Azərbaycan dilinin xarici ölkələrdə tədrisi dilimizin, ədəbiyyatımızın və milli-mənəvi dəyərlərimizin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycan mədəniyyətinin təbliğinə töhfə verməklə yanaşı, qardaş ölkələrlə təhsil sahəsində əməkdaşlığın inkişafına da xidmət edir.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavriatura və magistratura səviyyəsi təhsilini fərqlənmə diplomları ilə başa vuran, uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Ülkər Verdiyeva hazırda Elm və Təhsil Nazirliyinin layihəsi çərçivəsində Qırğızıstanda Azərbaycan dilini tədris edir. O, bu fəaliyyət vasitəsilə şagirdlərə dilimizi öyrətməklə yanaşı, Azərbaycanı, onun zəngin ədəbiyyatını və mədəniyyətini də tanıdır.
AzEdu.az Ülkər Verdiyeva ilə müsahibəni təqdim edir:
- Azərbaycandan Qırğızıstana Azərbaycan dili müəllimi kimi göndərilən ilk pedaqoq olmaq məsuliyyət deməkdir. Bu təklifi ilk dəfə eşidəndə nə düşündünüz? Qərarınıza ən çox hansı amil təsir etdi?

- Bu təklifi eşidəndə ilk növbədə böyük sevinc və qürur hissi keçirdim. Eyni zamanda, üzərimə düşən məsuliyyətin nə qədər böyük olduğunu düşündüm. Çünki mən yalnız özümü deyil, Azərbaycan müəllimini, Azərbaycan təhsilini və bütövlükdə ölkəmizi təmsil edirəm.
Qərar verməyimə ən çox təsir edən amil Azərbaycan dilini və mədəniyyətini beynəlxalq müstəvidə tanıtmaq arzusu oldu. Qırğızıstan ortaq köklərimiz, dil və mədəniyyət yaxınlığımız olan qardaş ölkədir.
Düşündüm ki, əgər mənim bilik və təcrübəm vasitəsilə qırğız şagirdləri Azərbaycan dilini öyrənəcək, ölkəmizi daha yaxından tanıyacaq və xalqlarımız arasındakı dostluğa öz töhfələrini verəcəklərsə, bu, mənim üçün çox dəyərli bir missiyadır.
Qərarımı dəstəkləyən və motivasiya verən isə xaricdə təhsil alıb qayıdan qızım oldu...
- Bişkekdə ilk dərsiniz necə keçdi? Şagirdlərlə tanışlığınız zamanı sizi təəccübləndirən məqam oldumu?
- İlk dərslərim çox maraqlı və yaddaqalan oldu. Şagirdlərlə tanışlıq zamanı çalışdım ki, onlarda Azərbaycan dilinə maraq oyadım və yeni dil öyrənməyin çətin deyil, maraqlı bir proses olduğunu hiss etdirim.
Dərsimizin əsas istiqamətlərindən biri Azərbaycan və qırğız dilləri arasındakı oxşarlıqları müəyyənləşdirmək idi. Şagirdlər gündəlik həyatda istifadə etdiyimiz bəzi sözlərin səslənmə və məna baxımından bir-birinə yaxın olduğunu görəndə həvəslənirdilər.
Məni sevindirən məqamlardan biri onların öyrənmə prosesinə maraqla qoşulması, yeni sözləri təkrarlamaq və Azərbaycan dilində danışmağa cəhd göstərməsi oldu. Məncə, ilk dərsin uğuru şagirdin həmin dilə qarşı marağının yaranmasıdır. Çünki maraq varsa, öyrənmək üçün də motivasiya var.
Təəccübləndirən nüanslardan ən vacibi isə əksər şagirdlərin qırğız, türk, türkmən, özbək, qazax dillərinin türk dilləri ailəsinə mənsub olmasından xəbərsiz olmaları, yalnız Türkiyə türkcəsinin türk dili olmasını düşünmələri idi.
- Çalışdığınız hər iki məktəbdə Azərbaycan dilini öyrənən şagirdlərin bu dilə marağı haradan qaynaqlanır? Onların arasında Azərbaycanla ailə və ya mədəni bağları olanlar varmı?
- Şagirdlərin Azərbaycan dilinə marağı müxtəlif səbəblərdən qaynaqlanır. İlk növbədə, onların bir qismi Türkiyə seriallarına maraq göstərir. Bəzən valideynlərinin bu seriallara baxması uşaqlarda da türk dillərinə, o cümlədən Azərbaycan dilinə maraq yaradır. Digər şagirdlər isə valideynləri ilə birlikdə tətil zamanı Türkiyədə və ya Azərbaycanda olublar. Azərbaycanı yaxından görüb, ölkəmizin gözəlliklərini, insanlarımızın qonaqpərvərliyini bəyənib və ölkəmizə sevgi duymağa başlayıblar. Şagirdlərimizin özləri də Azərbaycan dilinin musiqili, ahəngdar və qulağa xoş gələn bir dil olduğunu xüsusi vurğulayırlar. Bu, məni çox sevindirir.
Azərbaycanla şəxsi və mədəni bağları olan şagirdlərimiz də var. Onlardan bəziləri əvvəllər Azərbaycanda olarkən buradakı həmyaşıdları ilə tanış olublar və hazırda da WhatsApp və digər sosial şəbəkələr vasitəsilə onlarla əlaqə saxlayırlar. Bu dostluqların yaranması Azərbaycan dilinə marağın artmasına da müsbət təsir göstərir.
Xüsusilə qeyd etmək istərdim ki, 2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Qırğızıstanın müvafiq təhsil qurumlarının təşkilatçılığı ilə bir qrup qırğızıstanlı şagird və müəllim Azərbaycanda səfərdə olub. Həmin şagirdlər ölkəmizin təhsil sistemi, məktəblərimiz və Bakı şəhəri ilə tanış olub, Azərbaycana böyük maraq və rəğbət bəsləyiblər. Onların bir qismi indi Azərbaycan dilini öyrənərək gələcəkdə yenidən ölkəmizə gəlməyi, burada təhsil almağı, hətta universitetlərimizə qəbul olmağı arzulayır.
Məncə, bu, çox sevindirici haldır. Çünki Azərbaycan dilini öyrənmək onlar üçün sadəcə yeni bir dil mənimsəmək deyil, həm də sevdikləri ölkəyə yaxınlaşmaq, orada dostları ilə daha sərbəst ünsiyyət qurmaq və gələcək təhsil imkanlarını genişləndirmək deməkdir. Belə şagirdlərin olması bir daha göstərir ki, ölkəmizə edilən səfərlər, qurulan dostluqlar və mədəni əlaqələr gənclərin həyatında uzunmüddətli iz buraxa bilir.
- Azərbaycan dili şagirdlər üçün tamamilə yeni olduqda, onlar hansı çətinliklərlə qarşılaşırlar? Ən çox hansı söz və ifadələrin mənimsənilməsində çətinlik çəkirlər?

- Azərbaycan dili şagirdlər üçün yeni olsa da, qırğız dili ilə müəyyən oxşarlıqların olması öyrənmə prosesini asanlaşdırır. Bununla belə, hər bir dilin özünəməxsus fonetik, leksik və qrammatik xüsusiyyətləri var.
İlk mərhələdə əsas çətinliklərdən biri Azərbaycan dilinə xas səslərin düzgün tələffüzü, sözlərdə vurğunun müəyyənləşdirilməsi və bəzi səslərin fərqləndirilməsidir. Eyni zamanda, şagirdlər yeni sözləri yadda saxlamaqla yanaşı, onları cümlə daxilində düzgün işlətməyi də öyrənirlər.
Mən çalışıram ki, qrammatik qaydaları uzun-uzadı izah etməklə kifayətlənməyim. Sözləri şəkillər, dialoqlar, sual-cavab və gündəlik situasiyalar vasitəsilə öyrədirəm. Şagird bir sözü real ünsiyyətdə istifadə etdikdə onu daha yaxşı mənimsəyir.
- Şagirdlərin Azərbaycan dilində sərbəst danışması üçün hansı üsullardan istifadə edirsiniz? Öyrəndikləri dili gündəlik ünsiyyətdə tətbiq etməyə maraqları necədir?
- Mənim üçün dil tədrisində əsas məqsəd şagirdin öyrəndiyi dildə ünsiyyət qura bilməsidir. Buna görə də dərslərimi kommunikativ və praktik yanaşma əsasında qururam.
Dərslərdə salamlaşma, tanışlıq, özünü təqdimetmə, ailə üzvləri, məktəb, dostluq və gündəlik həyat kimi mövzulara üstünlük verirəm. Rollu oyunlardan, cütlərlə işdən, sual-cavabdan, şəkillər əsasında danışıqdan və qısa dialoqlardan istifadə edirəm.
Məsələn, şagirdlər bir-birinə Azərbaycan dilində “Adınız nədir?”, “Necəsiniz?”, “Neçə yaşınız var?” və “Ailənizdə neçə nəfər var?” kimi suallar verə bilirlər. Bu, onların dilə münasibətini dəyişir: Azərbaycan dili sadəcə dərslikdəki fənn deyil, ünsiyyət vasitəsinə çevrilir.
Mən istəyirəm ki, şagirdlər Azərbaycan dilində səhv etməkdən çəkinməsinlər. Çünki dil öyrənərkən səhv etmək təbii prosesdir. Əsas məsələ danışmağa cəhd göstərmək və hər gün bir addım irəliləməkdir.
- Dərslərdə Azərbaycanı şagirdlərə daha çox hansı nümunələr və mövzular vasitəsilə tanıdırsınız?
- Azərbaycan dilinin gözəlliyindən, xalqımızın qonaqpərvərliyindən, Novruz bayramından, milli mətbəximizdən, xalçalarımızdan, musiqimizdən və ədəbi irsimizdən bəhs edirik. Nizami Gəncəvi, Nəsimi, Füzuli və digər görkəmli şəxsiyyətlərimizin yaradıcılığı vasitəsilə şagirdləri Azərbaycan ədəbiyyatı ilə tanış etmək də mühüm istiqamətlərdəndir.
Eyni zamanda, Azərbaycan və Qırğızıstan xalqlarının ortaq dəyərlərinə diqqət yetirirəm. Böyüyə hörmət, ailəyə bağlılıq, qonaqpərvərlik, dostluq və vətən sevgisi hər iki xalq üçün əhəmiyyətli dəyərlərdir.
Mənim məqsədim şagirdlərə məlumat verməklə kifayətlənmək deyil, onlarda Azərbaycanı tanımaq və ölkəmizə maraq göstərmək istəyi yaratmaqdır.
- Ülkər müəllim, şagirdlər Azərbaycan haqqında danışarkən daha çox nə ilə maraqlanırlar? Yadda qalan maraqlı sualları olubmu?

- Şagirdlərin Azərbaycan haqqında sualları mənim üçün çox maraqlıdır. Onlar ölkəmizin harada yerləşməsi, Bakının necə şəhər olması, milli yeməklərimiz, musiqimiz, bayramlarımız və insanların gündəlik həyatı ilə maraqlana bilərlər.
Mən belə sualları çox müsbət qarşılayıram. Çünki sual vermək marağın və öyrənmək istəyinin göstəricisidir. Şagird Azərbaycan haqqında sual verdikdə, mən bunu yalnız coğrafiya və ya tarixə aid maraq kimi deyil, ölkəmizə doğru atılan ilk mənəvi addım kimi də qiymətləndirirəm.
Xüsusilə Azərbaycan və Qırğızıstan arasında oxşarlıqları müzakirə etmək faydalıdır. Şagirdlər tanıdıqları dəyərləri Azərbaycan nümunələrində gördükdə ölkəmizi özlərinə daha yaxın hiss edə bilirlər.
Yaddaqalan suallardan biri də "Doğrudan, Azərbaycan çox varlı ölkədir?" sualı olub.
- İki fərqli məktəbdə dərs demək təcrübəniz var. Şagirdlərin dil səviyyəsi və dərsə yanaşmaları arasında hansı fərqləri müşahidə edirsiniz?
- Hazırda Bişkekdə iki fərqli məktəbdə fəaliyyət göstərməklə yanaşı, həm qırğız, həm də rus bölməsində təhsil alan şagirdlərə Azərbaycan dilini tədris edirəm. Bu, mənim üçün çox maraqlı və faydalı pedaqoji təcrübədir. Hər iki bölmənin şagirdlərini müşahidə etdikcə onların dil öyrənmə xüsusiyyətləri arasında müəyyən fərqlər olduğunu görürəm.
Müşahidələrimə əsasən, qırğız bölməsində təhsil alan şagirdlər Azərbaycan dilini mənimsəməkdə bir qədər daha aktivdirlər. Bunun əsas səbəblərindən biri qırğız dilini yaxşı bilmələri və Azərbaycan dili ilə qırğız dili arasındakı oxşarlıqları daha asan müəyyənləşdirmələridir. Bir çox sözlərin yaxınlığı onlara Azərbaycan dilindəki sözləri daha tez anlamağa və yadda saxlamağa kömək edir.
Lakin rus bölməsində təhsil alan şagirdlərimiz də məni çox sevindirirlər. Onlar heç də ruhdan düşmür, əksinə, Azərbaycan dilini öyrənməyə böyük həvəs göstərirlər. Mənim üçün ən qürurverici məqamlardan biri də budur ki, həmin şagirdlər Azərbaycan dilini öyrənməklə yanaşı, qırğız dilinin sözlərinə, ifadələrinə və dil xüsusiyyətlərinə də daha dərindən diqqət yetirməyə başlayırlar. Çünki iki dili müqayisə etdikcə öz dillərini də daha yaxşı dərk edirlər.
Mən bunu dil tədrisinin çox gözəl nəticəsi hesab edirəm. İstəyirəm ki, bütün şagirdlərimiz hansı bölmədə təhsil almalarından asılı olmayaraq Azərbaycan dilini sevərək öyrənsinlər. Çünki dil öyrənmək yalnız yeni sözlər mənimsəmək deyil, həm də yeni bir mədəniyyətə, yeni bir dünyaya açılan qapıdır.
- Qırğızıstanda işləmək Azərbaycan təhsil sistemi ilə digər ölkənin təhsil mühiti arasında hansı fərqləri görməyə imkan yaradıb? Özünüz üçün hansı təcrübələri qazanmısınız?
- Xarici ölkədə müəllim kimi fəaliyyət göstərmək insana təhsil prosesinə daha geniş prizmadan baxmaq imkanı verir. Mən burada fərqli təhsil mühiti ilə tanış olur, şagirdlərin öyrənmə xüsusiyyətlərini müşahidə edir və öz pedaqoji yanaşmalarımı daha da təkmilləşdirirəm.
Ən mühüm təcrübələrimdən biri Azərbaycan dilini ana dili olmayan şagirdlərə tədris etməkdir. Ana dilini öyrətməklə onu başqa dildə danışanlara öyrətmək arasında müəyyən fərqlər var. Burada müəllim hər bir sözü, ifadəni və qrammatik qaydanı şagirdin dil səviyyəsinə uyğun izah etməli, müqayisələrdən və praktik nümunələrdən istifadə etməlidir.
Bu fəaliyyət mənə göstərir ki, uğurlu müəllim yalnız öz fənnini yaxşı bilməklə kifayətlənməməli, həm də öyrənənlərin ehtiyaclarını anlamalı, çevik olmalı və yeni metodlara açıq yanaşmalıdır.
Eyni zamanda, xaricdə çalışmaq mənim üçün ölkəmizi təmsil etmək mədəniyyətini və məsuliyyətini daha dərindən hiss etmək deməkdir.
- Sizcə, şagirdlərin Azərbaycan dilini öyrəndikcə ölkəmizə münasibətlərində dəyişiklik hiss edirsinizmi?
- Bəli, bunu çox aydın hiss edirəm. Şagirdlər Azərbaycan dilini öyrəndikcə ölkəmizə maraqları artır, Azərbaycan haqqında daha çox məlumat əldə etmək, xalqımızın mədəniyyəti ilə yaxından tanış olmaq istəyirlər. Ən sevindirici məqamlardan biri isə odur ki, bəzi şagirdlərimiz artıq gələcəklərini Azərbaycanla əlaqələndirir, on birinci sinfi bitirdikdən sonra ali təhsillərini Azərbaycanda almaq haqqında düşünürlər.
