Azedu.az

İngiltərədə təhsilini tamamlayan Nəzrin: “Ən çox araşdırma aparmağı öyrəndim”

AzEdu Təhsil Platforması

19 Oktyabr 2026, 11:18
İngiltərədə təhsilini tamamlayan Nəzrin: “Ən çox araşdırma aparmağı öyrəndim”

Bu gün xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları üçün karyera sərgisi keçirilir.

Həmin məzunlardan biri də Nəzrin Səlimzadədir.

AzEdu.az bu münasibətlə Nəzrin Səlimzadə ilə həmsöhbət olub, onun xaricdə təhsil təcrübəsi ilə bağlı fikirlərini öyrənib.

“Dövlət Proqramı çərçivəsində İngiltərədə magistratura təhsilini bitirdim. Orada Human-Computer Interaction (İnsan-kompüter qarşılıqlı əlaqəsi) ixtisası üzrə təhsil aldım. Bakalavr təhsilimi isə Azərbaycanda, Bakı Mühəndislik Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə bitirmişəm.

İngiltərədə dil və aksent baxımından müəyyən çətinliklər yaşayırdım. Həm də bu, mənim üçün yeni bir mədəniyyət idi. Amma digər tələbələrlə birlikdə yaşadığım üçün uyğunlaşmaq o qədər də çətin olmadı. Dövlət Proqramı çərçivəsində təhsil alan digər azərbaycanlılar da var idi. Bu baxımdan ciddi çətinlik çəkmədim".

Nəzrin İngiltərədə olarkən ən çox yediyi yeməkdən danışdı:

"İngilislərin özünəməxsus yeməkləri və mətbəxi o qədər də geniş olmadığı üçün daha çox xarici mətbəx nümunələri ilə qarşılaşırdım. Buna görə də özüm yemək bişirmək məcburiyyətində qalırdım. Bacardığım qədər Azərbaycan yeməkləri hazırlayırdım.

Ən çox plov bişirirdim. Yaxşı plov bişirdiyim üçün onun ərzaqlarını tapmaq da mənim üçün asan idi.

Otaq yoldaşlarım üçün toyuqlu plov və ayran hazırlayanda çox təəccüblənirdilər. Onlar düşünürdülər ki, niyə öz mətbəxlərində belə yeməklər yoxdur".

İngiltərədə araşdırma aparmağı öyrəndim:

"Təhsil baxımından da mənim üçün fərqli bir yanaşma oldu. Çünki orada araşdırmalara daha çox önəm verilirdi. Azərbaycanda təhsil alarkən araşdırma aparmaqla bağlı o qədər də təcrübəm olmamışdı. İngiltərədə isə araşdırma aparmağı öyrəndim.

Bu, mənim üçün həm təhsil və akademik inkişaf, həm də şəxsi təcrübə baxımından fərqli bir mərhələ oldu. Yeni mədəniyyət və insanlarla tanış oldum. Düşünürəm ki, bu təcrübə mənə çox şey qazandırdı. Gələcəkdə də öz sahəm üzrə fəaliyyətimi davam etdirməyi planlaşdırıram.

Düşünürəm ki, Dövlət Proqramı yaxşı bir fürsətdir. Çünki xaricdə təhsil almaq istəyən gənclərə həm maddi, həm də digər istiqamətlərdə dəstək göstərilir. Buna görə də gənclərə öz sahələri üzrə inkişaf etməyi və Dövlət Proqramına müraciət etməyi tövsiyə edirəm”.

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox