İspaniya hökuməti məktəbəqədər təhsil, lisey və peşə təhsili müəssisələrində şagird sayının azaldılmasını nəzərdə tutan yeni qərar qəbul edib.
AzEdu.az xəbər verir ki, bu barədə İspaniya Nazirlər Şurasında keçirilən iclasında məlumat verilib.
Qərara əsasən, 0-3 yaşlı uşaqların təhsil aldığı məktəbəqədər müəssisələrdə bir pedaqoqa düşən uşaqların maksimum sayı azaldılacaq. Belə ki, 0-1 yaş qrupunda hər pedaqoq maksimum 4, 1-2 yaş qrupunda 6, 2-3 yaş qrupunda isə 8 uşağa nəzarət edəcək.
Hazırda bu göstəricilər müvafiq olaraq 8, 13 və 20-dir.
Bundan əlavə, 3-6 yaşlı uşaqların təhsil aldığı məktəbəqədər təhsilin ikinci mərhələsində bir sinifdə şagird sayı 25-dən 20-yə endiriləcək. Liseylərdə isə siniflər üzrə maksimum şagird sayı 35-dən 30-a salınacaq.
Peşə təhsili müəssisələrində də dəyişikliklər nəzərdə tutulub. Belə ki, orta və yüksək səviyyəli peşə təhsili proqramlarında bir müəllimə maksimum 25, baza səviyyəli proqramlarda isə 15 tələbə düşəcək.
Yeni qaydaların tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Məktəbəqədər təhsildə dəyişikliklər 2027/2028-ci tədris ilindən başlayacaq və 2029/2030-cu tədris ilində tam tətbiq olunacaq.
Qərara əsasən, xüsusi təhsil ehtiyacları olan hər bir şagird sinifdə şagird sayının hesablanması zamanı iki yer kimi nəzərə alınacaq. Bu yanaşma 2027/2028-ci tədris ilindən tətbiq ediləcək.
Qeyd edək ki, İspaniya hökumətinin bu qərarı təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqlara fərdi yanaşmanın gücləndirilməsi və müəllimlərin iş şəraitinin yaxşılaşdırılmasına xidmət edir.