“Belə bir fikir var idi ki, türkdilli universitetlərdən ibarət konsorsium yaradılsın. Tələbənin, məsələn, iki il Azərbaycanda, iki il Özbəkistanda və ya bir il Azərbaycanda, bir il Qazaxıstanda, bir il isə Özbəkistanda təhsil alması ilə proqramın həyata keçirilməsi, məncə, çox yaxşı olardı”.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, ölkələrimiz arasında ortaq mədəniyyət, təhsil və tarixlə bağlılıq qürurvericidir.
“Bu birgə proqramlar tələbələr üçün olduqca cəlbedici ola bilər. Onlar dörd il ərzində Azərbaycanı, Özbəkistanı, Qazaxıstanı və Türkiyəni tanımaq imkanı əldə edə bilərlər. İnanıram ki, bu, bizim üstünlüyümüzdür və həmin üstünlükdən düzgün istifadə edə bilsək, yaxşı olar. Bugünkü görüşdə bir neçə sahə üzrə birgə layihələrin müəyyənləşdirilməsinin həm Azərbaycan, həm Özbəkistan, həm də dünya üçün faydalı olacağına inanıram”.