Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış və qəbul imtahanlarının proqramları ilə bağlı müzakirələr aparılıb, bir sıra fənlər üzrə proqramlar təsdiqlənib. İmtahan proqramları şagirdlərin hazırlıq prosesinə, müəllimlərin tədris strategiyalarına və abituriyentlərin qəbul imtahanlarına hazırlığına birbaşa təsir göstərir.
Xüsusilə, proqramlara daxil edilən mövzuların əhatə dairəsi və şagirdlərin biliklərinin qiymətləndirilməsi məsələləri aktuallığını qoruyur.
Maraqlıdır, imtahan proqramları hazırlanarkən mövzuların həcmi və çətinlik səviyyəsi hansı meyarlar əsasında müəyyənləşdirilməlidir ki, həm tədris proqramına uyğunluq qorunsun, həm də şagirdlərin bilik və bacarıqları obyektiv qiymətləndirilsin?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Vüsət Əzizov qeyd edib ki, imtahan proqramlarının hazırlanması zamanı əsas prinsip tədris proqramı ilə qiymətləndirmə arasında balansın qorunması olmalıdır:

"İmtahan proqramı şagirdlərin məktəbdə öyrəndikləri bilik və bacarıqlara əsaslanmalı, onların qarşısına tədris prosesində lazımi səviyyədə mənimsəmədikləri əlavə tələblər qoyulmamalıdır. Burada ilk növbədə mövzuların həcmi deyil, onların tədris proqramındakı yeri, əhəmiyyəti və şagirdlər tərəfindən mənimsənilmə səviyyəsi nəzərə alınmalıdır. Bütün mövzuların eyni dərəcədə geniş və dərin şəkildə qiymətləndirilməsi doğru yanaşma deyil.
Əsas anlayışlar, fundamental biliklər və tətbiqi bacarıqlar daha çox diqqət mərkəzində olmalıdır. Digər mühüm məsələ imtahan suallarının çətinlik səviyyəsidir. İmtahan yalnız şagirdlərin əzbərlədiklərini yox, onların məntiqi təfəkkürünü, təhliletmə və problem həll etmə bacarıqlarını da ölçməlidir. Bununla belə, çətin sualların sayını artırmaq imtahanın keyfiyyətini yüksəltmək demək deyil. Sualların çətinliyi şagirdlərin bilik səviyyəsinə və tədris prosesində qarşıya qoyulan məqsədlərə uyğun müəyyənləşdirilməlidir.
Düşünürəm ki, imtahan proqramları hazırlanarkən bir neçə meyar əsas götürülməlidir. Bunlara təhsil proqramına uyğunluq, mövzuların əhəmiyyət dərəcəsi, yaş xüsusiyyətləri, bilik və bacarıqların ölçülə bilməsi, eləcə də əvvəlki illərin imtahan nəticələrinin təhlili aid edilə bilər. Müxtəlif bölgələrdə və məktəblərdə tədris imkanlarının fərqlənməsi də nəzərdən qaçırılmamalıdır. Çünki şagirdlərin nəticələrinə yalnız onların fərdi hazırlığı deyil, təhsilə çıxış imkanları da təsir göstərir".
Eyni zamanda, imtahan proqramları ilə bağlı müzakirələr formal xarakter daşımamalıdır:
"Müəllimlərin, fənn mütəxəssislərinin, təhsil tədqiqatçılarının və qiymətləndirmə üzrə ekspertlərin rəyləri real şəkildə nəzərə alınmalıdır. Proqramlar təsdiqlənməzdən əvvəl nümunəvi suallar təqdim edilməli, onların məzmunu və çətinlik səviyyəsi sınaqdan keçirilməli, nəticələr əsasında zəruri düzəlişlər aparılmalıdır.
Ən vacib məqamlardan biri də imtahan proqramlarının şagirdlər və müəllimlər üçün əvvəlcədən aydın və əlçatan olmasıdır. DİM hər il bununla bağlı müvafiq jurnal nəşr edir. Şagird hansı mövzulara hazırlaşmalı olduğunu, müəllim isə hansı bilik və bacarıqların qiymətləndiriləcəyini dəqiq bilməlidir. Bu, hazırlıq prosesində qeyri-müəyyənliyi azaldar, əlavə hazırlıq yükünü optimallaşdırar və repetitor xidmətlərindən asılılığın müəyyən qədər azalmasına da kömək edə bilər.
Nəticə etibarilə, imtahan proqramlarının uğuru mövzuların çoxluğu və ya sualların çətinliyi ilə deyil, şagirdlərin bilik və bacarıqlarını nə dərəcədə obyektiv ölçməsi ilə müəyyən edilməlidir. İmtahan şagirdi çətinliyə salmaq üçün deyil, onun nəyi bildiyini, nəyi bacardığını və öyrəndiklərini necə tətbiq etdiyini müəyyənləşdirmək üçün keçirilməlidir. Bu prinsip qorunarsa, həm məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinə, həm də qəbul prosesində daha ədalətli qiymətləndirmə sisteminin formalaşmasına nail olmaq mümkündür".