Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin rəhbərliyindən ayrılmasından sonra quruma yeni direktor təyin olunacağı gözlənilir.
Yeni rəhbərliyin qarşısında duran əsas məsələlərdən biri də mövcud imtahan sisteminin təkmilləşdirilməsi və mümkün yeniliklərin tətbiqi olacaq.
Xüsusilə buraxılış imtahanlarının formatı, qiymətləndirmə meyarları və imtahan prosesinin təşkili ilə bağlı dəyişikliklər ictimai müzakirə mövzusudur.
Bəs mövcud sistemdə hansı yeniliklərə ehtiyac var və imtahanların formatı hansı istiqamətdə dəyişdirilməlidir?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil mütəxəssisi Ramin Nurəliyev qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin şəffaflığına zərər dəyməməsi üçün təhsil sahəsindən gələn və bu şəffaflığı qoruya biləcək bir rəhbərə ehtiyac var:

"Müvafiq sərəncama uyğun olaraq Məleykə Abbaszadə Bakı Dövlət Universitetinə rektor təyin olunub və hazırda Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsi boşdur. Ümidvarıq ki, yaxın gələcəkdə cənab Prezident tərəfindən Dövlət İmtahan Mərkəzinə yeni sədr sərəncamla təyin olunacaq.
Arzumuz bu istiqamətdədir ki, Dövlət İmtahan Mərkəzinə təhsil siyasətini bilən, təhsilin içindən gələn biri rəhbərlik etsin. Çünki Dövlət İmtahan Mərkəzi həqiqətən də Azərbaycanda şəffaflıq, dürüstlük və obyektivlik baxımından cəmiyyət tərəfindən hörmət göstərilən və etibar edilən bir qurumdur. Əlbəttə ki, bu qurumun da bu səviyyəyə gəlməsində Məleykə Abbaszadənin böyük xidmətləri olub. Bundan sonra da qurumun şəffaflığına hər hansı bir zərər dəyməməsi üçün mütləq təhsil sahəsindən gələn və bu şəffaflığı qoruya biləcək bir rəhbərə ehtiyac var".
Fənlərin sayı azalarsa, imtahanların iki ayrı tarixdə deyil, bir tarixdə keçirilməsi mümkün olar:
“İmtahanlarda müəyyən qədər sadələşdirməyə gedilməlidir. Məsələn, hazırda imtahanlar beş-altı fənn üzrə keçirilir. Beş-altı fənn üzrə 5-ci sinifdən 11-ci sinfə qədər olan bütün mövzuları əhatə edən imtahanların abituriyentlər üçün həqiqətən də çətin və ağır olduğunu müşahidə edirik.
Bu gün abituriyent yalnız ümumtəhsil məktəbində aldığı biliklərlə kifayətlənirsə, universitetə qəbul olunması, əlbəttə ki, ciddi şəkildə çətinləşir. O, mütləq əlavə dəstək almalı, beş-altı fənn üzrə qəbul imtahanına hazırlaşmalıdır. Bu isə istər-istəməz həm valideynlər üçün müəyyən yük yaradır, həm də abituriyentlərin ciddi şəkildə yorulmasına səbəb olur. Ona görə də imtahanların sadələşdirilməsinə ehtiyac var.
Fənlərin sayı azaldılarsa, imtahanları iki ayrı tarixdə deyil, bir gündə keçirmək mümkün olar. Bu isə yoxlama nəticələrinin hazırlanması, yoxlama prosesi və digər məsələlər nəzərə alınmaqla, imtahanların mart ayında deyil, bəlkə də may və ya iyun ayında keçirilməsinə şərait yarada bilər”.
Qəbul imtahanları sadələşdirilməli, universitetdə təhsili başa vurmaq isə çətinləşdirilməlidir. Bizdə bunun tam əksi tətbiq olunur:
“Ümumilikdə, beynəlxalq təcrübədə qəbul imtahanlarının sadələşdirildiyini görürük. Universitetə qəbul prosesi asanlaşdırılır, təhsil almaq və onu başa vurmaq isə müəyyən qədər çətinləşdirilir. Bizdə isə bunun tam əksi idi. Hesab edirəm ki, artıq bu istiqamətdə müvafiq addımlar atılmalıdır.
Bir uşağın hər hansı ixtisasa, məsələn, mühəndislik ixtisasına 200 balla qəbul olmasındansa, sualların asanlaşdırılması nəticəsində 400 balla qəbul olması daha məntiqli hesab edilə bilər. Burada söhbət nədən gedir? Həmin uşaq onsuz da bu ixtisasa qəbul olacaq. Yəni 200 balla da, 400 balla da qəbul olunsa, nəticədə eyni ixtisas üzrə təhsil alacaq. Ancaq çətin suallar səbəbindən balının aşağı düşərək 200 balla qəbul olmasındansa, sualların nisbətən asanlaşdırılması nəticəsində daha yüksək balla qəbul olması məqsədəuyğundur.
Bu, imtahanların tamamilə asanlaşdırılması demək deyil. Əlbəttə ki, belə olmamalıdır. Məsələn, hər hansı fənn üzrə 30 sual varsa, onlardan beş-altısı kifayət qədər çətin ola bilər ki, namizədlər arasında müqayisə və fərqləndirmə aparmaq mümkün olsun. Lakin bizdə sualların böyük bir qismi ciddi şəkildə çətin olurdu. Bu da istər-istəməz abituriyentlərin topladığı balların aşağı düşməsinə təsir göstərirdi.
Beş-altı sual çətin tərtib edilə bilər. Ancaq digər suallar abituriyentlərin normal şəkildə cavablandıra biləcəyi səviyyədə olarsa, hər bir ixtisas üzrə qəbulun kəmiyyəti ilə yanaşı, keyfiyyəti də müəyyən qədər yüksələr. Hesab edirəm ki, yeni rəhbər bu istiqamətdə islahatlar həyata keçirə bilər. Xüsusilə yeni rəhbərin təhsil mütəxəssisləri ilə mütəmadi görüşlər keçirməsini dəstəkləyirəm.
Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzində qərarlar əsasən qurumun özü tərəfindən qəbul edilir və ictimaiyyətlə demək olar ki, müzakirə olunmurdu. Qərarlar qurum daxilində razılaşdırılaraq verilirdi. Halbuki bu məsələlər ictimaiyyətlə müzakirə edilməlidir. Təhsil mütəxəssisləri və ekspertləri ilə görüşlər keçirilməli, fikir mübadiləsi aparılmalıdır. Hər hansı səhv və ya çatışmazlıq varsa, vaxtında müzakirə olunmalıdır. Ümid edirəm ki, yeni rəhbər bu məsələlərdə ictimaiyyətə açıq olacaq və mövcud problemlərin həlli istiqamətində müvafiq addımlar atacaq”.