Azedu.az

Mini beyin modelləri Brayl əlifbasını tanıdı

AzEdu Təhsil Platforması

18 Oktyabr 2026, 12:50
Mini beyin modelləri Brayl əlifbasını tanıdı

Böyük Britaniyanın Bristol Universitetinin alimləri laboratoriyada yetişdirilən beyin orqanoidlərinin Brayl əlifbasının hərflərinə uyğun siqnalları ötürə bildiyini müəyyən ediblər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 16-da “Frontiers in Artificial Intelligence” elmi jurnalında dərc olunan araşdırmada alimlər toxunma sensorundan əldə edilən məlumatları elektrik siqnallarına çevirərək mini beyin modellərinə ötürüblər. Daha sonra kompüter alqoritmi bu modellərin yaratdığı sinir fəaliyyəti siqnallarını təhlil edərək hərfləri müəyyənləşdirib.

Araşdırmanın nəticələrinə görə, bir beyin orqanoidi siqnalları 61% dəqiqliklə tanıya bildiyi halda, üç orqanoiddən alınan nəticələrin birləşdirilməsi dəqiqliyi 83%-ə yüksəldib.

Hər biri 1 millimetrdən kiçik olan bu modellər təxminən 10 min neyron və dəstəkləyici hüceyrələrdən ibarətdir. Onlar insan beyninin tam quruluşuna malik olmasalar da, sinir hüceyrələrinin elektrik siqnallarına reaksiyasını araşdırmağa imkan verir.

Alimlər hesab edirlər ki, tədqiqat canlı sinir toxuması ilə elektron sistemləri birləşdirən biohibrid kompüterlərin hazırlanması istiqamətində mühüm addım ola bilər. Belə sistemlər gələcəkdə daha az enerji sərf edən hesablama texnologiyalarının yaradılmasına töhfə verə bilər.

Tədqiqat çərçivəsində orqanoidlərin məlumatı zamanla öyrəndiyi və ya yadda saxladığı sübut edilməyib. Alimlər növbəti mərhələdə müxtəlif toxunma siqnallarının emalını araşdırmağı planlaşdırırlar.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox