"Dövlət xaricdə təhsil alan gənclərə investisiya edib və onlardan nəticə gözləyir".
AzEdu.az xəbər verir ki, bu sözləri xaricdə təhsil üzrə Dövlət Proqramı məzunları üçün karyera sərgisində elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib.
“Azərbaycan dövləti xaricdə təhsil alan gənclərə investisiya edib, onlardan nəticə gözləyir və onlara inanır. Siz Azərbaycan gəncləri arasından seçilərək ölkəmiz üçün ən mühüm sahələrdə dəyişiklik etmək məqsədilə xaricdə təhsil almağa göndərilmisiniz. İqtisadiyyatımızın, cəmiyyətimizin, beynəlxalq əlaqələrimizin və digər sahələrdə prioritetlərimizin reallaşdırılmasında sizin üzərinizə mühüm məsuliyyət düşür”.
Nazir müavininin sözlərinə görə, Dövlət Neft Fondunun vəsaitlərinin gənclərin xaricdə təhsilinə və insan kapitalının inkişafına yönəldilməsi strateji əhəmiyyət daşıyan qərardır:
“Bu vəsaitin infrastruktur, enerji layihələri və yenidənqurma işləri kimi digər istifadə istiqamətləri də var. Xaricdə təhsil proqramının maliyyələşdirilməsi hamının qəbul etdiyi standart bir yanaşma deyil. Bu, çətin seçimdir, lakin Azərbaycan dövləti həmin seçimi edib və 2007-ci ildən etibarən Dövlət Proqramı çərçivəsində həyata keçirir”.
H.Həsənli qeyd edib ki, dövlətin gənclərin xaricdə təhsilinə yönəltdiyi investisiyaların nəticələri artıq müxtəlif sahələrdə özünü göstərir:
“Sizdən əvvəl Dövlət Proqramı çərçivəsində təhsil alan məzunlar hazırda mühüm dövlət vəzifələrində çalışır, özəl sektorda ciddi layihələrə rəhbərlik edirlər. Bəzən məzunun özünün belə fərqinə varmadığı fəaliyyəti bütöv bir sahənin, sənayenin və ya dövlət qurumunun işinin nəticələrinə, məhsuldarlığına mühüm təsir göstərə bilir. Dövlət Proqramının əsas ideyası və mahiyyəti də bundan ibarətdir”.
Nazir müavini xaricdə təhsil almış gənclərin Azərbaycanda qazandıqları bilik və təcrübəni tətbiq etmələrinin vacibliyini də vurğulayıb:
“Xaricdə şərait və fəaliyyət sahələri fərqli ola bilər. Lakin ən vacib məqam odur ki, sizi Azərbaycanda gözləyən ailəniz, cəmiyyətiniz və sizin kimi gənclər var. Üzərinizə düşən məsuliyyəti yerinə yetirmək karyeradan və şəxsi maraqlardan daha çox həyatınıza məna qatan işlərdən biri olacaq”.
H.Həsənli Dövlət Proqramı məzunlarının məşğulluq imkanlarının dəstəklənməsinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Məşğulluq Agentliyinə təşəkkür edib. O, tədbirdə iştirak edən gənclərin Azərbaycanın aparıcı xarici universitetlərində təhsil aldıqlarını və ölkənin gələcək inkişafında mühüm rol oynayacaqlarını bildirib.
Nazir müavini özünün də Dövlət Proqramı çərçivəsində xaricdə təhsil aldığını xatırladaraq məzunlarla əməkdaşlıq imkanlarının müzakirəsində maraqlı olduğunu qeyd edib.