Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bəzi ailələrdə təhsilə qarşı hələ də köhnə yanaşmaların mövcud olduğunu bildirib. Onun fikrincə, övladların təhsil almasına mane olan bu düşüncə tərzi ilə mübarizə aparılmalıdır. O, eyni zamanda, erkən nikahların qarşısının alınmasında din xadimlərinin maarifləndirici roluna diqqət çəkib.
Bu gün Azərbaycanda bəzi ailələrin övladlarının, xüsusilə də qız uşaqlarının təhsil almasına ehtiyac görməməsi hansı sosial, iqtisadi və mental problemlərdən qaynaqlanır? Bu düşüncə tərzini dəyişmək üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Əməkdar müəllim Sona Əliyeva qeyd edib ki, qızını məktəbdən götürən ata çox vaxt bunu övladını qorumaq üçün etdiyini düşünür:

"Problemin ən ağrılı tərəfi də elə budur. Bu ailələr qızlarına pislik istəmirlər, sadəcə, onların gələcəyini köhnə ölçülərlə ölçürlər. Ona görə də bu mövzunu yalnız qadağalar və cəzalarla həll etmək mümkün deyil. Burada dəyişməli olan, ilk növbədə, düşüncədir. Bu düşüncənin kökləri bir neçə qatdan ibarətdir. İqtisadi tərəfdən baxanda, yoxsul ailə üçün qızın təhsili uzunmüddətli, nəticəsi görünməyən bir xərcdir. "Onsuz da ərə gedəcək, başqa ocağa çıxacaq" düşüncəsi qızın oxumasını ailənin gözündə mənasız sərmayəyə çevirir. Uzaq kəndlərdə məktəbə gediş-gəlişin çətinliyi, yuxarı siniflərin qonşu kənddə yerləşməsi isə bu hesablamanı daha da ağırlaşdırır.
Sosial tərəfdə "el nə deyər?" qorxusu dayanır. Yeniyetmə qızın məktəbə getməsi, oğlanlarla eyni sinifdə oxuması bəzi mühitlərdə ailənin namusu üçün risk kimi qəbul olunur. Bu, əslində, qorxunun ailə qərarına çevrilməsidir. Mental tərəfdən isə dinin yanlış yozumu xüsusi yer tutur. Halbuki, İslamın ilk əmri "Oxu!" olub. Dində qızın elm öyrənməsinə qadağa yoxdur, əksinə elm hər bir müsəlmanın borcudur.
Məhz buna görə Hicran Hüseynovanın din xadimlərinin "rolu"nu önə çəkməsi çox düzgündür. Kənddə imamın sözü bəzən, məmurun sözündən daha təsirli olur. O, minbərdən "qızını oxut" deyərsə, bu çağırış bir neçə maarifləndirici tədbirdən daha çox nəticə verə bilər.
Problemin daha bir tərəfi görünməzlikdir. Qanunla nikah yaşı 18-dir və heç bir istisna qalmayıb. Lakin qeydiyyatsız, yalnız dini kəbinlə bağlanan nikahlar statistikaya düşmür. Qızların məktəbi tərk etməsi barədə regionlar üzrə açıq statistik məlumat da yoxdur.
Görünməyən problemi isə həll etmək çətindir. Bunun dolayı göstəricisi isə narahatedicidir: təkcə 2022-ci ildə 15–17 yaşlı qızlar 2 mindən çox uşaq dünyaya gətirib. Yəni, onlar özləri uşaq ikən ana olublar.
Bəs nə etmək lazımdır? Fikrimcə, ilk addım problemi görünən etməkdir. Məktəb hər bir şagirdin, xüsusilə yuxarı siniflərdə təhsilini yarımçıq qoyan qızların taleyini izləməli və hər belə hal təhsil şöbəsi, sosial xidmətlər və yetkinlik yaşına çatmayanlar üzrə komissiya tərəfindən araşdırılmalıdır.
Regionlar üzrə statistika açıq dərc olunmalıdır ki, hansı rayonda vəziyyətin ağır olduğu dəqiq bilinsin. İkinci addım ailəyə iqtisadi motivasiya verməkdir. Dünya təcrübəsi göstərir ki, təhsilini davam etdirən qızlara verilən təqaüdlər və şərti sosial yardımlar çox təsirli olur. Banqladeşdə və Meksikada tətbiq olunan belə proqramlar qızların məktəbdə qalma müddətini nəzərəçarpacaq dərəcədə uzadıb. Valideyn qızının təhsilinin ailəyə yük deyil, dəstək olduğunu görəndə qərarı da dəyişir.Üçüncü addım nümunə göstərməkdir".
Kənddən çıxıb həkim, müəllim, mühəndis olmuş qadınların həyat hekayəsi o kəndin qızları üçün ən güclü dərsdir:
"Məktəb və bələdiyyələr belə görüşləri ənənəyə çevirə bilər. Valideynlərlə iş də formal yığıncaqlarla yox, psixoloqların iştirakı ilə, səmimi söhbət formatında aparılmalıdır. Dördüncü addım isə məsuliyyətdir. Azyaşlıya kəbin kəsən din xadimi də, buna razılıq verən valideyn də qanun qarşısında cavab verməlidir. Maarifləndirmə ilə yanaşı, qanunun qətiyyətlə işlədiyini görmək də cəmiyyətə güclü mesajdır.
Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə Bakıda müsəlman Şərqində ilk qızlar məktəbini açanda da qarşısında eyni divar dayanırdı. Ondan bir əsr keçsə də, bəzi ailələrin düşüncəsində həmin divar hələ də tam yıxılmayıb. Bir sözlə, qızın təhsili təkcə onun şəxsi seçimi deyil, gələcək ailənin, gələcək nəslin taleyidir. Deməli, bir qızın təhsildən ayrılması bir ailənin yox, bütöv bir cəmiyyətin itkisidir".
Qeyd edək ki, 2025/2026-cı tədris ilində dövlət ümumi təhsil müəssisələrində təhsildən yayınan qızların sayı 423-dür. Bu isə təhsilini yarım qoyan şagird kontingentinin 42,5%-ni təşkil edir.