Lənkəran Dövlət Universitetində (LDU) “Artterapiya – özünü kəşf və emosional rahatlığa doğru” adlı psixoterapevtik təlim təşkil olunub.
AzEdu.az xəbər verir ki, təlimin əsas məqsədi tələbələrin özünütanıma və özünüifadə bacarıqlarını inkişaf
etdirmək, emosional vəziyyətlərini daha yaxşı dərk etmələrinə şərait yaratmaq, eləcə də daxili gərginliyi azaltmaqla psixoloji rahatlığı dəstəkləmək olub.
Tədbir çərçivəsində artterapiya metodlarından istifadə edilərək iştirakçılara hiss və düşüncələrini rənglər, obrazlar və simvollar vasitəsilə ifadə etmək imkanı verilib. Yaradıcı proses tələbələrin daxili dünyalarını və emosiyalarını daha yaxından tanımalarına kömək edib.
Təlimin praktik mərhələsində isə iştirakçıların çəkdikləri rəsmlər Psixologiya ixtisasının IV tədris ili tələbələri tərəfindən təhlil edilib. Gələcəyin psixoloqları rəsmlərdəki rəng çalarlarına, simvollara və kompozisiya xüsusiyyətlərinə psixoloji yanaşma sərgiləyərək öz müşahidə və şərhlərini bölüşüblər. Bu yanaşma tələbələrə nəzəri biliklərini praktiki təhlil bacarıqları ilə birləşdirmək imkanı qazandırıb.
Qeyd edək ki, təlim İnklüziv təhsil və psixoloji xidmət üzrə layihə meneceri dosent Ləman Verdiyeva və Pedaqogika, psixologiya və incəsənət kafedrasının baş müəllimi Aytən Dadaşovanın təşkilatçılığı ilə baş tutub.