Məncə, bu, çox mühüm və dəyərli bir nəticədir. Çünki əvvəlcə Azərbaycan haqqında müəyyən təsəvvürə malik olan şagirdlər zaman keçdikcə ölkəmizi daha yaxından tanımağa, dilimizi öyrənməyə və Azərbaycanla mənəvi bağ qurmağa başlayırlar. Onlar anlayırlar ki, Azərbaycan dili gələcəkdə Bakıda təhsil almaq, azərbaycanlı dostları ilə sərbəst ünsiyyət qurmaq və ölkəmizin həyatına daha yaxından bələd olmaq üçün vacib vasitədir.
Məni xüsusilə sevindirən odur ki, şagirdlər Azərbaycan dilini yalnız dərsdə öyrəniləcək bir fənn kimi qəbul etmirlər. Onlar bu dili öz gələcəkləri üçün bir imkan kimi görürlər. Azərbaycanda təhsil almaq arzusu onların dil öyrənməyə olan motivasiyasını daha da artırır. Mən də çalışıram ki, onlara Azərbaycan universitetləri, ölkəmizin təhsil imkanları, mədəniyyəti və gündəlik həyatı haqqında məlumat verim, suallarını cavablandırım və bu arzularının gerçəkləşməsi üçün dil biliklərini inkişaf etdirməyə həvəsləndirim.
Mənim üçün müəllim kimi ən böyük uğurlardan biri şagirdlərimin Azərbaycan dilində danışmağa başlaması ilə yanaşı, Azərbaycanı sevməsi, ölkəmizə hörmətlə yanaşması və gələcək planlarında Azərbaycana yer verməsidir. İnanıram ki, bu gün Azərbaycan dilini öyrənən həmin gənclər gələcəkdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə də öz töhfələrini verəcəklər. Çünki bir ölkəni sevməyin yollarından biri onun dilini öyrənmək, mədəniyyətini tanımaq və xalqını anlamaqdır.
- Xaricdə Azərbaycan dilinin tədrisi milli kimliyin və mədəni irsin qorunması baxımından hansı nəticələri verə bilər?
- Xaricdə Azərbaycan dilinin tədrisi ölkəmizin dilinin, mədəniyyətinin və ədəbi irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Dil xalqın tarixi yaddaşını, dünyagörüşünü və mənəvi dəyərlərini özündə yaşadır. Bir dil öyrədiləndə onunla birlikdə həmin xalqın ədəbiyyatı, musiqisi, adət-ənənələri və düşüncə tərzi də tanıdılır.
Belə layihələr uzunmüddətli perspektivdə Azərbaycanla digər ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə, gənclər arasında qarşılıqlı anlaşmanın artmasına və ölkəmizin beynəlxalq tanınmasına töhfə verə bilər.
Mən bu layihəni yalnız dil dərsləri ilə məhdudlaşan fəaliyyət kimi görmürəm. Bu, gələcəkdə Azərbaycanla Qırğızıstan arasında təhsil, mədəniyyət və humanitar əlaqələrin inkişafına xidmət edə biləcək bir təşəbbüsdür.
- Gələcəkdə başqa ölkələrdə də Azərbaycan dili dərslərinin təşkilini genişləndirmək üçün hansı addımlar vacibdir?
- İlk növbədə, bu cür layihələrin davamlı və sistemli şəkildə həyata keçirilməsi vacibdir. Bir ölkədə Azərbaycan dilinə maraq yaranırsa, həmin marağın davam etməsi üçün müvafiq tədris proqramları, dərsliklər, rəqəmsal resurslar və müəllim dəstəyi təmin olunmalıdır.İkinci mühüm istiqamət yerli məktəblərlə əməkdaşlığın gücləndirilməsidir. Azərbaycan dili dərslərinin məktəblərin tədris və ya dərsdənkənar fəaliyyət sisteminə uyğun şəkildə təşkil olunması daha çox şagirdin bu imkandan yararlanmasına şərait yarada bilər.
Bununla yanaşı, mədəni tədbirlər, ədəbiyyat və kino günləri, onlayn dərslər, şagird mübadiləsi proqramları və Azərbaycan universitetləri ilə əməkdaşlıq da əhəmiyyətlidir.
Ən vacib məqam isə bu layihələrin bir dəfə həyata keçirilən təşəbbüs olaraq qalmamasıdır. Davamlılıq təmin olunarsa, bu gün Azərbaycan dilini öyrənən şagirdlər gələcəkdə ölkələrimiz arasında əlaqələrin qurulmasına töhfə verən gənclərə çevrilə bilərlər.
- Əgər şagirdlərinizdən biri gələcəkdə Azərbaycana gəlib burada təhsil almaq və ya yaşamaq istədiyini desə, bu, sizin üçün nə ifadə edərdi?
- Bu, mənim üçün çox böyük sevinc və qürur olardı. Çünki müəllimin əməyinin nəticəsini görməsi onun üçün ən dəyərli hisslərdən biridir.
Əgər şagirdlərimdən biri Azərbaycan dilini öyrəndikdən sonra ölkəmizə gəlmək, universitetlərimizdə təhsil almaq, mədəniyyətimizi daha yaxından tanımaq istəyərsə, bunu fəaliyyətimizin mühüm nəticələrindən biri hesab edərəm.
Arzu edərdim ki, gələcəkdə Azərbaycanla Qırğızıstan arasında şagird və tələbə mübadiləsi imkanları daha da genişlənsin, qırğız gəncləri Azərbaycan universitetlərində təhsil almaq, ölkəmizin tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazansınlar.
Mənim üçün ən gözəl nəticələrdən biri şagirdlərimin bir gün Azərbaycana gəlib “Biz bu ölkəni diliniz vasitəsilə tanımışıq” deməsidir.
- Qırğızıstanda keçirdiyiniz günlər ərzində Azərbaycan haqqında özünüzün də fərqli düşünməyinizə səbəb olan hadisə və ya müşahidə olubmu? Bu təcrübə sizə nə öyrədib?

- Düşünürəm ki, bu, müsahibənin ən maraqlı və mənim üçün ən duyğusal suallarından biridir. Mən Vətənimi də, dövlətimi də həmişə çox sevmişəm. Məni tanıyan insanlar doğmalarım, şagirdlərim, onların valideynləri və həmkarlarım bunu yaxşı bilirlər. Ancaq Qırğızıstana gəldikdən sonra Vətənimi əvvəlkindən də çox sevməyi, dövlətimlə daha çox fəxr etməyi öyrəndim. Bəzən insanın öz ölkəsinə olan sevgisi və bağlılığı vətəndən uzaqda daha dərindən üzə çıxır.
Burada məni ən çox təsirləndirən məqamlardan biri qırğız xalqının Azərbaycan dövlətinə münasibəti oldu. Qırğızıstanda insanların Azərbaycanı qardaş ölkə, Azərbaycan dövlətini isə dostluğa, həmrəyliyə və yardımlaşmaya önəm verən bir dövlət kimi qəbul etməsi məndə xüsusi hisslər oyatdı. Mən bir daha anladım ki, dövlətimizin beynəlxalq münasibətlərdə qazandığı hörmət və qardaş xalqların yaddaşında yaratdığı müsbət obraz nə qədər qiymətlidir. İnsan öz dövlətinə olan sevgini bir də başqa bir xalqın həmin dövlətə bəslədiyi hörmətin içində görəndə bu hiss daha da güclənir.
Məni sevindirən digər məqam isə layihə çərçivəsində mənimlə mütəmadi maraqlanmalarıdır. Layihənin təşkilatçılarının vəziyyətimlə maraqlanması, Qırğızıstandakı Azərbaycan səfirliyinin nümayəndələrinin, xüsusilə Azərbaycanın Qırğız Respublikasındakı səfiri cənab Lətif Qəndilovun diqqət və qayğı göstərməsi, eləcə də diaspor rəhbərliyinin mənimlə əlaqə saxlaması mənə böyük mənəvi dəstək verir. Vətəndən uzaqda olduğun zaman dövlətinin nümayəndələrinin səninlə maraqlandığını, özünü tək hiss etməməyin üçün diqqət göstərdiklərini görmək insana xüsusi güvən verir. Mən burada özümü yalnız bir müəllim kimi deyil, arxasında dövləti, xalqı və milli dəyərləri dayanan bir Azərbaycan vətəndaşı kimi hiss edirəm.
Bu diqqət mənə bir daha göstərdi ki, Azərbaycanı təmsil etmək böyük məsuliyyət olduğu qədər, həm də böyük şərəfdir. Mən burada yalnız Azərbaycan dilini tədris etmirəm; hər davranışımla, hər sözüm və fəaliyyətimlə ölkəmiz haqqında müəyyən təsəvvür yaradıram. Buna görə də üzərimə düşən məsuliyyəti daha dərindən hiss edirəm.
Ən əsası isə qırğız xalqının bizə qardaş münasibəti mənim azərbaycanlı olmağımla fəxr hissimi daha da gücləndirdi. Mən Vətənimi sevirdim, amma burada bu sevginin daha dərin qatlarını kəşf etdim. Dövlətimin gücünün yalnız iqtisadi və siyasi imkanlarla deyil, başqa xalqların qəlbində qazandığı hörmət, etimad və rəğbətlə də ölçüldüyünü daha aydın anladım.
Bu təcrübə mənə öyrətdi ki, insan öz ölkəsinin dəyərini bəzən vətəndən uzaqda daha dərindən dərk edir. Bu gün mən Azərbaycanıma, dövlətimə və xalqıma əvvəlkindən daha böyük sevgi və qürurla bağlıyam. Və ürəkdən inanıram ki, Azərbaycanı dünyanın harasında təmsil ediriksə, bunu ləyaqətlə, məsuliyyətlə və Vətən sevgisi ilə etməliyik.
Mən burada Vətənimi ikiqat, üçqat sevməyi öyrəndim. Çünki bir xalqın sizin dövlətinizə qardaş gözü ilə baxması, ona hörmət və minnətdarlıqla yanaşması sizə öz dövlətinizin vətəndaşı olmağın nə qədər böyük dəyər daşıdığını bir daha hiss etdirir. Bu gün azərbaycanlı olmağımla daha çox fəxr edirəm.
- Fəaliyyətinizin sonunda şagirdlərdə hansı nəticəni görmək istərdiniz?
- Azərbaycan dilində danışmaları daha vacibdir, yoxsa ölkəmizi tanımaları və mənəvi yaxınlıq hiss etmələri? İstərdim ki, fəaliyyətimin sonunda şagirdlər həm Azərbaycan dilində müəyyən səviyyədə ünsiyyət qurmağı bacarsınlar, həm də Azərbaycanı tanısınlar, ölkəmizin tarixinə və mədəniyyətinə hörmətlə yanaşsınlar.
Məncə, bu iki məqsədi bir-birindən ayırmaq olmaz. Dil ünsiyyət vasitəsidir, mədəniyyət isə həmin ünsiyyətə məna və dərinlik verir. Şagird Azərbaycan dilində danışa bilirsə, bu, çox gözəl nəticədir. Ancaq həmin dil vasitəsilə xalqımızın ədəbiyyatını, musiqisini, adət-ənənələrini tanıyırsa və ölkəmizə qarşı səmimi maraq hiss edirsə, bu, daha geniş bir uğurdur.
Mənim arzum odur ki, şagirdlərim gələcəkdə harada olurlarsa-olsunlar, Azərbaycan haqqında xoş təəssüratlarını bölüşsünlər, ölkəmizi tanısınlar və Azərbaycan-Qırğızıstan dostluğunun möhkəmlənməsinə öz töhfələrini versinlər.
Çünki mənim üçün müəllimlik yalnız dil öyrətmək deyil, həm də insanlar arasında körpü salmaqdır. Bu gün həmin körpünü Azərbaycan dili vasitəsilə qururuq.