Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti PHŞ tabeliyində Polimer Materialları İnstitutunun Heterotsiklik monomerlər laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Məhruzə Şatirova və laboratoriyanın əməkdaşları – aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Aynur Qarayeva, elmi işçilər – Şəhla Şeydayeva, Gülnur Məmmədova, Şəhla Nağıyeva və Lamiyə Hacıyevanın həmmüəllifi olduqları məqalə Q4 kvartilli “Russian Journal of Organic Chemistry” jurnalında (ISSN 1608-3393, çap ISSN isə 1070-4280, June 2026. – Vol. 62, № 4, p.84 //doi.org/10.1134/S1070428026600373) dərc olunub.
AzEdu.az xəbər verir ki, “Etil 6-alkil-4-(xlorometil)-2-metilpiridin-3-karboksilatın bəzi azot nukleofilləri ilə reaksiyaları əsasında yeni pirrolo[3,4-c]piridin törəmələrinin sintezi” (Synthesis of New Pyrrolo[3,4-c]pyridine Derivatives by Reactions of Ethyl 6-Alkyl-4-(chloromethyl)-2-methylpyridine-3-carboxylate with Some Nitrogen Nucleophiles) adlı məqalədə yeni heterotsiklik birləşmələrin, xüsusilə pirrolo [3,4-c]piridin törəmələrinin sintezindən bəhs edilib.
Tədqiqatın əsas məqsədi funksionaləvəzli piridin törəmələrinin müxtəlif azot nukleofilləri ilə məqsədyönlü qarşılıqlı təsiri əsasında yeni heterotsiklik sistemlərin alınması imkanlarının müəyyənləşdirilməsidir. Başlanğıc maddə kimi etil 6-alkil-4- (xlorometil)-2-metilpiridin-3-karboksilatlar istifadə edilib və onların müxtəlif azot nukleofilləri ilə reaksiyaları öyrənilib. Aparılan çevrilmələr nəticəsində pirrolo[3,4- c]piridin nüvəsi daşıyan yeni heterotsiklik törəmələr alınıb. Tədqiqat nəticələri ilkin piridin quruluşunun funksionallaşdırılması və intramolekulyar heterotsiklləşmə istiqamətində səmərəli sintetik yanaşmanın mümkünlüyünü göstərib.
Alınan yeni birləşmələrin quruluşları müasir fiziki-kimyəvi və spektroskopik üsullardan istifadə edilməklə təsdiqlənib.
Qeyd edək ki, impakt faktor göstəricisi 0.8-ə, SJR reytinq göstəricisi isə 0.187-ə bərabər olan jurnal Springer Nature nəşriyyat platformasında yayımlanır, Web of Science-ın Science Citation Index Expanded (SCIE) və Scopus beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxildir.