Azedu.az

Günəş sistemindən kənarda ilk peyk aşkarlanmış ola bilər

AzEdu Təhsil Platforması

25 Oktyabr 2026, 12:45
Günəş sistemindən kənarda ilk peyk aşkarlanmış ola bilər

Astronomlar Günəş sistemindən kənarda ilk təbii peykin aşkarlanmasına dair güclü dəlillər əldə ediblər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Cənub Rəsədxanasının (ESO) Çox Böyük Teleskopu vasitəsilə aparılan müşahidələr nəticəsində CD-35 2722 ulduz sistemində peykə bənzər göy cismi müəyyən edilib.

Tədqiqatçılar bu cismin planetlə ulduz arasında xüsusiyyətlərə malik olan qəhvəyi cırtdanın ətrafında dövr etdiyini müəyyənləşdiriblər. Qəhvəyi cırtdan isə öz növbəsində CD-35 2722 ulduzunun ətrafında hərəkət edir. Beləliklə, sistem üç səviyyəli orbital quruluşa malikdir.

Alimlərin hesablamalarına görə, namizəd cismin kütləsi Yupiterin kütləsinin təxminən 90 faizi qədərdir və o, qəhvəyi cırtdanın ətrafında təxminən 170 günə bir dövr edir.

Araşdırmada alimlər qəhvəyi cırtdanın hərəkətindəki kiçik dəyişiklikləri ölçərək onun ətrafında başqa bir cismin mövcudluğuna dair dəlillər əldə ediblər. Bunun üçün radial sürət metodu və Çox Böyük Teleskopun CRIRES+ cihazından istifadə olunub.

Tədqiqatın nəticələri Nature jurnalında dərc edilib. Alimlər aşkarlanan obyektin təbiətini və təsnifatını dəqiqləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər. Obyektin peyk kimi təsnif edilməsi də müzakirə mövzusudur, çünki o, planetin deyil, qəhvəyi cırtdanın ətrafında dövr edir.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox