Azedu.az

İngiltərədə oxudu, fərqlənmə ilə məzun oldu - “Hədəfim təhsilimizə töhfə verməkdir”

AzEdu Təhsil Platforması

19 Oktyabr 2026, 11:30
İngiltərədə oxudu, fərqlənmə ilə məzun oldu - “Hədəfim təhsilimizə töhfə verməkdir”

Xaricdə təhsil alan gənclərin ölkəyə qayıtdıqdan sonra qazandıqları bilik və təcrübəni yerli təhsil sisteminə tətbiq etməsi aktual məsələlərdən biridir.

Böyük Britaniyanın University College London (UCL) universitetində magistr təhsili alan Fatimə Hüseynli də gələcək karyerasını təhsil sahəsində qurmağı planlaşdırır.

AzEdu.az-a danışan Dövlət Proqramı məzunu xaricdəki təhsil mühiti, tələbə həyatına uyğunlaşma prosesi, proqramın ona qazandırdıqları və gələcək karyera planları barədə fikirlərini bölüşüb.

“Bakalavr təhsilimi Dillər Universitetində, Tərcümə fakültəsində, ingilis-azərbaycan dilləri üzrə tərcümə ixtisasında almışam. Daha sonra Dövlət Proqramının imkanlarından xəbər tutdum və proqrama müraciət etdim.

Magistratura təhsilimi dünyanın ən yaxşı səkkiz universitetindən biri olan University College London-da (UCL) aldım. İxtisasım MA Education idi. Bildirmək istəyirəm ki, bu universitetin təhsil sahəsi üzrə dünyada birinci yerdə olan IOE fakültəsində təhsil almışam. Həmçinin University College London-da Student Representative və Academic Representative, yəni tələbə və akademik nümayəndə olmuşam. Kampus həyatında da aktiv iştirak etmişəm, akademik fəaliyyətlərim olub. Dissertasiya mövzum da Azərbaycanla bağlı idi. Azərbaycanlı tələbələrin Böyük Britaniyanın təhsil sisteminə uyğunlaşması haqqında dissertasiya yazdım. Qeyd etmək istəyirəm ki, bu universiteti fərqlənmə ilə bitirdim.

Böyük Britaniyada təhsil daha çox tələbəyönümlüdür. Tələbələr qrup işlərində iştirak edir, seminarlarda müzakirələr aparır, diskussiya formasında təhsil alırlar. Azərbaycanda isə tələbələr daha çox müəllimə qulaq asır və onun dediklərini tətbiq edirlər. Bir növ əzbərçilik sistemi var. Amma onu da demək istəyirəm ki, inkişaf yoxdur demək düzgün olmaz. Bəzi universitetlərdə təhsil artıq tələbəyönümlü şəkildə inkişaf edir.

Hələlik xaricdə işləmək barədə konkret planım yoxdur, amma gələcəkdə bunu istərdim. Təbii ki, xaricdə. Böyük Britaniyanı çox bəyəndim və düşünürəm ki, yəqin ki, yenidən oraya üz tutaram.

Nə yalan deyim, ilk vaxtlar “cultural shock”, yəni mədəni şok yaşadım. Amma orada azərbaycanlı həmvətənlərimiz yaşayırdılar. Onlar da əvvəllər təhsil alıb ölkəyə qayıtmış gənclər idi. Bizə öz tövsiyələrini verdilər, istiqamət göstərdilər və bundan sonra adaptasiya olmaq daha da asanlaşdı.

Gələcək planlarıma gəlincə, təhsil sektorunda işləmək istəyirəm. İxtisasım da təhsil sahəsi ilə bağlı olduğu üçün bu istiqamətdə fəaliyyət göstərmək niyyətindəyəm. Xüsusilə, Elm və Təhsil Nazirliyində işləsəm, çox sevinərəm. Orada çalışmaq istəyirəm.

Dövlət Proqramının üstünlüklərindən danışarkən, ilk növbədə, şəbəkələşməni (networking) qeyd edərdim. Müxtəlif ölkələrdən, universitetlərdən və fərqli mühitlərdən olan tələbələrlə tanış olduq, əlaqələrimiz genişləndi. Bundan əlavə, Dövlət Proqramı bizə çoxlu imkanlar yaratdı. Dünyagörüşümüzü genişləndirdik, xaricdə təhsil aldıq. Bir növ, dünyaya baxışımız dəyişdi. Gedib qayıtdıqdan sonra əvvəlki insan olmadığımızı, çox dəyişdiyimizi və inkişaf etdiyimizi hiss etdik.

Həmçinin qeyd etmək istəyirəm ki, gənclərə bu cür imkanlar yaratdığı üçün dövlətimizə çox minnətdaram. Dövlətimizin dəstəyi sayəsində inkişaf etdik və ixtisaslı kadrlar kimi geri qayıtdıq. Bundan sonra da dövlətimizə töhfə vermək istiqamətində çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, dövlətimiz üçün layiqli kadrlar olaq”.

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox