Azedu.az

“Bu, sadəcə iş deyil, köklərə qayıdışdır” - 30 il sonra Kəlbəcərə dönən müəllim

Müsahibə və reportajlar

25 Noyabr 2026, 12:10
“Bu, sadəcə iş deyil, köklərə qayıdışdır” - 30 il sonra Kəlbəcərə dönən müəllim

Bəzən insan doğma yurduna qayıtsa da, geridə qoyduğu illəri, itirdiyi gəncliyini və bir daha görə bilməyəcəyi doğmalarını özü ilə geri qaytara bilmir.

21 yaşında Kəlbəcəri tərk edən Fənarə Sadıqova 30 ildən sonra doğma şəhərinə qayıdıb. Lakin bu qayıdış onun üçün təkcə sevinc deyil, həm də valideynlərinin Vətən həsrəti ilə dünyasını dəyişməsinin ağrısını daşıyır.

1996-cı ildən pedaqoji fəaliyyətlə məşğul olan rus dili və ədəbiyyatı müəllimi Fənarə Sadıqova bu gün doğma Kəlbəcərdə, Bəhmən Cəfərov adına 1 nömrəli məktəbdə çalışır.

Onun üçün illər sonra doğma torpaqda yenidən müəllim kimi fəaliyyət göstərmək həm böyük xoşbəxtlik, həm də məsuliyyətdir.

AzEdu.az Kəlbəcər şəhər günü münasibətilə Fənarə Sadıqova ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Fənarə müəllim, söhbətimizə Kəlbəcərin işğaldan əvvəlki illərindən başlayaq. Uşaqlığınız və gəncliyiniz hansı xatirələrlə yadda qalıb?

- Mən Kəlbəcərdə böyümüşəm. Uşaqlığım, gəncliyim, ən gözəl xatirələrim bu şəhərlə bağlıdır. Kəlbəcər bizim üçün sadəcə yaşadığımız yer deyildi, bütün həyatımız, doğmalarımız, xatirələrimiz orada idi. Hər küçəsinin, hər daşının bizim üçün ayrı bir mənası vardı. O illəri xatırlayanda insanın gözləri önündə tamam başqa bir Kəlbəcər canlanır: təmiz havası, gözəl təbiəti, insanlarının mehribanlığı, qonaqpərvərliyi... Bunların heç birini unutmaq mümkün deyil.

- 1993-cü ildə Kəlbəcəri tərk etmək məcburiyyətində qaldınız. Həmin vaxt neçə yaşınız vardı və ayrılıq necə baş verdi?

- Kəlbəcəri tərk edəndə 21 yaşım vardı. Həmin vaxt Bakıda təhsil alırdım, üçüncü kursda oxuyurdum. Bir anda həyatımız dəyişdi. Doğma şəhərimizdən, evimizdən, ailəmizin illərlə qurduğu həyatdan ayrılmalı olduq. İnsan o yaşda gələcəyini düşünür, arzuları, planları olur. Amma bizim arzularımızın hamısı yarımçıq qaldı. Kəlbəcərdən ayrılmaq mənim üçün çox ağır idi. O günləri xatırlamaq belə çətindir.

- Evinizi, uşaqlıq və gənclik xatirələrinizi geridə qoydunuz. Köçkünlük zamanı ailəniz hansı çətinliklərlə üzləşdi?

- Biz evimizi, bütün əşyalarımızı, illərlə topladığımız nə varsa, hamısını orada qoyub çıxdıq. İnsan evdən çıxanda heç ağlına da gəlmir ki, bir daha ora qayıda bilməyəcək. Sonra Bakıda çətin günlər yaşadıq. Qohumlarımız da bizim evə sığınmışdılar. Böyük bir ailə bir evdə yaşayırdı. Onların bəzilərinin geyimləri, gündəlik ehtiyacları belə yox idi. Hər kəs bir-birinə dayaq olmağa çalışırdı. O dövrün çətinliklərini sözlə ifadə etmək asan deyil.

- Doğma yurddan uzaqda keçən illərdə Kəlbəcər həsrəti ilə necə yaşayırdınız?

- Kəlbəcər həsrəti heç vaxt bizi tərk etmədi. Xüsusilə bayramlarda, doğum günlərində, ailə üzvlərimiz bir araya gələndə doğma yurdumuz yada düşürdü. Həmişə Kəlbəcərdən danışır, xatirələrimizi bölüşürdük. 1997-ci ildə Bakıdan Gəncəyə köçdüm. Gəncədən Murov dağlarına baxanda insanın içində qəribə hiss yaranırdı. Dağlar sanki Kəlbəcərə yaxın olduğumuzu göstərirdi, amma o dağların o tayına keçə bilmirdik. Kəpəzə baxanda da doğma Kəlbəcər yadıma düşürdü. İnsan bəzən yaxınlığında olan bir yerə belə illərlə çata bilmir. Kəlbəcərin qoxusu, havası, təbiəti üçün darıxırdım.

