Bakı Mühəndislik Universitetində (BMU) səfərdə olan Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universitetinin (PKTU) Şura sədri Li Nanın rəhbərlik etdiyi nümayəndə heyəti iki ali təhsil müəssisəsinin əməkdaşlığı çərçivəsində bu ildən fəaliyyətə balşamış PKTU-BMU Mühəndislik fakültəsinin fəaliyyəti, tədris mühiti və təhsil imkanları ilə tanış olub.
AzEdu.az xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev nümayəndə heyətinə fakültənin təşkili, tədris prosesinin xüsusiyyətləri, maddi-texniki bazası və tələbələr üçün yaradılmış şərait barədə ətraflı məlumat verib. Qeyd olunub ki, fakültənin fəaliyyəti iki universitet arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, mühəndislik istiqamətləri üzrə müasir təhsil imkanlarının inkişafı və beynəlxalq təcrübənin tədris prosesinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra qonaqlar fakültənin auditoriyaları və tədris infrastrukturu ilə yaxından tanış olub, dərs prosesini izləyiblər. Nümayəndə heyətinin üzvləri tələbələrlə səmimi söhbət apararaq onların təhsil təcrübəsi, tədrisin təşkili və fakültədə yaradılmış imkanlarla bağlı fikirlərini dinləyiblər.
Nümayəndə heyətinin tərkibində, həmçinin PKTU-nun Beynəlxalq Mübadilə və Əməkdaşlıq Departamentinin rəhbəri Zhang Bing, Kimya mühəndisliyi fakültəsinin dekanı Cheng Daojian, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Departamentinin rəhbər müavini Feng Jianghong və Beynəlxalq təhsil fakültəsinin dekan müavini Yu Yue yer alıblar.