Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri üçün nəzərdə tutulan sertifikasiya imtahanına az vaxt qalmış hazırlaşma prosesinin hansı mərhələlərdə və necə həyata keçirildiyi diqqət mərkəzindədir.
Maraqlıdır, bağça müəllimləri sertifikasiya imtahanlarında uğurlu nəticələr əldə edə biləcəklərmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva bildirib ki, bu gün sertifikasiyaya hazırlaşmaq bir tendensiyaya çevrilib. Müəllimlər kurslara yazılır, fərdi müəllimlərə müraciət edir və imtahana hazırlaşırlar:

"Ümumiyyətlə, gəlin əvvəlcə tərbiyəçi-müəllimlərin sertifikasiya prosesinin zəruri olub-olmadığına baxaq. Çünki əsas məsələlərdən biri tərbiyəçi-müəllimlərin kurikulum sisteminə keçiddən sonra onu nə dərəcədə qavramaları və tədris prosesində tətbiq edə bilmələridir. Əlbəttə ki, bununla bağlı müəyyən tələblər ortaya qoyulmalıdır. Həmin tələblər müəyyənləşdirildikdən sonra müəllimlər bu prosesə daha ciddi yanaşacaq və öyrənməyə çalışacaqlar.
Məsələ burasındadır ki, bu gün sertifikasiyaya hazırlaşmaq bir tendensiyaya çevrilib. Müəllimlər kurslara yazılır, fərdi müəllimlərə müraciət edir və imtahana hazırlaşırlar. Ancaq burada narahatedici məqam odur ki, proses çox vaxt əzbərçilik üzərində qurulur. Yəni müəllim müəyyən məlumatları imtahanda uğur qazanmaq üçün öyrənir, imtahan verir, bal toplayır və bununla da proses başa çatır.
Bəs biz bu müddətdə müəllimlərin öyrəndiklərini sinifdə və ya qrup otağında tətbiq etdiklərini, uşaqlarla iş zamanı həmin biliklərdən istifadə etdiklərini müşahidə edə bilirikmi? Təəssüf ki, belə bir mənzərə ilə qarşılaşmırıq. Nəticədə sertifikasiya ənənəvi imtahan prosesinin mahiyyətini daşıyır və bu yanaşma davam edir. Halbuki məqsədimiz yalnız imtahandan keçən müəllimləri müəyyənləşdirmək deyil, onların peşəkar fəaliyyətinin keyfiyyətini artırmaq olmalıdır".
Tərbiyəçi-müəllimlərin fəaliyyəti beş ildə bir dəfə deyil, mütəmadi olaraq qiymətləndirilməlidir:
"Müəllimlər bu imtahanlarda uğurlu nəticə əldə edəcəklər. Çünki universitet və ya kollec bitirmiş, müəyyən savada malik olan insanların ən azı 70-80 faizinin uğurlu nəticə göstərəcəyi gözlənilir. Burada uğurlu nəticə dedikdə, mütləq yüksək bal toplamaq nəzərdə tutulmur.
Düşünürəm ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikasiyaya cəlb olunması zamanı prosesin formatı dəyişdirilməli, daha praktik yanaşmaya üstünlük verilməlidir. Burada yalnız bilik və bacarıqlar deyil, müəllimlərin emosional və psixoloji vəziyyəti, uşaqlara münasibəti, onlara yanaşması və uşaqlarla işləmək bacarığı da nəzərə alınmalıdır.
Bütün bunları yalnız şifahi sorğu və ya test vasitəsilə yoxlamaq mümkün deyil. Bunun üçün xüsusi mexanizm hazırlanmalıdır. Üstəlik, belə qiymətləndirmə beş ildə bir dəfə keçirilən prosedurla məhdudlaşmamalı, davamlı xarakter daşımalıdır. Müəllimin fəaliyyəti mütəmadi izlənilməli və onun uşaqlarla işinin keyfiyyəti qiymətləndirilməlidir. Düşünürəm ki, prosesin bu cür yenidən qurulması məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər".
Əgər müəllim öyrəndiklərini praktikada tətbiq edə bilmirsə, onun yenidən kurslara getməsinin və ya fərdi müəllim yanına hazırlaşmasının heç bir faydası yoxdur:
"Sertifikasiya imtahanlarının keçirilməsi, əlbəttə ki, zəruridir. Bu proses müəllimin məsuliyyətini artırır, işə yanaşmasını dəyişir və peşəkar fəaliyyətini daha düzgün qurmasına kömək edir. Ancaq bütün bunlar yalnız sertifikasiya prosesi düzgün təşkil olunduğu halda mümkündür.
Bir daha vurğulamaq istəyirəm ki, müəllim bu gün öyrəndiklərini sabah qrup otağında tətbiq etmirsə, həmin biliklərin onun fəaliyyətinə nə dərəcədə təsir göstərdiyini yoxlamağın mənası qalmır. Müəllim nəzəri məlumatları öyrənməklə kifayətlənməməli, həmin nəzəriyyənin prinsiplərini praktikada tətbiq etməyi, müxtəlif yanaşmalardan istifadə etməyi, bütün uşaqları təlim prosesinə cəlb etməyi və uyğun tapşırıqlar hazırlamağı bacarmalıdır.
Əgər müəllim öyrəndiklərini praktikada tətbiq edə bilmirsə, onun yenidən kurslara getməsinin və ya fərdi müəllim yanında hazırlaşmasının heç bir faydası yoxdur. Müşahidələrim də göstərir ki, müəllimlər çox vaxt öyrəndiklərini gəlib sinifdə və ya qrup otağında tətbiq etmirlər. Buna görə də əsas diqqət yalnız biliyin mənimsənilməsinə deyil, həmin biliyin praktik fəaliyyətə necə çevrildiyinə yönəldilməlidir".