Məktəblərdə müəllimlər üçün vahid geyim formasının tətbiqi müzakirələrə səbəb olub. Bəzi müəllimlər bu qərara etiraz edərək şagirdlərlə eyni geyim qaydasına tabe tutulmalarını düzgün hesab etmirlər. Bəs müəllimlərin də vahid geyimdə olması nə dərəcədə vacibdir?
Vaxtilə məktəbə həddindən artıq dar və ya qısa geyimlərdə gələn müəllimlərin olması geyim mədəniyyəti məsələsini gündəmə gətirir. Məktəb yalnız bilik verilən deyil, həm də davranış və dəyərlərin formalaşdığı bir mühitdir. Müəllim isə xarici görünüşü ilə də şagirdlərə nümunə olmalıdır.
Vahid geyim formasına etiraz edən müəllimlərin bu mövqeyi hansı arqumentlərə əsaslanır? Peşəkar etikanın qorunması və məktəb mühitinə uyğun geyim standartlarının müəyyənləşdirilməsi üçün vahid qaydaların tətbiqi vacib deyilmi?
AzEdu.az mövzu ilə bağlı müəllimlərin münasibətini öyrənib.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin aparıcı metodisti və Sumqayıt şəhərləri 11 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, Prezident mükafatçısı, Qabaqcıl təhsil işçisi Elnarə Qurbanzadə bildirib ki, həkim ağ xalatda, hakim mantiyada, polis formada niyə narahat olmur?

"Söhbət hicabdan və şəxsi inancdan getmir. Söhbət peşə etikasından və sinif otağına hörmətdən gedir.
Müəllim niyə vahid geyimdə olmalıdır? Bunun 4 sadə səbəbi var:
1. Diqqət dərsdə olmalıdır.
Şagird müəllimi ilk növbədə görünüşünə görə qiymətləndirir. Əgər müəllim dərsə həddindən artıq dar, qısa, parıltılı və ya gündəlik geyimdə gəlirsə, diqqət dərsdən geyimə yönəlir. Vahid geyim isə bir mesaj verir: bura şəxsi səhnə deyil, iş yeridir.
2. Müəllimin nüfuzu geyimi ilə deyil, peşəkarlığı ilə ölçülməlidir.
“Şagirddən nə fərqimiz qalacaq?” sualı əslində düzgün qoyulmur. Fərq geyimin bahalığında və ya darlığında deyil, bilikdə, davranışda və mədəniyyətdə olmalıdır. Müəllim şagirdlərə xas qeyri-rəsmi geyim tərzinə üstünlük verdikdə, peşəkar nüfuz və ciddilik zədələnə bilər. Vahid və səliqəli rəsmi geyim isə bu sərhədi qorumağa kömək edir.
3. Vahid geyim sağlam rəqabət mühiti yaradır.
Şagirdlər arasında maddi fərqlərin geyim vasitəsilə ön plana çıxmamasını istəyirik. Bəs müəllimlər arasında necə? Bir müəllim hər gün yeni brend geyimdə gəlir, digəri isə sadə geyinir. Bu vəziyyət də qeyri-sağlam rəqabətə səbəb ola bilər. Vahid geyim müəllimlər arasında bərabərlik və peşəkar birlik hissini gücləndirir.
4. Hər peşənin öz geyim qaydası var.
Heç kim müəllimin robota çevrilməsini istəmir. Amma hər peşənin öz geyim qaydası var. Həkim ağ xalat, hakim mantiya, polis isə xüsusi forma geyinir. Bu, onların şəxsi seçimlərini məhdudlaşdırmaqdan çox, peşə mənsubiyyətini və məsuliyyətini ifadə edir. Müəllimlik də cəmiyyət üçün mühüm və məsuliyyətli peşələrdən biridir".
Ucar rayonu Əziz Əliyev adına Qazyan kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin Biologiya müəllimi, Qumru Məmmədova bildirib ki, verilən hər bir qərar, vətəndaşların, şagirdlərin gələcəyi üçün, inkişafı üçün müsbət təsir bağışlayır:

"Şagirdlərin həyatında müəllimlərin rolu çox böyükdür. İstər geyim tərzi, istərsə də danışığı ilə müəllim hər bir şagird üçün nümunədir. Düşünürəm ki, müəllimin davranışı və geyimi diqqəti yayındıran deyil, səliqəli və intizamlı olmalıdır. Çünki şagird müəllimi nə qədər intizamlı və nizamlı görərsə, bu, onun gələcək həyatının formalaşmasına da müsbət təsir göstərə bilər.
Əlbəttə, müəllimin dar və ya qısa geyimdə olması dərs prosesində şagirdin diqqətinin yayınmasına səbəb ola bilər. Ona görə də yeni qərarla bağlı heç bir narazılığım yoxdur. Qəbul edilən qərarların vətəndaşların, xüsusilə də şagirdlərin gələcəyi və inkişafı baxımından müsbət təsir göstərəcəyini düşünürəm.
Müəllim necə danışırsa, necə davranırsa, şagird də onu öz gələcək həyatında nümunə götürməyə çalışır. Buna görə də hesab edirəm ki, nizamlı və səliqəli olmaq, işə ciddi yanaşmaq, ilk növbədə, geyimdən başlayır".