Valideynlərim ömürlərinin son illərini Bakıda keçirdilər. Yaşlandılar, amma doğma torpaqlarına qayıtmaq arzuları ürəklərində qaldı. İnsan üçün doğulduğu, boya-başa çatdığı yerdən uzaqda yaşamaq çox ağırdır. Onlar da həmişə Kəlbəcərdən danışır, qayıdacağımız günü gözləyirdilər. Təəssüf ki, bu günü görmək onlara qismət olmadı. Mənim üçün ən böyük ağrılardan biri də budur. Bu gün Kəlbəcərdə olsam da, valideynlərimin burada olmaması sevincimi tam yaşamağıma imkan vermir. Kaş onların məzarları da doğma torpaqda olaydı.

- Atanızın vəfat etdiyi günlə bağlı da xüsusi bir xatirəniz var. Bu barədə danışardınızmı?

- Şuşanın azad olunduğu gün atam dünyasını dəyişdi. Həmin günün sevincini də, ağrısını da eyni anda yaşadıq. Düşünürdüm ki, kaş atam bir az da yaşayaydı, Kəlbəcərin də azad olunduğunu görəydi. Şuşanın azadlıq xəbərini eşitdiyi gün onun həyatdan köçməsi mənim yaddaşımda həmişə xüsusi iz buraxıb. Atamın ən böyük arzularından biri doğma torpağa qayıtmaq idi. Təəssüf ki, bu arzusuna çata bilmədi.

- Uzun illərdən sonra Kəlbəcərin azad olunması xəbərini necə qarşıladınız? Yenidən doğma şəhərə qayıdacağınıza inanırdınızmı?

- Kəlbəcərin azad olunması xəbərini böyük sevinc və həyəcanla qarşıladıq. Bu, illərlə gözlədiyimiz, arzuladığımız gün idi. Həmişə inanırdıq ki, bir gün doğma torpaqlarımıza qayıdacağıq. Bəzən insanın ümidi zəifləsə də, Kəlbəcərə qayıtmaq arzusu heç vaxt ürəyimizdən çıxmadı. O günün gələcəyinə inanırdıq. Bu gün həmin torpaqda yaşamaq, işləmək bizim üçün sözlə ifadə olunmayacaq qədər böyük xoşbəxtlikdir.

- Doğma Kəlbəcərə ilk dəfə qayıtdığınız günü necə xatırlayırsınız? İlk olaraq hara getdiniz?

- Kəlbəcərə qayıdanda ilk növbədə ata-baba yurdumuza getdik. İnsan illərlə xəyalında canlandırdığı evini, həyətini, küçəsini yenidən görmək istəyir. Amma evimizin yerində dağıntıları görmək çox ağır idi. Bir vaxtlar ailəmizin yaşadığı, uşaqlığımızın keçdiyi evdən əsər-əlamət qalmamışdı. Buna baxmayaraq, ora bizim doğma yurdumuzdur. Evin divarları dağılsa da, o torpağa bağlılığımız, xatirələrimiz yerindədir.

- 30 ildən sonra qayıtdığınız Kəlbəcərlə yaddaşınızda yaşayan Kəlbəcər arasında hansı fərqləri görürsünüz?

- Yaddaşımızda qalan Kəlbəcər həyatın qaynadığı, insanların yaşadığı, uşaqların böyüdüyü bir şəhər idi. Bu gün isə şəhərin yenidən qurulmasının, dirçəlməsinin şahidi oluruq. Əlbəttə, əvvəlki Kəlbəcərlə indiki Kəlbəcər arasında böyük fərqlər var. Amma ən vacibi odur ki, biz yenidən doğma torpağımızdayıq. Şəhərin bərpasını, yeni binaların tikilməsini, insanların qayıtmasını görmək insana böyük ümid verir.

- 2025-ci ildə doğma Kəlbəcərə müəllim kimi qayıtdınız. Bu qərarı vermək və yenidən öz torpağınızda pedaqoji fəaliyyətə başlamaq sizin üçün nə ifadə edir?

- 1996-cı ildən müəllim işləyirəm. Müəllimlik mənim həyatımın bir hissəsidir. İllər sonra doğma Kəlbəcərə qayıdıb burada müəllim kimi fəaliyyət göstərmək mənim üçün çox böyük xoşbəxtlikdir. Bir vaxtlar gənc yaşlarımda ayrıldığım şəhərə bu dəfə müəllim kimi qayıtdım. Burada uşaqlara dərs demək, onların gələcəyinə töhfə vermək mənə qürur verir. Doğma torpaqda işləməyin hissi tamam başqadır. Bu, sadəcə iş yeri deyil, insanın öz köklərinə qayıtmasıdır.

- Bu gün Kəlbəcərdə dərs dediyiniz şagirdlərlə söhbətlərinizdə doğma şəhərin tarixindən, keçmişindən danışırsınızmı? Onlara hansı fikirləri aşılayırsınız?

- Əlbəttə. Uşaqlara çalışıram ki, Kəlbəcərin tarixini, keçmişini, burada yaşamış insanları, ziyalıları tanıdım. Onlar bilməlidirlər ki, hansı torpaqda yaşayırlar, bu torpağın hansı tarixi var. Kəlbəcər qonaqpərvərliyi, zəngin təbiəti, mədəniyyəti və insanları ilə seçilən bir yerdir. İstəyirəm ki, şagirdlərimiz doğma şəhərlərini sevsinlər, onun dəyərini bilsinlər və gələcəkdə inkişafına töhfə versinlər. Onlar Kəlbəcərin gələcəyidir.

- Kəlbəcərin simvollarından biri də İstisu və onun şəfalı sularıdır. Sizcə, gələcəkdə şəhərin əvvəlki şöhrətini bərpa etməsi üçün hansı imkanlar var?

- Kəlbəcər çox gözəl təbiətə, zəngin turizm imkanlarına malikdir. İstisu da bu torpağın ən qiymətli sərvətlərindən biridir. İstəyirəm ki, Kəlbəcər gələcəkdə daha da gözəlləşsin, dünyanın ən gözəl guşələrindən birinə çevrilsin. Bəzən deyirəm ki, kaş Kəlbəcər İsveçrə kimi tanınan, insanların görmək üçün can atdığı bir yerə çevrilsin. Buraya daha çox insan gəlsin, şəhərimizdə həyat canlansın, sakinlərin sayı artsın. İnanıram ki, bu torpaq öz əvvəlki şöhrətini yenidən qazanacaq.

Biz də illərlə bu günü gözləmişik. Hər bir insanın doğma yurduna qayıtmaq arzusu var. Bu gün Kəlbəcərdə olmaq, onun küçələrində gəzmək, burada işləmək mənim üçün böyük xoşbəxtlikdir. Arzu edirəm ki, bütün kəlbəcərlilər doğma torpaqlarına qayıtsınlar, öz evlərində yaşasınlar. Heç kim Vətən həsrəti ilə yaşamaq məcburiyyətində qalmasın.

- Gənc nəslə, xüsusilə Kəlbəcərdə böyüyən uşaqlara hansı tövsiyələri vermək istərdiniz?

- Gənclərə tövsiyəm odur ki, yaxşı təhsil alsınlar, savadlı və vətənpərvər insanlar kimi yetişsinlər. Doğma torpaqlarını sevsinlər, onun inkişafı üçün çalışsınlar. Kəlbəcərin gələcəyi onların əlindədir. Burada qurulan yeni həyatın davam etməsi, şəhərin daha da inkişaf etməsi üçün hər bir gəncin üzərinə məsuliyyət düşür. Onlar öz bilik və bacarıqları ilə doğma yurdlarına fayda verməlidirlər.

Bu gün bütün kəlbəcərlilər üçün çox əlamətdar gündür. İllərlə həsrətini çəkdiyimiz doğma torpağımıza qayıtmaq, burada yaşamaq və işləmək böyük xoşbəxtlikdir. Şair Şücaətin bir misrası var: “Bir gün gülə-gülə qayıdacaqdır, Ağlaya-ağlaya köçən Kəlbəcər”. Bu misralar illərlə hisslərimizi ifadə edib. Bu gün həmin arzunun gerçəkləşdiyini görürük. Arzu edirəm ki, bütün kəlbəcərlilər doğma yurdlarına qayıtsınlar. Kəlbəcərdə həmişə sülh və əmin-amanlıq olsun, bir daha müharibə yaşanmasın. Şəhərimiz gündən-günə inkişaf etsin, uşaqlarımız burada xoşbəxt böyüsünlər. Kəlbəcər Şəhəri Günümüz mübarək!

Rusiyaya ağır zərbələr - Böyük zavodlar vuruldu! - Gündəm Masada
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox