlara izah edib. Xüsusilə Polad Həşimovun əsgərlərini qorumasından bəhs edərkən müəllim sinifdə gözləmədiyi bir reaksiya ilə qarşılaşıb. Şagirdlərdən bir neçəsi sevincək səslənib:

“Müəllimə, tapdıq!”

Yasəmən müəllimə nəyi tapdıqlarını soruşanda uşaqlar cavab veriblər:

“Müəllimə, sinfimizin adını Polad Həşimovun şərəfinə qoyaq. O, həm Vətənini, həm xalqını sevir, hətta əsgərlərini belə qoruyur. Biz onunla fəxr edirik”.

Məhz bu təklifdən sonra sinfə Polad Həşimovun adının verilməsi istiqamətində hazırlıqlara başlanılıb.

Yasəmən Kərimova qeyd edib ki, uşaqlarının belə bir qərara müstəqil şəkildə gəlməsi, qəhrəmanımızın hansı xüsusiyyətlərini örnək götürməli olduqlarını anlaması onun üçün böyük sevincdir.

“Polad Həşimov adına sinifdə dərs keçmək mənim üçün böyük fəxr və qürur olmaqla yanaşı, həm də ciddi məsuliyyətdir. Çünki sinfə daxil olanda artıq yalnız dərs keçməli deyiləm, bu adın mənəvi dəyərini də şagirdlərə aşılamalıyam. İstəyirəm ki, uşaqlar şəhidlərimizin adını yalnız tədbirlərdə, bayramlarda anmaqla kifayətlənməsinlər. Onların həyat yolunu öyrənsinlər, özlərinə örnək götürsünlər.

Arzum budur ki, şagirdlərim gələcəkdə böyüyüb müxtəlif peşə sahibləri olduqda geriyə dönüb desinlər: Biz Polad Həşimov adına sinfin şagirdləri olmuşuq. Bu ad bizə Vətəni sevməyi, xalqı sevməyi, mənəvi dəyərlərimizi qorumağı öyrədib”.

Yasəmən müəllim üçün bu təşəbbüsün ən yaddaqalan məqamlarından biri də Polad Həşimovun ailə üzvlərinin sinfin açılışında iştirak etməsi olub. O, Ofelya və Aybəniz xanımlara tədbirə qatıldıqları, məktəbin sevincinə şərik olduqları üçün təşəkkürünü çatdırdı.

“Bu ad həm fəxarət, həm də böyük məsuliyyətdir”

Məktəbin direktoru Gülnarə Bədəlova da 2A sinfinin Polad Həşimovun adını daşımasını xüsusi mənəvi dəyər kimi qiymətləndirir.

O, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun adını daşımağın hər bir sinif üçün böyük fəxarət və məsuliyyət olduğunu vurğulayır. Direktor əmindir ki, məktəbin ən nümunəvi siniflərindən olan 2A sinfinin şagirdləri qəhrəmanımızın adını böyük sevgi, fəxarət və qürur hissi ilə daim daşıyacaq, yaşadacaqlar.

Bir sinif otağından daha böyük məna...

Məktəbdən ayrılarkən uşaqların söhbət boyu səsləndirdikləri fikirlər, gələcək arzuları və Polad Həşimov haqqında həvəslə danışmaları yaddaşımda qaldı. Onlardan biri general olmaq, digəri həkim kimi insan həyatını xilas etmək, bir başqası isə müəllim və ya futbolçu olmaq istəyir. Fərqli arzuların isə ortaq bir nöqtəsi var: hər biri Vətənini sevməkdən, qəhrəmanına layiq olmaqdan danışır.

Bəlkə də bu gün onların hamısı Polad Həşimovun həyat yolunu bütün təfərrüatları ilə bilmir. Bəzən tarixləri qarışdırır, söz axtarır, fikirlərini ifadə etmək üçün müəllimlərinin köməyinə ehtiyac duyurlar. Ancaq bir şeyi çox yaxşı bilirlər: Polad Həşimov Vətənini sevən, əsgərlərini qoruyan, xalqının qürur duyduğu qəhrəmandır. Ən gözəli isə budur ki, onlar bu adı sadəcə sinif otağının qapısında görmür, onu öz kiçik dünyalarında yaşatmağa çalışırlar.

Bəlkə də bir neçə il sonra böyüyüb bu günləri xatırlayanda ən böyük qürurları elə bu olacaq: bir vaxtlar Polad Həşimovun adını daşıyan sinifdə əyləşib onun qəhrəmanlığı haqqında danışmış, bu ada layiq olacaqlarına söz vermişdilər.

ŞOK HÜCUM! Ukrayna ordusu Rusiyaya girdi - Bu ərazini ələ keçirdi
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox