Azedu.az

“Döyüşə gedəndə geri qayıtmaq barədə düşünmürdük” - Vətən müharibəsində iştirak edən MÜƏLLİM

Müsahibə və reportajlar

8 Noyabr 2026, 12:10
“Döyüşə gedəndə geri qayıtmaq barədə düşünmürdük” - Vətən müharibəsində iştirak edən MÜƏLLİM

Bu gün 8 Noyabr - Zəfər Günüdür. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşənlər arasında müəllimlərimiz də olub.

Onlardan biri də müharibəyə könüllü qatılan, döyüşlərdə yaralanaraq qazi olan riyaziyyat müəllimi Babək Cəfərovdur.

Bu münasibətlə AzEdu.az müəllimlə həmsöhbət olub.  

Müharibəyə gedəndə yeganə düşüncəmiz döyüşmək idi. Geri qayıtmağı heç fikirləşmirdik:

"1995-ci ildə Lerik rayonunun Buzeyir kəndində anadan olmuşam. Orta təhsilimi Lerik şəhər M.Baxışov adına 3 nömrəli tam orta məktəbində almışam. Daha sonra Sumqayıt Dövlət Universitetinin Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə təhsil almışam.

Müəllimlik fəaliyyətimə Lerik rayonunun Sors kənd məktəbində başlamışam. 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək uğur qazanmış və Astara rayonunun Sumrud kəndinə müəllim təyin olunmuşam. Sonradan yerdəyişmə yolu ilə doğma rayonum Lerikin Günəşli kəndinə qayıtmışam. Həmin kənddə riyaziyyat müəllimi kimi çalışmışam. Daha sonra imtahan verərək Bakı şəhəri 88 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətimə davam etmişəm.

2016-cı ildə Naxçıvanda hərbi xidmət keçmişəm. Bir il quru qoşunlarında atıcı kimi xidmət etmişəm. Müharibə başlayanda da müəllim işləyirdim. Lerik rayonunda fəaliyyət göstərirdim. Vətən müharibəsinə könüllü şəkildə müraciət etdim və cəbhəyə yollandım.

Müharibəyə gedəndə yeganə düşüncəmiz döyüşmək idi. Açığı, geri qayıtmağı heç fikirləşmirdik. Oraya qayıtmaq niyyəti ilə getməmişdik. Bilirdik ki, müharibədə kimlərsə şəhid olacaq, kimlərsə yaralanacaq. Biz də bu reallığı qəbul edərək döyüşə yollanmışdıq. Torpaqlarımızı azad edəcəyimizə inanırdıq. Düşünürdük ki, nəyin bahasına olursa-olsun, hətta canımızdan keçsək belə, sonadək döyüşməliyik. Lerikdən avtobusla yola düşəndə isə ab-hava sanki toya gedirikmiş kimi idi".

Dağıdılmış evlər döyüş meydanında əsas sığınacağımız idi. Snayper güllələri, minaatan qəlpələri ətrafımıza yağırdı:

"Döyüş yolum Füzuli rayonundan başlayıb. Füzulinin Alxanlı, Qəraxanbəyli və Merdinli kəndlərində döyüşmüşəm. Daha sonra Hadrut istiqamətində irəliləmişik. Sentyabrın 29-da başlayan əməliyyatlarda iştirak edirdim. Qızğın atışmalara, düşmənin güclü müqavimətinə və çətin döyüş şəraitinə baxmayaraq, hər gün irəliləyirdik. Tikililərin arasından hərəkət edərək özümüzü güllə və qəlpələrdən qorumağa çalışırdıq. Dağıdılmış evlər döyüş meydanında əsas sığınacağımız idi.

Füzulinin Qaraxanbəyli kəndi azad edildikdən sonra növbəti istiqamətimiz Merdinli oldu. Bizə hücum əmri verildi. Düşmən mövqeləri yüksəklikdə yerləşdiyindən irəliləmək çox çətin idi. Döyüş zamanı bir mayorumuz şəhid oldu, minaatan atəşi nəticəsində əsgərlərimizdən birinin ayaqları, digərinin isə başı ağır yaralandı. Çoxlu yaralımız vardı. Buna baxmayaraq, tapşırığımızı yerinə yetirməli idik. Dayanmaq və ləngimək olmazdı.

Hərəkətimizi asanlaşdırmaq üçün artıq yüklərimizi atdıq. Təxminən 20 nəfərlik qrupla irəliləyirdik. Snayper güllələri və minaatan qəlpələri ətrafımıza yağırdı. Bütün təhlükələrə baxmayaraq, xeyli məsafə qət etdik.

Biz düşmən mövqelərinin koordinatlarını artilleriyamıza ötürürdük. Həmin mövqelər vurulduqdan sonra əraziyə daxil olurduq. Bir müddət sonra qrupumuzda 15 nəfər qalmışdı. Dincəlmək üçün bir neçə saatlıq fasilə verdik. Səhər minaatan atəşinin səsinə oyandıq. Çox keçmədən mühasirəyə düşdüyümüzü anladıq".

İki gecə, üç gün ağır yaralı vəziyyətdə sağ qalmaq üçün mübarizə apardım:

"Müharibədə elə hadisələrin şahidi olmuşam ki, onları unutmaq mümkün deyil. Məsələn, minaatan atəşi nəticəsində döyüş yoldaşımızın od tutub yandığını görmüşəm. İnsan belə hadisələri heç vaxt unuda bilmir. Yaddaşımdan silinməyən döyüş yoldaşlarım da var. Lerikdən, bizim kənddən olan bir nəfərlə çiyin-çiyinə vuruşmuşuq, birlikdə döyüşmüşük, lakin sonradan şəhid oldu. Onu xatırlayanda bu gün də kövrəlirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Sağ qalan silahdaşlarımızla isə bu gün də əlaqə saxlayır, tez-tez danışırıq.

Hadrut istiqamətində irəliləyərkən bir neçə döyüş yoldaşımla birlikdə mühasirəyə düşdük. Həmin vaxt şəhidlər verdik. Mən də bu döyüşdə yaralandım. Əvvəlcə qolumdan yaralandım. Buna baxmayaraq, hərəkətimi davam etdirdim. Bir qədər sonra PK pulemyotundan açılan atəşlə ayağımdan da yaralandım və yerə yıxıldım.

Komandirim İlham Dadaşov arxaya çevrilib mənə baxdı. Onun tərəddüd etdiyini hiss edirdim. Həm irəliləməli, həm də məni atəş altında qoymamalı idi. Nəticədə yanıma qayıdaraq məni kolların arasına sürüdü və atəş zonasından çıxardı.

Qanaxmam vardı, üstəlik, çox susamışdım. Yanımızda su yox idi. Komandirim qanaxmanı azaltmaq üçün yaralarımı çəkməsinin ipləri ilə bağladı. Kollardan böyürtkən dərib həm özü yeyir, həm də mənə verirdi. Bir müddət sonra kömək gətirmək üçün getdi. Uzun gözləmədən sonra əlində su ilə qayıtdı. Suyu birnəfəsə içdim.

O, məni qaldıraraq oradan çıxarmağa çalışdı. Ona ağırlıq düşməsin deyə boynundan bərk yapışmışdım. Lakin ikimiz də yorğun idik, taqətimiz qalmamışdı. Açıq ərazidə hərəkət etmək mümkün deyildi. Düşmən bizi görən kimi atəş açır, snayperlər irəliləməyimizə imkan vermirdi. Buna görə daha bir gecəni sığınacaqda keçirməli olduq.

Komandirim yenidən kömək axtarmağa getdi. Səhər qayıtdı, lakin əsgərlərimizi tapa bilməmişdi. Bir qədər dincəldikdən sonra yenidən kömək axtarmağa yollandı.

Həmin müddətdə iki gecə, üç gün sağ qalmaq üçün mübarizə apardım. Ağır yaralı vəziyyətdə ölüm-dirim savaşı verirdim. Ölümü də göz önünə almışdım. Yaşamaq üçün mübarizə aparır, lazım gəlsə, ölməyə də, öldürməyə də hazır idim.

Döyüş bölgəsindən çıxarıldıqdan sonra xəstəxanaya yerləşdirildim. Təxminən 40 gün müalicə aldım. Əməliyyat olundum, müxtəlif hospitallarda və xəstəxanalarda müalicəmi davam etdirdim. Aldığım yaralar kifayət qədər ağır idi.

Əvvəlcə qolumdakı yaranın ciddi olmadığını düşünürdüm. Çünki qolumu rahat hərəkət etdirə bilirdim. Lakin xəstəxanada müayinə zamanı məlum oldu ki, güllə qolumu sıyıraraq bədənimə daxil olub və belimə qədər gedib. Həkimlər həmin gülləni belimdən çıxardıqlarını bildirdilər".



Lerikə qayıdanda şagirdlər məni böyük izdihamla qarşıladılar. Məktəblərdə adımızın çəkilməsi, diqqət mərkəzində olmağımız bizim üçün böyük qürur hissi idi:

"Zəfər xəbərini eşitdiyim an da yadımdadır. 8 Noyabr – Zəfər Günü elan olunanda xəstəxanada idim. Oktyabrın ortalarında yaralanaraq döyüş bölgəsindən çıxarılmışdım. Qələbə xəbərini xəstəxanada eşitdim. Bu xəbər hamımızda böyük sevinc yaratdı. Həmin anı, yaşadığımız sevinci unutmaq mümkün deyil.

Fevralın 18-də Ordudan tərxis olunaraq evə qayıtdım. Ancaq ayağımdakı yara hələ də sağalmamışdı. Güllə sümüyümə ciddi zərər vurmuşdu.

Lerikə qayıdanda şagirdlər məni böyük izdihamla qarşıladılar. Rayon sakinləri bizi böyük coşqu və şüarlarla qarşıladılar. Məktəblərdə adımızın çəkilməsi, diqqət mərkəzində olmağımız bizim üçün böyük qürur hissi idi. Müəllim kimi fəaliyyət göstərdiyim məktəbə bu cür qarşılanmaqla qayıtmaq mənim üçün unudulmaz hadisə oldu.

Vətən müharibəsində göstərdiyim xidmətlərə görə “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm. Ümumilikdə, dörd medalla mükafatlandırılmışam. Şuşanın azad olunması istiqamətindəki əməliyyatlarda da iştirak etmişik. Döyüş yolumuz həmin istiqamətdən keçirdi".



Müharibə mənim bədənimdə sağalması uzun zaman aparan yaralar, yaddaşımda isə heç vaxt silinməyəcək xatirələr qoydu:

"Vətən müharibəsi gələcək nəsillər üçün mühüm örnəkdir. Bu müharibə, ilk növbədə, Azərbaycan xalqının birliyini göstərdi. Cəbhəyə yollanarkən xalqımızın bizə böyük dəstəyinin şahidi olduq. Maşınlarla hərəkət edərkən insanlar bizə ərzaq və digər yardımlar edirdilər. Hər kəs əlindən gələn köməyi göstərməyə çalışırdı. Bu, xalqımızın birliyinin ən gözəl nümunələrindən biri idi.

Digər mühüm məqam isə Azərbaycanın mərd oğullarının şücaəti idi. Xalqımızın birliyi və əsgərlərimizin qəhrəmanlığı bir araya gələrək böyük Qələbəmizi təmin etdi. Düşünürəm ki, bütün bunlar gələcək nəsillər, xüsusilə də şagirdlər üçün mühüm örnək olmalıdır. Müharibə mənim bədənimdə sağalması uzun zaman aparan yaralar, yaddaşımda isə heç vaxt silinməyəcək xatirələr qoydu. Bu yaraların ağrısına dözmək mənim üçün çətin deyil. Çünki Vətən uğrunda vuruşmuş, torpaqlarımızın azadlığına öz töhfəmi vermişəm".

Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı
Son xəbərlərDaha çox